Azərbaycanın tanınmış kinorejissoru Cəmil Elşad oğlu Quliyev 3 iyul 1963-cü ildə Bakı şəhərində anadan olub. O, 1984-cü ildə Moskva şəhərindəki Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini SSRİ Xalq artistləri Aleksandr Alov və Vladimir Naumovun emalatxanasında başa vurub. Elə həmin ildən Peşəkar fəaliyyətinə “Azərbaycanfilm” kinostudiyasında başlayan Cəmil Quliyev sənədli və bədii janrlarda quruluş verdiyi filmlərlə həm ölkə daxilində, həm də beynəlxalq arenada tanınıb. Onun ekran əsərləri Fransa, İsveç, Türkiyə, Rusiya, Gürcüstan, Çexiya, Rumıniya və digər ölkələrdə keçirilmiş festivallarda nümayiş olunaraq yüksək qiymətləndirilib.
Azərbaycan elminə, maarifinə və dövlət idarəçiliyinə sanballı töhfələr vermiş Kamran Nəbi oğlu Rəhimov 4 iyul 1928-ci ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qarabağlar kəndində dünyaya göz açmışdır. Hələ erkən yaşlarından qeyri-adi qabiliyyəti, elmə və biliyə göstərdiyi maraq onun həyat yolunu müəyyənləşdirmişdir. İlk təhsil pillələrindəki uğurları nəticəsində Kamran Rəhimov Naxçıvan ikiillik Müəllimlər İnstitutunun tarix, dil‑ədəbiyyat fakültəsinə qəbul olunmuş, 1945-ci ildə bu təhsil ocağını fərqlənmə diplomu ilə başa vurmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 7 iyul tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanı ilə ölkənin iqtisadi-coğrafi xəritəsi yenidən cızıldı. Bu Fərman yalnız inzibati-iqtisadi bölgü sənədi deyil, həm də işğaldan azad edilmiş torpaqlara siyasi, iqtisadi və sosial baxımdan kompleks yanaşmanın bələdçisidir. Yeni bölgü modeli Azərbaycanın müstəqillik dövründə reallaşdırdığı sistemli idarəetmə islahatlarının məntiqi davamı olmaqla, postmüharibə dövrünün çağırışlarına verilmiş cavabdır.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Əbdüləzəl Məmməd oğlu Dəmirçizadə 8 iyul 1909-cu ildə Şəkidə anadan olmuşdur. O, ibtidai və orta təhsilini Şəkidə almışdır. Şəki Müəllimlər Seminariyasını bitirdikdən sonra 1925-ci ildə 2 saylı şəhər məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamışdır. Onun ilk məqaləsi də həmin ildə «Yeni Məktəb» məcmuəsində dərc edilmişdir. Ə.Dəmirçizadə gəncliyində bədii yaradıcılığa böyük həvəs göstərmiş, bir sıra şeirlər, hekayələr və oçerklər yazmışdır. Lakin onu elmi iş daha çox maraqlandırmış və buna görə də bütün fəaliyyətini elmi tədqiqat sahəsinə istiqamətləndirmişdir.
Əbdülhəmid bəy Şərif bəy oğlu Qaytabaşı 10 iyul 1884-cü ildə Tiflis şəhərində, hərbçi ailəsində anadan olmuşdur. Onun atası – podpolkovnik Şərif bəy Qaytabaşı – çar ordusunda xidmət etmiş, Müqəddəs Vladimir, Müqəddəs Anna və Müqəddəs Stanislav ordenləri ilə təltif olunmuşdur. Şərif bəy həmçinin rus ordusunda Şərq dilləri üzrə tərcüməçi kimi də fəaliyyət göstərmişdir. Qaytabaşılar ailəsinin kökləri XVIII əsrə gedib çıxır. Əbdülhəmid bəy Qaytabaşının ulu babası Əbdülməcid bəy XVIII əsrin sonlarında İstanbuldan Tiflisə köçmüşdür. Buraya gəldikdən sonra o, Çar Rusiyası ordusunda xidmətə başlamışdır. Əvvəllər Osmanlı ordusunda xidmət etmiş və alay komandanı vəzifəsində çalışmışdır.
Mirzə Fətəli Axundzadə yazıçı-dramaturq, filosof, ictimai xadim, Azərbaycan dramaturgiyasının banisidir. O, 1812-ci ildə Şəkidə anadan olmuşdur. Atası Mirzə Məhəmmədtağı və anası Nanə xanım 1814-cü ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçmüşlər. 1825-ci ildə anası ilə Şəkiyə qayıtmışdır. Fətəlinin ruhani olmasını istəyən anasının əmisi Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə gətirib, Şah Abbas məscidi yanındakı mədrəsəyə qoyur. M.F.Axundzadə burada Molla Hüseyn Pişnəmazzadədən məntiq və fiqh dərsi alır, məşhur Azərbaycan şairi M.Ş.Vazehdən isə xəttatlıq öyrənir. Tezliklə Mirzə Şəfi ilə şagirdi arasında yaxın dostluq əlaqəsi yaranır.
Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət" ordeni laureatı, Azərbaycan milli estrada musiqisinin banilərindən hesab edilən Mirzə Babayev 1913-cü il iyul ayının 16 - da Bakı şəhərinin Maştağa kəndində dünyaya gəlib. Mirzə Babayevin atası Əbdül Cabbar dövrünün tanınmış diş həkimi olub. Mirzə Babayevin anası Sona Xanlarova musiqiçi, qarmon ifaçısı olmuşdur. Mirzə Babayev 1935 – 40 - cı illərdə M. Əzizbəyov adına Sənaye İnstitutunda (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakultəsində təhsil alıb.
Azərbaycanın görkəmli Xalq rəssamı, heykəltəraş Tokay Məmmədov 1927-ci il iyulun 18-də Bakıda dünyaya gəlib. Atası Həbib Məmmədov texniki elmlər namizədi, anası Zivər Məmmədova Şərqin ilk qadın heykəltaraşı olub. Heykəltəraşlığa həvəs ona anasından keçib. İlk heykəltəraşlıq dərslərini anasından alıb. 1942-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olur. Bakı Rəssamlıq Məktəbinin 3-cü kursundan sonra Leninqrada (indiki Sankt-Peterburq) gedərək İ. Repin adına Rəssamlıq Akademiyasının Heykəltaraşlıq fakültəsinə qəbul olur. Burada oxuduğu illər ərzində o, görkəmli rus sənətkarları V.Senayski, A.Matveyev və M.Kerezindən dərs alır.
Həsən bəy Məşədi Hüseyn oğlu Ağayev 1875-ci ildə Gəncə şəhərində anada olmuşdur. Görkəmli ictimai – siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və rəhbərlərindən biri olmuşdur. Orta təhsilini Gəncədəki klassik gimnaziyada almışdır. Hacı Zeynalabdin Tağıyevin maddi köməkliyi ilə Moskva Universitetinin tibb fakültəsinə daxil olmuş və 1901-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. Həsən bəy Gəncədə həkimlik fəaliyyəti ilə yanaşı, qəzet və jurnallarda məqalələr də dərc etdirmişdir.
Maral Yusif qızı Rəhmanzadə 1916-cı il iyulun 23-də Mərdəkan kəndində zərgər ailəsində anadan olub. Rəssam bacı və qardaşları ilə birlikdə yaradıcı mühitdə tərbiyə alıb. Onun boya-başa çatdığı ailədə Azərbaycan incəsənətinin qədim ənənələri qayğı ilə qorunur, nəsildən-nəslə ötürülürdü. 1930-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna daxil olan Maral Rəhmanzadə daha sonra təhsilini V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda davam etdirib. İnstitutu bitirdikdən sonra Moskvada “Xudojestvennaya literatura” nəşriyyatında işə düzəlib.