Xəbərlər

Prezident Kitabxanasının əməkdaşları Naxçıvan Dövlət Universitetində keçirilən konqresdə iştirak ediblər

Prezident Kitabxanasının əməkdaşları Naxçıvan Dövlət Universitetində keçirilən konqresdə iştirak ediblər

Prezident Kitabxanasının əməkdaşları Naxçıvan Dövlət Universitetində keçirilən konqresdə iştirak ediblər

19 iyun 2026-cı il tarixində “Qərbi Azərbaycana qayıdış” konqres-festivalı çərçivəsində Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova və kitabxananın əməkdaşları Naxçıvan Dövlət Universitetində keçirilən konqres hissəsində iştirak ediblər.

Konqresdə çıxış edən Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova Qərbi Azərbaycan mövzusunun xalqımızın tarixi-mədəni irsində mühüm yer tutduğunu diqqətə çatdırıb. O bildirib ki, tarixi irsin qorunması, mövzu üzrə etibarlı mənbələrin sistemləşdirilməsi və ictimaiyyətə təqdim olunması istiqamətində Prezident Kitabxanası tərəfindən ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirilir.

Professor Afət Abbasova bildirib ki, Prezident Kitabxanası tərəfindən hazırlanan “Qərbi Azərbaycan” elektron informasiya resursunda mövzu ilə bağlı kitablar, məqalələr, arxiv sənədləri, xəritələr və digər dəyərli mənbələr sistemləşdirilərək istifadəçilərin ixtiyarına verilib. O, həmçinin qeyd edib ki, “ Qərbi Azərbaycan: tarixi yaddaş və mədəni irs” adlı virtual sərgisi vasitəsilə tarixi-mədəni irsimizi əks etdirən materiallar daha geniş auditoriyaya təqdim olunur. Prezident Kitabxanasının direktoru belə layihələrin Qərbi Azərbaycan həqiqətlərinin təbliği, tarixi yaddaşın qorunması və milli-mənəvi irsin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Professor Afət Abbasovanın çıxışından sonra Prezident Kitabxanasının direktorunun müşaviri, tarix üzrə fəlsəfə doktoru Nazım Mustafa məruzə ilə çıxış edib. O bildirib ki, Prezident Kitabxanası Azərbaycanın tarixi irsinin, milli yaddaşının və dövlətçilik ənənələrinin qorunub gələcək nəsillərə çatdırılması istiqamətində mühüm informasiya-mədəniyyət missiyası həyata keçirir. Bu fəaliyyət çərçivəsində Qərbi Azərbaycan mövzusu kitabxananın prioritet istiqamətlərindən biri kimi xüsusi diqqətdə saxlanılır.

Nazım Mustafa qeyd edib ki, Prezident Kitabxanasında müxtəlif istiqamətləri əhatə edən 50-dən artıq elektron informasiya layihəsi hazırlanaraq istifadəçilərin ixtiyarına verilib və bu resurslar Azərbaycanın siyasi tarixinin, dövlətçilik ənənələrinin, milli-mənəvi dəyərlərinin, eləcə də xalqımızın üzləşdiyi tarixi hadisələrin öyrənilməsi, elmi əsaslarla tədqiqi və geniş ictimaiyyətə çatdırılması işinə mühüm töhfə verir.

Konqres çərçivəsində Prezident Kitabxanasının əməkdaşları tərəfindən kitabxananın informasiya resursları və rəqəmsal layihələrinin təqdimatı keçirilib. Kitabxana işinin avtomatlaşdırılması, rəqəmsallaşdırma və elektron resurslar bölməsinin Proqram təminatı qrupunun rəhbəri Tuncay Hüseynzadə Prezident Kitabxanasının rəsmi internet saytını, Prezident, dövlət idarəçiliyi və ölkəşünaslığa dair informasiya resursları bölməsinin müdiri Kəmalə Qasımova “Qərbi Azərbaycan” elektron layihəsini, Kitabxana işinin avtomatlaşdırılması, rəqəmsallaşdırma və elektron resurslar bölməsinin müdiri Zakir İsmayılov isə WUF13 layihəsini təqdim edib. Tədbir iştirakçılarına, həmçinin, “Mirzə Qədim İrəvani” adlı qısa videoçarx nümayiş etdirilib və “Qərbi Azərbaycan: tarixi yaddaş və mədəni irs” virtual sərgisi haqqında məlumat verilib. Təqdim olunan resurslar və layihələr Prezident Kitabxanasının rəqəmsal informasiya imkanlarını, elmi-mədəni irsin qorunması və təbliği istiqamətində həyata keçirdiyi fəaliyyəti əks etdirərək iştirakçılarda böyük maraq doğurub.

Bununla yanaşı, Prezident Kitabxanasının Naxçıvan Dövlət Universitetinə hədiyyə etdiyi kitablardan ibarət sərgi də təşkil olunub. Sərgidə nümayiş etdirilən nəşrlər universitetin elmi-informasiya resurslarının zənginləşdirilməsi, tədris prosesinin və tədqiqat fəaliyyətinin informasiya təminatının gücləndirilməsi baxımından mühüm rol oynayır.

Daha sonra Naxçıvan Dövlət Universitetinə hədiyyə olunan kitabların təhvil-təsliminə dair akt Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova tərəfindən universitetin rektoru Elbrus İsayevə təqdim edilib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev göstərilən diqqətə və dəyərli kitab hədiyyəsinə görə Prezident Kitabxanasına təşəkkürünü bildirib. O, hədiyyə olunan nəşrlərin universitetin tədris və tədqiqat fəaliyyətinə töhfə verəcəyini qeyd edib, eyni zamanda Prezident Kitabxanası ilə mövcud əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da genişlənəcəyinə və yeni birgə layihələrlə zənginləşəcəyinə əminliyini ifadə edib.