Tarixdən səhifələr

Görkəmli yazıçı, dramaturq, şair və filosof Mirzə Fətəli Axundzadə

Görkəmli yazıçı, dramaturq, şair və filosof Mirzə Fətəli Axundzadə

Mirzə Fətəli Axundzadə yazıçı-dramaturq, filosof, ictimai xadim, Azərbaycan dramaturgiyasının banisidir. O, 1812-ci ildə Şəkidə anadan olmuşdur.

Atası Mirzə Məhəmmədtağı və anası Nanə xanım 1814-cü ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçmüşlər. 1825-ci ildə anası ilə Şəkiyə qayıtmışdır.

Fətəlinin ruhani olmasını istəyən anasının əmisi Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə gətirib, Şah Abbas məscidi yanındakı mədrəsəyə qoyur. M.F.Axundzadə burada Molla Hüseyn Pişnəmazzadədən məntiq və fiqh dərsi alır, məşhur Azərbaycan şairi M.Ş.Vazehdən isə xəttatlıq öyrənir. Tezliklə Mirzə Şəfi ilə şagirdi arasında yaxın dostluq əlaqəsi yaranır. Bu dostluq Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.

Dövrünün müasir elmləri ilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur və bir il burada təhsil alır.

1834-cü ildə o, Tiflisə getmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. O, dövlət xidmətində sürətlə irəli getmişdir; ona 1842-ci ildə praporşik, 1846-cı ildə podporuçik, 1850-ci ildə poruçik, 1852-ci ildə ştabs-kapitan, 1854-cü ildə podpolkovnik, 1873-cü ildə isə polkovnik rütbəsi verilmiş, Rusiya, İran və Türkiyə dövlətləri tərəfindən bir sıra orden və medallarla təltif olunmuşdur.

Mirzə Fətəli Tiflisdə mənalı və gözəl bir ədəbi-mədəni mühitə düşür. 30-40-cı illərdə görkəmli Azərbaycan yazıçıları A.Bakıxanov, İ.Qutqaşınlı, M.Ş.Vazeh və Q.Zakirlə, gürcü dramaturgiyasının banisi Georgi Eristavi, Qafqazda sürgündə olan dekabrist yazıçı A.A.Bestujev-Marlinski, polyak inqilabçısı Tedeuş Lado-Zablotski, 50-60-cı illərdə isə məşhur rus şairi Polonski, görkəmli rus şərqşünasları Xanıkov, A.Berje və başqa ziyalılarla yaxından tanış olur, qarşılıqlı dostluq əlaqəsi yaradır. Bu tanışlıq və əlaqələr də M.F.Axundzadənin dünya görüşünün, maraq və bilik dairəsinin, ədəbielmi fəaliyyətinin inkişafına qüvvətli təsir göstərir.

M.F.Axundzadə dövlət qulluğunda çalışmaqla bərabər, 1836-1840-cı illər arasında Tiflis rus qəza məktəbində Azərbaycan dili müəllimi vəzifəsində işləmişdir.

Mirzə Fətəli 1842-ci ildə Axund Hacı Ələsgərin qızı Tubu xanımla evlənmişdi. O, gözəl bir ailə qursa da, ailə həyatı çox da uğurlu olmamışdır. Onun on üç övladından yalnız ikisi – oğlu Rəşid və qızı Nisə uzun müddət ömür sürmüş, qalanları isə uşaq və gənc yaşlarında ikən vəfat etmişdir. M.F.Axundzadə hər iki övladının təlim-tərbiyəsinə xüsusi diqqət yetirmişdi. Oğlu Rəşid Tiflisdə klassik gimnaziyanı bitirdikdən sonra Belçika Universitetində oxumuş, yol mühəndisi ixtisasına yiyələnmişdi. Qızının təhsili ilə isə o, şəxsən özü məşğul olmuş, ona fars və rus dillərini öyrətmiş, tam muasir ruhda təlim-tərbiyə vermişdi.

Axundzadə 1850-1855-ci illər arasında bir-birinin ardınca altı orijinal, yüksək ideya-bədii xüsusiyyətlərlə səciyyələnən komediya yazır və beləliklə, yalnız Azərbaycanda deyil, bütün Yaxın Şərqdə dramaturgiyanın əsasını qoyur, 1857-ci ildə isə o, məşhur “Aldanmış kəvakib” povestini qələmə almışdır.

M.F.Axundzadə “Kavkaz” qəzetində fəal əməkdaşlıq etmiş, burada öz komediyalarını, Krım müharibəsində olarkən yazdığı “Zakirə məktub” şerini, “Bağdad yaxınlığında Türkiyə ordusunun vəziyyəti” adlı tarixi məqaləsini, “Aldanmış kəvakib” povestini və bir neçə tərcüməsini dərc etdirmişdir.

1851-ci ilin martında Mirzə Fətəli Rusiya İmperator Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsinin üzvü seçilmiş, görkəmli şərqşünas Adolf Berjenin rəhbərliyi altında hazırlanan “Qafqaz arxeoqrafiya komitəsinin aktları” məcmuələrinin əsas tərtibçi və tərcüməçilərindən biri olmuşdur. 1853-cü ildə isə komediyalarını rus dilində, 1859-cu ildə isə komediyalarını və “Aldanmış kəvakib” povestini “Fehristi-kitab” adlı müqəddimə ilə birlikdə “Təmsilat” başlığı altında Qafqaz canişinliyinin nəşriyyatında bir kitab halında nəşr etdirmişdir.

1857-ci ildə M.F.Axundzadə ərəb əlifbası əsasında yeni əlifba tərtib edib, həmin əlifba layihəsini dövrünün məşhur dilşünas alimlərinə, şərqşünaslarına, həmçinin İran və Türkiyənin dövlət başçılarına göndərir, əlifba islahatı uğrunda fəal mübarizə aparmağa başlayır. 1863-cü ildə o, İstanbula gedib əlifba layihəsini Türkiyənin baş naziri Fuad paşaya təqdim edir. Baş nazirin göstərişi ilə layihə Osmanlı Elmi Cəmiyyətində müzakirə edilmiş, amma qəbul olunmamışdır.

1863-cü ildə vətənə qayıtdıqdan sonra Mirzə Fətəli "Kəmalüddövlə məklubları" adlı bədii-fəlsəfi əsərini yazmağa başlayıb, 1865-ci ildə tamamlayır.

Azərbaycan teatrı Axundzadənin ölməz komediyaları zəminində yaranmışdır. 1873-cü ildə Həsənbəy Zərdabi Nəcəf bəy Vəzirovla birlikdə Bakı məktəblərinin birində məşhur «Hacı Qara» əsərinin tamaşasını göstərməklə Azərbaycanda, həm də ümumən türk-müsəlman aləmində teatr hərəkatının əsasını qoymuşdur.

Mirzə Fətəli Axundzadə 1877-ci ilin sonunda ağır ürək xəstəliyinə tutulmuş, vəziyyəti getdikcə pisləşmiş və 1878-ci ildə fevralın 27-də (yeni təqvimlə martın 10-da) vəfat etmişdir.

Öz vəsiyyətinə görə o, Tiflisdə müsəlman qəbiristanlığında, sabiq müəllimi və dostu M.Ş.Vazehin qəbri yaxınlığında dəfn olunmuşdur.


Tövsiyə edilən ədəbiyyat:

  1. Axundzadə, Mirzə Fətəli. Əsərləri : 3 cilddə / M. F. Axundzadə. I cild / tərt. N. Məmmədov. - Bakı : Şərq-Qərb, 2005. - 296 s.
  2. Axundzadə, Mirzə Fətəli. Bədii və ədəbi-tənqidi əsərləri / M. F. Axundzadə ; tərt., red. N. Məmmədov. - Bakı : Çaşıoğlu, 2004. - 280 s.
  3. Azərbaycan nəsri antologiyası : 5 cilddə / tərt. Z. Ş. Əsgərli ; bur. məsul Ə. Güləliyev. I cild : XIX əsr / A. A. Bakıxanov [et al.]. - Bakı : Şərq-Qərb, 2006. - 312 s.
  4. Əlimirzəyev, Xalid Əlimirzə oğlu. M.F. Axundovun ideal və sənət dünyası : monoqrafiya / X. Ə. Əlimirzəyev. - Bakı : Nurlan, 2007. - 228 s.
  5. Рафили, Микаил Гасан оглы. Мирза Фатали Ахундов = Mirzə Fətəli Axundov / М. Г. Рафили ; ред. Д. Джафаров. - Баку : Азернешр, 1939. - 338 с.
  6. Djafarov, Djafar. Mirza Fatali Akhoundov / D. Djafarov ; trad. M. Chirvanzadé ; réd. M. Kouliéva. - Bakou : Édit. d'état de l'Azerbaïdjan, 1962. - 30 p.