Mirzə Ələkbər Sabir Azərbaycan ədəbiyyatı tarixində tənqidi realizmin ən görkəmli nümayəndələrindən, milli ictimai fikrin inkişafında mühüm rol oynamış qüdrətli söz ustalarından biridir. O, çoxəsrlik Azərbaycan poeziyasının zəngin ənənələrini yaradıcı şəkildə davam etdirməklə yanaşı, ədəbiyyatımızı yeni məzmun və ideyalarla zənginləşdirərək onu keyfiyyətcə daha yüksək inkişaf mərhələsinə yüksəltmişdir. Sabirin yaradıcılığı xalqın ictimai-siyasi, mənəvi və mədəni həyatında baş verən hadisələrin bədii salnaməsi kimi böyük əhəmiyyət kəsb edir. XX əsrin əvvəllərində Azərbaycanda milli oyanış, maarifçilik və azadlıq ideyalarının geniş yayıldığı bir dövrdə fəaliyyət göstərən şair "Molla Nəsrəddin" ədəbi məktəbinin aparıcı simalarından biri olmuşdur. Onun satirik şeirləri cəmiyyətdə mövcud olan sosial ədalətsizlikləri, geriliyi, cəhaləti, fanatizmi, mövhumatı, hüquqsuzluğu və mənəvi naqislikləri kəskin tənqid etmişdir. Sabir öz qələminin gücü ilə xalqı elmə, təhsilə, tərəqqiyə, milli özünüdərkə və vətəndaş məsuliyyətinə çağırmışdır. Şairin yaradıcılığının zirvəsi hesab olunan "Hophopnamə" Azərbaycan satirik poeziyasının ən qiymətli abidələrindən biridir. Bu əsərdə dövrün ictimai problemləri, xalqın həyat tərzi, milli-mənəvi dəyərləri və gələcəyə baxışı yüksək bədii ustalıqla əks olunmuşdur. Sabirin satirası yalnız öz dövrünün deyil, sonrakı dövrlərin də ictimai düşüncəsinə təsir göstərmiş, milli ədəbiyyatın inkişaf istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynamışdır. Təqdim olunan virtual kolleksiyanınməqsədi böyük şairin milli ədəbi-mədəni irsimizdəki yerini işıqlandırmaq, onun maarifçilik ideyalarını və bədii irsini geniş oxucu auditoriyasına çatdırmaq, eyni zamanda Sabir yaradıcılığına marağın daha da artırılmasına xidmət etməkdir.