Görüşlər

Gallery [9]
25.11.2008

2008-ci ilin noyabrın 25-də Kitabxana Assosiasiyaları və Təsisatları Beynəlxalq Federasiyasının (İFLA) prezidenti xanım Ellen Tise Prezident Kitabxanasında olmuşdur. Xanım E.Tisen Prezident Kitabxanasının fondunda dövlət quruculuğu, ölkəşünaslıq, ictimai-siyasi, hüquqi, iqtisadiyyat, incəsənət, ədəbiyyatşünaslıq, dilçilik bölmələrinə maraqla tamaşa etmişdir. Qonaq kitabxananın şəraiti, şöbələrin fəaliyyəti ilə tanış olmuşdur. Kitabxananın fondundan, zalların müasirliyindən razı qalan xanım Ellen Tise bu elm və mədəniyyət ocağı barədə müsbət fikirlər söyləmişdir. O bildirmişdir ki, İFLA-nın növbəti konfransında Azərbaycan kitabxanalarının İFLA-da geniş təbliği və əməkdaşlığın hərtərəfli inkişafı üçün əlindən gələni edəcəkdir. Görüş çərçivəsində E.Tisen jurnalistlərin və əməkdaşların suallarına cavab vermişdir. O, dünyanın heç bir yerində azərbaycanlıların qonaqpərvərliyi, sevgisi qədər xoş münasibət görmədiyini bildirmişdir.

Gallery [9]
18.03.2008

2008-ci ilin martın 18-də Rusiya Federasiyasının Azərbaycandakı səfiri V. İstratov Prezident Kitabxanasına kitablar hədiyyə etmişdir. Səfirə bildirilmişdir ki, Prezident Kitabxanası Azərbaycan tarixi, iqtisadiyyatı, mədəniyyəti, incəsənəti, dövlət başçısının xarici və daxili siyasəti, Ümummilli lider Heydər Əliyevin zəngin irsi barədə faktoqrafik elektron resurslar hazırlayıb istifadəçilərə təqdim edir. V. İstratov demişdir ki, Humanizm, məhəbbət, mənəvi kamillik kimi ümumbəşəri dəyərləri təbliğ edən Rusiya klassiklərinin əsərləri həmişə oxunaqlı olmuşdur. Bu baxımdan, hədiyyə edilən böyük kolleksiya kitabxananın gələcək fəaliyyətinə kömək edəcəkdir. Səfir V. İstratov bildirmişdir ki, Prezident kitabxanasına kitablar ilk dəfə təqdim olunur və təcrübə göstərir ki, oxucusunu tapacaqdır. Onun sözlərinə görə, kitabların siyahısı formal məntiq əsasında tərtib edilmişdir. Gələcək əməkdaşlıq isə tələbat və təklif prinsipinə uyğun qurulacaqdır. Mərasimin sonunda V. İstratova ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən yeni kitablar təqdim edilmiş, səfir Prezident Kitabxanasının fondu ilə tanış olmuşdur.

Gallery [6]
27.12.2007

2007-ci ilin dekabrın 27-də Prezident Kitabxanasında Misir Ərəb Respublikasının İsgəndəriyyə kitabxanasının direktoru İsmayıl Serageldin ilə görüş keçirilmişdir. Ölkəmizdə işgüzar səfərdə olan qonağa Prezident Kitabxanasının yaradılması və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. İ.Serageldinə kitabxananın strukturu, burada həyata keşitilən layihələr, hazırlanan tammətli elektron nəşrlər, elektron biblioqrafik göstəricilər, məlumat bülletenləri haqqında da məlumat verilmişdir. Qonaq kitabxanada nümayiş olunan “Azərbaycan-Misir ədəbiyyatşünaslığı yeni mərhələdə” adlı kitab sərgisinə də baxmışdır. İ.Serageldinə İsgəndəriyyə kitabxanası üçün kitab hədiyyə edilmişdir. Qonaq xatirə kitabına ürək sözlərini yazmışdır.

Gallery [9]
30.03.2007

2007-ci ilin martın 30-da Latviya Respublikasının elektron hökumət işləri üzrə xüsusi tapşırıqlar naziri xanım İna Qudele və onu müşayiət edən şəxslər Prezident Kitabxanasında olmuşlar. Qonaq kitabxananın zallarını gəzmiş, buradakı sərgilərə baxmışdır. O, 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş guşədəki eksponatlara maraq göstərmiş və demişdir ki, biz də belə hadisə yaşadığımız üçün sizi yaxşı başa düşürəm. Sonra dəyirmi masa ətrafında davam edən görüşdə qonaqlara kitabxana haqqında ətraflı məlumat verilmişdir. İna Qudele ölkəsində belə kitabxana olmadığını qeyd etmiş və burada görülmüş işlərə heyranlığını gizlətməmişdir. Latviyalı nazir kitabxana proseslərinin avtomatlaşdırılması sisteminə, kitabxanada müasir informasiya texnologiyalarının tətbiqinə böyük maraq göstərmiş, kitab mübadiləsinin vacibliyini vurğulamışdır. Kitabxananın mütəxəssisləri qonaqları maraqlandıran suallara cavab vermişlər. İna Qudele fəxri qonaqlar kitabına ürək sözlərini yazmış, kitabxanaya Latviya haqqında kitab təqdim etmişdir. Qonağa Xocalı soyqırımından və Azərbaycandan bəhs edən kitablar hədiyyə olunmuşdur.

Gallery [14]
27.06.2006

2006-cı ilin iyunun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident Kitabxanasında olmuşdur. Prezident İlham Əliyev kitabxananın nadir ədəbiyyat fondu, kitabxana-biblioqrafiya xidməti və oxu zalları ilə tanışlıqdan sonra fondun kataloqlaşdırılması və elektron nəşrlərlə komplektləşdirilməsi ilə maraqlandı. Dövlət başçısına bildirildi ki, elektron nəşrlərə ümummilli lider Heydər Əliyevin 1993-2003-cü illərdə ölkəmizə rəhbərlik etdiyi zaman söylədiyi nitqləri, məruzələri, çıxışları, müsahibələri, habelə 2003-cü ilin oktyabr ayından başlayaraq, Prezident İlham Əliyevin müxtəlif tədbirlərdəki nitq və çıxışları, həmçinin müsahibələri daxildir. Elektron nəşrlərdə ölkəmizin ictimai-siyasi və mədəni həyatının ən mühüm sahələrini əks etdirən materiallar da toplanır. Azərbaycan Prezidenti kitabxananın fondunun daha da zənginləşdirilməsi, habelə madi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tövsiyələrini verdi.