
Prezident Kitabxanası tərəfindən Azərbaycan, ingilis və rus dillərində hazırlanmış “Azərbaycan multikulturalizmi” adlı elektron layihə ölkənin multikulturalizm modelinin mahiyyətini və onun əsas komponentlərini hərtərəfli şəkildə təqdim edir. Layihədə istifadəçilərə Azərbaycanda yaşayan bütün etnik qrupları birləşdirən azərbaycançılıq ideologiyasının əsas prinsipləri, ölkənin etnik palitrası, mədəni müxtəliflik mühiti, milli azlıqların təhsil imkanları, tolerantlıq və birgəyaşayış ənənələri haqqında geniş və sistemləşdirilmiş məlumat təqdim olunur. “E-Kitabxana” bölməsində Azərbaycan multikulturalizminə həsr edilmiş monoqrafiyaların, tədqiqat əsərlərinin və digər nəşrlərin elektron versiyaları istifadəçilərin ixtiyarına verilir. “E-Resurslar” bölməsində multikulturalizm mövzusunda qələmə alınmış elmi məqalələrin tam mətnləri, eləcə də mütəmadi olaraq yenilənən informasiya bülleteni ilə tanış olmaq mümkündür. Layihənin “Multimedia” bölməsi isə ölkədə yaşayan milli azlıqların və azsaylı xalqların adət-ənənələrini, folklor nümunələrini və mədəni irsini əks etdirən video və foto materiallar vasitəsilə geniş vizual informasiya təqdim edir.