Görüşlər

Gallery [2]
18.12.2023

18 dekabr 2023-cü ildə Azərbaycana səfəri çərçivəsində Tacikistan Milli Kitabxanasının direktor müavini Zafar Saidov və Kitabxana işinin avtomatlaşdırılması şöbəsinin müdiri Xoji Akbari Prezident Kitabxanasında oldular. Qonaqları Prezident Kitabxanasının direktor müavini Kamalə Sarıcalinskaya və Kitabxana-biblioqrafiya xidməti bölməsinin müdiri Sonaxanım Abasova müşayət edərək incəsənət zalı, oxu zalı, internet zalı, abonament bölməsi, həmçinin nadir kitab fondu və konfrans zalı ilə tanış ediblər. Qonaqlara Prezident Kitabxanasının internet səhifəsi nümayiş etdirilib, kitabxananın yaranma tarixi, kitabxana əməkdaşları tərəfindən daim yenilənən layihələr haqqında ətraflı məlumat verilib. Müzakirələr zamanı hər iki kitabxana arasında daha sıx əməkdaşlıq edilməsi, dövri nəşrlərin, eləcə də ölkələrimizin ictimai-siyasi həyatına, iqtisadiyyatına, mədəniyyətinə dair kitabların mübadiləsi məqsədəyönlü hesab edilib.
 

Gallery [3]
07.12.2023

2023-cü il 7-8 dekabr tarixlərində Prezident Kitabxanasının Kitabxana-biblioqrafiya xidməti bölməsinin böyük məsləhətçi-bölmə müdiri Sonaxanım Abasova Minsk şəhərində Belarus Respublikası Prezident Kitabxanasının yaranmasının 90 illik yubileyinə həsr olunmuş "İnformasiya mədəniyyəti və informasiya texnologiyaları: Prezident kitabxanalarının rolu" adlı beynəlxalq konfransda iştirak etmişdir.
Konfransda Azərbaycan, Rusiya, Qazaxıstan, Belarus Prezident kitabxanalarının nümayəndələri, Belarus Respublikasının dövlət və hökumət orqanlarının məsul əməkdaşları, elm və mədəniyyət xadimləri iştirak edirdilər.
Konfrans iştirakçıları konfransda qaldırılan məsələlərin əhəmiyyətini, qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğuladılar. Konfransda xüsusi məruzə ilə çıxış edən S. Abasova Belarus Prezident Kitabxanasının fonduna "İlham Əliyev - Böyük yolun Müzəffər davamçısı", "Карабах - дорогами победы" adlı kitabları və Azərbaycan xalçası (suvenir) hədiyyə etmişdir.
Konfrans iştirakçılarının Belarus Respublikasının Prezident Kitabxanasına, Milli Kitabxanasına, Müasir Belarus Dövlətçilik Muzeyinə, Belarusiya Dövlət Böyük Vətən Müharibəsi Tarixi Muzeyinə maraqlı ekskursiyaları da təşkil edilmişdir.
 

Gallery [2]
23.11.2023

23 noyabr 2023-cü ildə Türkiyə Böyük Millət Məclisinin Kitabxana və Arxiv xidmətləri başqanı Arif Şayık Prezident Kitabxanasında olmuşdur. Arif Şayık  və onu müşayiət edən qonaqlar kitabxananın İncəsənət ədəbiyyatı zalı, Böyük oxu zalı, Nadir ədəbiyyat fondu və Konfrans zalında təşkil edilmiş sərgilərə baxmışlar. Elektron resurslar zalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanı dünyaya tanıdan Lider” fotosərgisi qonaqlarınböyük marağa səbəb olmuşdur.
Görüşdə dövlət idarəetmə orqanlarında kitabxana-biblioqrafiya xidmətinin təşkili, türk xalqlarının dillərində olan nəşrlərin elektron kitabxanasının yaradılması, kitabxanalarla əməkdaşlığın gücləndirilməsi, kitab mübadiləsi, təcrübə mübadiləsi və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.

Gallery [9]
21.08.2023

2023-cü il 21-25 avqust tarixlərində Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov və Proqram təminatı qrupunun rəhbəri-aparıcı məsləhətçi Tuncay Hüseynzadə Niderland Krallığının Rotterdam şəhərində 88-ci Ümumdünya Kitabxana və İnformasiya Konqresində (İFLA) iştirak etmişdir. 
Konfransa dünyanın 100 ölkəsindən 3000-dən çox qonaq qatılmışdı. Tədbirdə ölkəmizi Prezident Kitabxanası ilə bərabər ADA və UNEC Universitetlərinin nümayəndələri də təmsil edirdi. Qonaqları Niderland Krallığının şəhzadəsi Laurentin, İFLA prezidenti Barbara Lison, Mədəniyyət, təhsil və elm naziri Robert Dijkgroof və digər rəsmi şəxslər salamladılar. Çıxış edənlər "Let's work together! Let's library" şüarını önə çəkərək dayanıqlı inkişaf üçün kitabxanaların gələcək hədəfləri istiqamətində yeni ideyaları birgə müzakirə etməyə və əməkdaşlığı genişləndirməyə çağırmışlar. Panel iclaslarında dünya kitabxana işi, kitabxanalararası əməkdaşlıq, kitabxana resurslarının əlyetərliliyi, nəşriyyat işi, virtual arxiv və kitabxana xidmətləri, informasiya texnologiyaları və süni intellektin kitabxana işində tətbiqinə dair ətraflı müzakirələr aparılmışdır.
Prezident Kitabxanasının nümayəndələri həm də Rotterdam şəhər kitabxanasında olmuş, bu zəngin kitabxananın fonduna ölkəmizin tarixi, incəsənəti, musiqisi haqqında Heydər Əliyev Fondunun nadir nəşrlərini hədiyyə etmişdir. Həmçinin Niderland Krallığının Haaqa şəhərində yerləşən Milli Kitabxanasında, Haaqa Koninklijke şəhər kitabxanasında, Rotterdam şəhər Züidplein Kitabxanasında, Rotterdam Maritiem Muzeyi Kitabxanasında görüşlər keçirmiş, bu kitabxanaların iş metodları ilə tanış olmuş, qarşılıqlı əməkdaşlıq, təcrübə mübadilələri üçün imkanlar müzakirə edilmişdir.

Gallery [6]
22.11.2021

2021-ci ilin noyabrın 22-də BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən bu təşkilata üzv inkişaf etməkdə olan ölkələr üçün “Ətraf mühit üzrə fəaliyyətin icmalı hesabatı”nın (Environmental Performance Review) hazırlanmasını həyata keçirən beynəlxalq ekspertlər - Nataliya Qolovko və Anjela Soxirka Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasını ziyarət etmişlər. 
Görüşdə qonaqlar əsasən, Prezident Kitabxanasının ekoloji maarifləndirmə sahəsindəki fəaliyyəti ilə maraqlanmış və bu sahədə hazırlamış elektron resurslarla tanış olmuşlar. Kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Azərbaycan ekologiyası” sənəd-informasiya resursu və “Ekologiya” adlı məlumat-informasiya bülleteni haqqında qonaqlara geniş məlumat verilmiş, onları maraqlandıran suallar mütəxəssilər tərəfindən cavablandırılmışdır. Görüşdən razı qalan beynəlxalq ekspertlər öz hesabatlarında bu barədə məlumat verəcəklərini qeyd etmişlər.