2020-ci il yanvarın 24-də Bakıda səfərdə olan M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Beynəlxalq fəaliyyəti üzrə direktoru Svetlana Qoroxova, M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Elmi və Tədris işləri üzrə direktoru Tatyana Polejayeva, MDB və Şərqi Avropa ölkələri üçün Qoruma və Mühafizə Mərkəzinin koordinatoru Mariya Kolpakova, IPRbooks-un baş direktoru Natalya İvanova, IPRbooks-un layihə koordinatoru Vita Kutuyeva Prezident Kitabxanada olmuşlar. Görüş zamanı kitabxana proseslərinin modernləşdirilməsi, kitabxanalarda müasir informasiya texnologiyalarının tətbiqi, kitabxana proseslərinin avtomatlaşdırılması, elektron kitabxana, elektron kataloq, virtual biblioqrafik xidmət imkanlarından söhbət açılmışdır. Görüşün sonunda qonaqlara “Azərbaycan xalçaları” albom-kitabları və Azərbaycanın UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınan nümunəsi olan kəlağayılar hədiyyə edilib. Öz növbələrində qonaqlar tərəfindən Prezident Kitabxanasına təmsil etdikləri müəssisələrin nəşrlərinin spesifik nümunələri hədiyyə olunub.
Avqustun 20-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Mayıl Əhmədov qeyd etmişdir ki, İrəvan xanlığının tarixi Azərbaycan xalqının min illər boyu yaratdığı maddi və mənəvi mədəniyyət tarixinin ayrılmaz tərkib hissəsidir. Kitabxananın direktoru bildirmişdir ki, hazırda Almaniyada yaşayan Əmir Əli Sərdari İrəvani İrəvan xanı Hüseynəli xanın nəslinin nümayəndəsidir. İrəvanın bir şəhər kimi çiçəklənməsi məhz Hüseynəli xan və onun övladlarının hakimiyyəti dövrlərinə təsadüf edir. Bu gün İrəvanda yaşı 250 ildən artıq olan yeganə tarixi-memarlıq abidəsi Göy məscid kompleksidir. Həmin kompleks məhz Hüseynəli xanın dövründə 1760-1765-ci illərdə inşa edilmişdir. Əmir Əli çıxış edərək İrəvan şəhərini qurub yaradanların Azərbaycan türkləri olduqlarını qeyd etmiş, Hüseynəli xan nəslinin şəcərəsi haqqında, onların məskunlaşdıqları yerlər haqqında geniş məlumat vermiş, nəsillər arasında əlaqələrin vacibliyini vurğulamışdır.
2019-cu il iyunun 25-də Qazaxıstan Respublikasının Birinci Prezidentinin – Elbası Kitabxanasının direktoru Amerxan Raximjanovun başçılıq etdiyi nümayəndə heyəti Prezident Kitabxanasında olmuşdur. Kitabxananın direktoru Mayıl Əhmədov görülən işlər barəsində qonaqlara ətraflı məlumat vermiş, bu cür görüşlərin kitabxanalar arasında əməkdaşlığın genişləndirilməsində və təcrübə mübadiləsinin həyata keçirilməsində böyük əhəmiyyəti olduğunu vurğulamışdır. Nümayəndə heyətinin rəhbəri A.Raximjanov başçılıq etdiyi kollektivin gördüyü işlər haqqında ətraflı məlumat vermişdir. Hər iki kitabxana arasında əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi barəsində ümumi razılığa gəlinmişdir.
2019-cu ilin may ayının 6-da Belarus Respublikası Prezident Kitabxanasının əməkdaşları – Belarus Prezident Kitabxanasının Belarus Respublkasının Prezidentinin İqamətgahındakı filialın müdiri Tatyana Lıçaqina və fondla iş sektorunun müdiri Nataliya Mizavtsova Prezident Kitabxanasında olmuşlar. Qonaqlarla kitabxananın aparıcı mütəxəssisləri arasında işgüzar görüş keçirildi. Görüşdə hər iki Prezident Kitabxanasının fəaliyyət istiqamətləri barədə ətraflı fikir mübadiləsi aparıldı, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinin faydalı olacağı vurğulandı. Qonaqlar Prezident Kitabxanasının fondları və oxu zalları ilə tanış oldular. Görüşün sonunda xatirə hədiyyələri təqdim edildi.
2018-ci ilin dekabr ayının 12-də Qazaxıstan Respublikasının Birinci Prezidentinin - Elbası Kitabxanasının sosial-humanitar və təhsil layihələri xidmətinin rəhbəri Kunslu Serikovna İsinova və həmin xidmətin aparıcı eksperti Akbota Kamoyovna Xamitova Prezident Kitabxanasında oldular. Konfrans zalında qonaqlarla kitabxananın aparıcı mütəxəssislərinin görüşü zamanı hər iki Prezident Kitabxanasının fəaliyyət istiqamətləri barədə ətraflı informasiya mübadiləsi aparıldı, müzakirələrdə yeni layihələrin hazırlanması zamanı qarşılıqlı təcrübədən yararlanmağın faydalı olacağı vurğulandı. Qonaqlar Kitabxananın fondları və oxu zalları ilə tanış oldular. Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim edildi.