
Prezident Kitabxanasının “Azərbaycan-Rusiya: diplomatik əlaqələr” adlı elektron resursu iki qonşu və müttəfiq ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr edilib. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik əlaqələr 4 aprel 1992-ci ildə qurulub. Elektron resurs 5 bölmədən və 13 altbölmədən ibarətdir. Resursun “Tarixi arayış” bölməsində Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında münasibətlər təhlil edilib və bu münasibətlərin dinamik inkişafını özündə əks etdirən “Xronologiya” tərtib edilib. “Sənədlər” bölməsində Azərbaycanla Rusiya arasında xarici siyasətlə bağlı imzalanan sənədlərin – bəyannamə, saziş, müqavilə, memorandum, protokol və sərəncamların tam mətnləri istifadəçilərə təqdim edilir. “E-resurslar” bölməsində Azərbaycan-Rusiya münasibətlərinə dair müxtəlif dillərdə olan kitab və məqalələrin elektron versiyaları öz əksini tapır. Resursda həmçinin bu mövzuya dair kitabxananın fondunda olan kitabların, qəzet və jurnal məqalələrinin və avtoreferatların biblioqrafiyası təqdim olunur.