Azərbaycan peşəkar vokal sənətinin banisi, opera müğənnisi, təsnif ifaçısı, professor, SSRİ xalq artisti Məmmədov Murtuza Məşədi Rza oğlu (Bülbül) 1897- ci il iyunun 22-də Şuşada anadan olmuşdur. İlk musiqi təhsilini 1907-ci ildə 10 yaşında olarkən Şuşa musiqi məktəbində almışdır. Şuşalılar Murtuzanı uşaq vaxtından özünəməxsus oxu tərzi, məlahətli səsinə görə Bülbül çağırırdılar. Uşaqlıq illərində ona verilmiş Bülbül adı sonradan onun parlaq istedadını əks etdirən artistlik təxəllüsünə çevrilmişdir. Bülbül səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır.