Azərbaycan professional vokal sənətinin banisi, Azərbaycanın Xalq artisti Bülbül
Azərbaycan peşəkar vokal sənətinin banisi, opera müğənnisi, təsnif ifaçısı, professor, SSRİ xalq artisti Məmmədov Murtuza Məşədi Rza oğlu (Bülbül) 1897- ci il iyunun 22-də Şuşada anadan olmuşdur. İlk musiqi təhsilini 1907-ci ildə 10 yaşında olarkən Şuşa musiqi məktəbində almışdır. Şuşalılar Murtuzanı uşaq vaxtından özünəməxsus oxu tərzi, məlahətli səsinə görə Bülbül çağırırdılar. Uşaqlıq illərində ona verilmiş Bülbül adı sonradan onun parlaq istedadını əks etdirən artistlik təxəllüsünə çevrilmişdir.
Bülbül səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır. Azərbaycan muğamlarını öyrənən, tanınmış Şuşa xanəndələri ilə ünsiyyətdə olan gənc sənətkar çox keçmədən Zaqafqaziya və Orta Asiyada məşhur olur. 1920-ci ildə 23 yaşında Üzeyir Hacıbəyli «Əsli və Kərəm» operasında Kərəm rolunu ifa etmək üçün Bülbülü Bakıya dəvət edir. Bundan sonra o, həmişəlik Bakıya köçərək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi müxtəlif obrazlarla səhnəyə çıxır.
1921-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına – F.Polyayevin vokal sinfinə daxil olur, sonradan təhsilini professor N. İ. Speranskinin sinfində davam etdirir. 1927-ci ildə Bülbül Bakı Konservatoriyasını bitirərək elə həmin il ilk sovet müğənniləri sırasında təhsil almaq üçün dörd il müddətinə İtaliyaya – məşhur Milan Konservatoriyasına göndərilir. Qayıtdıqdan sonra Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayır. 1932-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən Elmi -Tədqiqat Musiqi Kabineti yaradılır. Bülbül, 1933-cü ildə vokalçıların ilk Ümumittifaq müsabiqəsində iştirak edərək müsabiqənin laureatı olur.
Üzeyir Hacıbəyli məhz Bülbülün səsi və ifası üçün Azərbaycan dastanının süjeti üzrə yaratdığı «Koroğlu» epik-qəhrəmanlıq operasını bəstələmişdir. 1938-ci ildə Moskvada Dövlət Akademik Böyük Teatrın səhnəsində Ü. Hacıbəylinin «Koroğlu» operası tamaşaya qoyulmuşdur. Bülbül Üzeyir Hacıbəylinin “Koroğlu” operasında baş obrazı 400 dəfə canlandırmışdır.
Bülbül vokal sahəsində musiqi tədrisi və elmi-tədqiqat prosesinin zirvəsinə yüksəlmiş ilk azərbaycanlı professordur. Bülbül 1938–1961-ci illərdə keçirilmiş Aşıqlar Qurultayının təşəbbüskarı olmuş, vokal sənəti nəzəriyyəsi, metodiki vəsaitlər, habelə mahnı ifaçılığı üzrə xüsusi vəsaitlər işləyib hazırlamışdır. O, Azərbaycanda nəşr olunmuş ilk dünya klassikası və Azərbaycan xalq mahnıları toplularının redaktoru və tərtibatçısı olmuş və vokalçıların üzə çıxarılmasında fəal iştirak etmişdir.
1957-ci ildə keçirilən VI Ümumittifaq Moskva festivalında Şərq xalqlarının klassik oxuma müsabiqəsinin münsiflər heyətinə sədrlik etmişdir.
Bülbül Azərbaycan milli muğam oxuma sənətinin ən yaxşı üsullarını rus və avropa vokal məktəbi ilə birləşdirərək Azərbaycanda yeni vokal məktəbi yaratmışdır. Beləliklə də o, bir novator kimi Zaqafqaziya, Orta Asiya, Yaxın və Orta Şərq ölkələri xalqlarının oxuma sənətinə səmərəli təsir göstərə bilmişdir.
Xalq artisti Bülbül 26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat etmiş və Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Tövsiyə edilən ədəbiyyat:
- Bizim Bülbül - dünyanın Bülbülü / red. : N. Hacızadə. - Bakı : Nağıl evi, 2004. - 530 s.
- Bülbül - vokal sənətinin zirvəsidir = Бюль-Бюль - вершина вокального искусства / Bülbülün memorial muzeyi ; ön sözün müəl. A. R. Məmmədova. - Bakı : Çaşıoğlu, 2006. - 724 s.
- Qarayev, Telman Fərman oğlu. Sənətin keçdiyi yollar / T. F. Qarayev ; red. R. F. Zöhrabov ; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. - Bakı : Qoliaf NE MMC, 2011. - 488 s.
- Həsənova, Cəmilə İsmayıl qızı. Bülbül (Murtuza Məmmədov) / C. İ. Həsənova. - Bakı : Şərq-Qərb, 2017. - 128 s.