Xəbərlər

Prezident Kitabxanasında Mirzə Ələkbər Sabirin irsinə həsr olunmuş virtual kolleksiya hazırlanıb

Prezident Kitabxanasında Mirzə Ələkbər Sabirin irsinə həsr olunmuş virtual kolleksiya hazırlanıb

Prezident Kitabxanasında Mirzə Ələkbər Sabirin irsinə həsr olunmuş virtual kolleksiya hazırlanıb

Prezident Kitabxanasının “Kolleksiyalar” bölməsinin “Ədəbi irs” adlı alt bölməsində Azərbaycan satirik poeziyasının görkəmli nümayəndəsi, maarifçi şair və mütəfəkkir Mirzə Ələkbər Sabirin zəngin irsinə həsr olunmuş virtual kolleksiya hazırlanıb.

Mirzə Ələkbər Sabir Azərbaycan ədəbiyyatı tarixində tənqidi realizmin ən görkəmli nümayəndələrindən biri, milli ictimai fikrin inkişafına mühüm təsir göstərmiş qüdrətli söz ustası kimi tanınır. O, çoxəsrlik Azərbaycan poeziyasının zəngin ənənələrini yaradıcı şəkildə davam etdirməklə yanaşı, ədəbiyyatımıza yeni məzmun və ideyalar gətirmiş, satirik poeziyanı ictimai tənqid və maarifçilik düşüncəsinin təsirli ifadə vasitəsinə çevirmişdir. Sabirin yaradıcılığı dövrün sosial-mədəni proseslərinin, ictimai ziddiyyətlərinin və mənəvi mühitinin bədii ifadəsi kimi Azərbaycan ədəbi fikir tarixində mühüm yer tutur.

XX əsrin əvvəllərində Azərbaycanda milli oyanış, maarifçilik və ictimai yeniləşmə meyillərinin gücləndiyi bir dövrdə fəaliyyət göstərən şair “Molla Nəsrəddin” jurnalı ətrafında formalaşmış ədəbi mühitin aparıcı simalarından biri olmuşdur. Onun satirik əsərlərində cəhalət, fanatizm, sosial ədalətsizlik, hüquqsuzluq, mövhumat və digər ictimai-mənəvi problemlər kəskin tənqid edilmiş, cəmiyyət elmə, təhsilə, tərəqqiyə, milli özünüdərkə və vətəndaş məsuliyyətinə çağırılmışdır. Şairin yaradıcılığının zirvəsi hesab olunan “Hophopnamə” Azərbaycan satirik poeziyasının ən mühüm nümunələrindən biri kimi milli ədəbi irsdə xüsusi yer tutur.

Virtual kolleksiyada Mirzə Ələkbər Sabirin əsərlərinin müxtəlif dövrlərdə nəşr olunmuş nümunələri, “Hophopnamə”nin müxtəlif nəşrləri, seçilmiş əsərləri və satiraları, müxtəlif dillərdə işıq üzü görmüş nəşrlər, eləcə də Azərbaycan ədəbi fikri, mətbuat tarixi, maarifçilik hərəkatı və milli-mədəni inkişaf kontekstində Sabir irsini işıqlandıran elmi, ədəbi və biblioqrafik mənbələr təqdim olunur. Toplanmış materiallar böyük şairin yaradıcılığının müxtəlif istiqamətlər üzrə öyrənilməsi, onun ədəbi-estetik baxışlarının və maarifçilik ideyalarının daha sistemli şəkildə araşdırılması üçün geniş imkanlar yaradır.

Hazırlanmış virtual kolleksiya tədqiqatçılar, filoloqlar, müəllim və tələbələr, kitabxana mütəxəssisləri, eləcə də Azərbaycan ədəbiyyatı və milli-mədəni irsi ilə maraqlanan geniş oxucu auditoriyası üçün faydalı informasiya resursudur. Kolleksiya Mirzə Ələkbər Sabirin zəngin ədəbi irsinin daha geniş tanıdılmasına, yaradıcılığına marağın artırılmasına və onun maarifçilik ideyalarının müxtəlif oxucu qrupları tərəfindən daha dərindən öyrənilməsinə xidmət edir.

Kolleksiya: Ədəbi irs
Mirzə Ələkbər Sabir

Mirzə Ələkbər Sabir

Mirzə Ələkbər Sabir Azərbaycan ədəbiyyatı tarixində tənqidi realizmin ən görkəmli nümayəndələrindən, milli ictimai fikrin inkişafında mühüm rol oynamış qüdrətli söz ustalarından biridir. O, çoxəsrlik Azərbaycan poeziyasının zəngin ənənələrini yaradıcı şəkildə…