5 noyabr 2012-ci ildə Prezident Kitabxanasında Bakıda keçirilən Beynəlxalq İnternet İdarəçiliyi Forumunun iştirakçıları - Stuart Hamilton, Ari Kats və İrina Truşına Azərbaycan kitabxanalarının nümayəndələri ilə görüş keçirmişlər. Beynəlxalq Foprum çərçivəsində keçirilən bu görüşdə kitabxanaların qlobal internet şəbəksindən kəsintisiz istifadəsi və informasiya texnologiyaları sahəsində yeniliklərinin kitabxana işinə tətbiqindən geniş söhbət açılmışdır. Görüş qarşılıqli dialoq və sual-cavab formasında keçirilmişdir. Qeyd olunmuşdur ki, bu cür müzakirələr ümumi işin daha da yaxşılaşdırılmasına kömək edir.
2012-ci il martın 12-də M. İ. Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Geniyeva Yekaterina Yuryevnanın rəhbərlik etdiyi nümayəndə heyətinin Prezident Kitabxanası əməkdaşları ilə görüşü keçirilmişdır. Qonaqlar əvvəlcə Kitabxananın İncəsənət şöbəsi, İnternet zalı, Oxu zalı, Nadir Ədəbiyyat fondu ilə tanış oldular. Sonra Konfrans zalda hər iki Kitabxananın aparıcı mütəxəssislərinin iştirakı ilə ikitərəfli əməkdaşlığa, təcrübə mübadiləsinə, yeni texnologiyaların tədbiqinə, kitab mübadiləsinə dair müzakirələr aparıldı. Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov qonaqlara kitabxana haqqında ətraflı məlumat verdi, onların müxtəlif suallarını cavablandırdı. Rusiya Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Y. Y. Geniyeva, icraçı direktor G. A. Petrov, direktor müavini A.S. Qoroxova öz işləri barədə danışdılar, ikitərəfli əlaqələrin qurulmasından, nadir kitabların bərpa edilməsi sahəsindəki təcrübələrindən və yeni nəşrlərin komplektləşdirilməsi sahəsində birgə fəaliyyət göstərməyin istiqamətləri barədə təkliflər verdilər, Prezident Kitabxanasına öz nəşrləri olan “Acıq rəf” seriyasından dörd adda yeni kitab hədiyyə etdilər.
2012-ci il fevralın 14-də Rusiya Dövlət Kitabxanasının baş direktoru Aleksandr Vislıyın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Prezident Kitabxanasında olmuşdur. Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov qonaqlara kitabxanada görülən işlər haqqında ətraflı məlumat vermişdir. Rusiya Dövlət Kitabxanası ilə əməkdaşlığın Prezident Kitabxanasına böyük fayda gətirdiyi vurğulanmış və gələcəkdə əməkdaşlıq formalarının daha da genişləndirilməsi üçün razılıq əldə edilmişdir. Rusiya Dövlət Kitabxanasının tarixi, strukturu, zəngin fondları haqqında məlumat verən Aleksandr Vislıy müəllif hüquqlarının qorunması şərti ilə elektron resursların yaradılması sahəsində görülən işlərdən danışmışdır. Prezident Kitabxanasının əməkdaşlarının elektron kitabxana, elektron resurslar, kitabxana işinin avtomatlaşdırılması, nadir kitab nümunələrinin elektron variantının hazırlanmasına dair maraqlı sual və təklifləri qonaqlar tərəfindən hərtərəfli cavablandırılmışdır. Sonda qonaqlara Azərbaycan Respublikasının Prezidenti haqqında nəfis şəkildə nəşr olunmuş kitab və xatirə hədiyyəsi təqdim edilmişdir.
2011-ci il 5 noyabr tarixində OCLC (Onlayn Kompyuter Kitabxana Mərkəzi) təşkilatının MDB ölkələri üzrə koordinatoru Reyn van Haldropinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Prezident Kitabxanasında “OCLC: üzvülük və servislər yeni erada” mövzusunda görüş keçirilmişdir. Kitabxana sahəsi üzrə beynəlxalq ekspertlərin iştirak etdiyi görüşdə informasiya, toplu katalaoq və avtomatlaşdırmaya dair mütəxəssislərin fikirləri dinlənilmişdir. Görüşün məqsədi Prezident Kitabxanasının dünya informasiya məkanına inteqrasiyası və onun həlli yollarını müzakirə etməkdən ibarət olmuşdur. Bu sahədə yarana biləcək problemlərin aradan qaldırılması üçün OCLC-i ekspertləri xüsusi tədbirlər görəcəklərini öhdələrinə götürmüşlər. Gələcəkdə də belə səmərəli görüşlərin keçirilməsi üçün razılıq əldə olunmuşdur.
2011-ci ilin sentyabrın 14-də ölkəmizdə səfərdə olan Çexiya Milli Kitabxanasının baş direktoru Tomaş Böhm və Çexiya Milli Muzeyinin direktoru Mixail Lukeş Prezident Kitabxanasında olmuşlar. Qonaqlara kitabxana haqqında ətraflı məlumat verilmiş, kitabxananın fondları və oxu zallarına baxış keçirilmişdir. Nadir ədəbiyyat fondu qonaqlarda xüsusi maraq oyatmışdır. Görüş zamanı qeyd olunmuşdur ki, Çexiya Milli Kitabxanasının fondunda Azərbaycana aid ədəbiyyatlar da qorunmaqdadır. Gələcəkdə Nizami Gəncəvinin əsərlərindən ibarət sərginin Praqada təşkil olunmasını təklif edəcəklərini söyləmişlər. Qonaqlar Prezident Kitabxanasındakı görüşdən məmnunluğunu bildirmişlər.