





































































"Qərbi Azərbaycan: tarixi yaddaş və mədəni irs" adlı virtual sərgi Azərbaycan xalqının qədim tarixi torpaqlarından biri olan Qərbi Azərbaycanın zəngin tarixi, maddi-mədəni irsi, etnoqrafiyası, ədəbi-mənəvi dəyərləri və bu ərazilərdə yaşamış soydaşlarımızın çoxəsrlik həyat tərzini əks etdirən qiymətli mənbələri bir araya gətirir. Sərgidə Qərbi Azərbaycanın müxtəlif bölgələrində – İrəvan, Göyçə, Zəngəzur, Dərələyəz, Vedibasar, Ağbaba, Şörəyel və digər tarixi Azərbaycan yurdlarında formalaşmış mədəniyyət nümunələri, memarlıq abidələri, qədim yaşayış məskənləri, məscidlər, körpülər, qəbiristanlıqlar, eləcə də xalq yaradıcılığı və folklor irsi haqqında materiallar təqdim olunur. Burada həmçinin bölgənin tarixi-coğrafi mənzərəsini, əhalisinin etnik tərkibini və Azərbaycan xalqının bu torpaqlarla bağlı çoxəsrlik bağlılığını təsdiqləyən elmi əsərlər yer alır. Virtual sərgi Qərbi Azərbaycandan müxtəlif dövrlərdə deportasiya edilmiş azərbaycanlıların taleyinə, onların milli-mədəni kimliyinin qorunub saxlanılmasına, doğma yurdlarına bağlılıq hissinin yaşadılmasına xüsusi diqqət yetirir. Eyni zamanda, tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, mədəni irsin saxtalaşdırılması və mənimsənilməsi cəhdlərinin ifşa edilməsi baxımından mühüm əhəmiyyət daşıyan nəşrlər və araşdırmalar nümayiş etdirilir. Sərginin məqsədi Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsini tanıtmaq, bu irsin Azərbaycan xalqının ümummilli yaddaşındakı yerini göstərmək, tarixi həqiqətlərin öyrənilməsinə və təbliğinə töhfə vermək, həmçinin gələcək nəsillərdə milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik hisslərini gücləndirməkdir. Təqdim olunan kitablar Qərbi Azərbaycanın Azərbaycan xalqının ayrılmaz tarixi-mədəni məkanının mühüm tərkib hissəsi olduğunu bir daha nümayiş etdirir.