2013-cü ilin noyabrın 25-də “Amerika Kitabxanaları” jurnalının keçmiş baş redaktoru Leonard Kriffel Prezident Kitabxanasına gəlmişdir. Qonaq Prezident Kitabxanasının iş fəaliyyəti, kitabxananın fondu, oxu zalları və elektron resursları ilə tanış oldu. Görüşdə müasir kitabxanaların inkişaf problemləri ilə bağlı geniş fikir mübadiləsi aparıldı. L. Kriffel son illər Azərbaycanda kitabxana işinin vəziyyəti ilə daha çox maraqlandığını və onun dinamik inkişafda olduğunu qeyd etmişdir.
2013-cü ilin sentyabrın 26-da Avropa Milli Kitabxanaları Konfransının Bakıda keçirilən XXVII illik iclasının iştirakçısı, Boris Yeltsin adına Rusiya Federasiyası Prezident Kitabxanasının baş direktoru Aleksandr Verşinin Prezident Kitabxanasında olmuşdur. Əvvəlcə Prezident Kitabxanasının fondları və iş prinsipi ilə tanış olan qonaq həm də rəhbərlik etdiyi kitabxana haqqında həmkarlarına ətraflı məlumat vermişdir. Aleksandr Verşinin bildirmişdir ki, əsası 2007-ci ildə Sankt-Peterburq şəhərində qoyulan Boris Yeltsin adına Prezident Kitabxanası Federal büdcədən maliyyələşdirilir və o, Rusiyada milli kitabxana statusuna malik olan üç kitabxanadan biridir. Aleksandr Verşinin daha sonra bildirmişdir ki, direktoru olduğu kitabxananın fondlarının əsasını nadir tarixi sənədlər və kitablar, əvvəllər istifadəsinə məhdudiyyət qoyulan arxiv sənədləri, çar Rusiyası dövrünün fərmanları, audio və videoxronikalar və s. təşkil edir. Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov həmkarına son 10 il ərzində kitabxanada görülən işlər, yaradılan elektron resurslar haqqında ətraflı məlumat vermiş, təcrübə mübadiləsinin kitabxanaların fəaliyyətinin daha da yaxşılaşdırılması işində mühüm amil olduğunu vurğulamışdır. Görüşün sonunda qonağa xatirə hədiyyəsi təqdim edilmişdir.
2013-cü il sentyabrın 26-da Avrasiya Kitabxanaçılar Birliyinin başqanı Suna Gercik və başqan yardımçısı Ekrem İşıq Prezident Kitabxanasının kollektivi ilə görüşmüşlər. Görüşdə bu beynəlxalq qurum çərçivəsində Türkdilli dövlətlərin aparıcı kitabxanalarının yenilikçi iş təcrübələri sahəsində əməkdaşlıqlarının vacibliyi vurğulandı, türkdilli xalqların vahid elektron kitabxanasının yaradılması ideyası dəstəkləndi. Görüş zamanı Prezident Kitabxanasına Turkiyədə nəşr olunan kitabların və dövri nəşrlərin alınması məqsədilə danışıqlar aparılmışdır. Qonaqlar kitabxananın fəaliyyəti ilə tanış oldular və onun fonduna Türkiyənin tarixinə, mədəniyyətinə dair kitablar hədiyyə verdilər.
2013-cü il sentyabrın 25-də Litva Respublikasının Martinas Majvidas adına Milli Kitabxanasının baş direktoru Renaldas Qudauskas Prezident Kitabxanasını ziyarət etmişdir. Baş direktor Prezident Kitabxanasının kollektivi ilə keçirilən görüşün maraqlı və əhəmiyyətli olduğunu bildirdi. Prezident Kitabxanasının iş fəaliyyəti haqında qonaga ətraflı məlumat verildi. Görüşün sonunda Litva Respublikasının Milli Kitabxanası ilə Prezident Kitabxanası arasında ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə Memorandum imzalandı. Bu Memorandumun hər iki kitabxananın oxucuları üçün çox faydalı olacağı qeyd edilmişdir. Memorandumda elektron resursların mübadiləsi, sənədlərin konservasiya və qorunması məsələləri xüsusi vurğulanır.
3 dekabr 2012-ci ildə Yunanıstan Milli Kitabxanasının direktor müavini Antonia Arahova Prezident Kitabxanasında olmuşdur. Qonaq Prezident Kitabxanasının fondları, oxu zalları, elektron resursları ilə tanış olduqdan sonra, kitabxana kollektivi ilə görüşmüşdür. Görüşdə informasiya texologiyalarının müasir durumu, kitabxanalar arasında sıx əməkdaşlıq üçün yaxşı zəmin olduğu qeyd edilmişdir. Qonaq Azərbaycan kitabxanaları ilə, xüsusilə Prezident Kitabxanası ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını və bunun hər iki ölkənin oxucuları üçün yaxşı imkan olaçağını bildirdi.