Görkəmli ictimai-siyasi və dövlət xadim Həsən bəy Ağayev
Həsən bəy Məşədi Hüseyn oğlu Ağayev 1875-ci ildə Gəncə şəhərində anada olmuşdur. Görkəmli ictimai – siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və rəhbərlərindən biri olmuşdur. Orta təhsilini Gəncədəki klassik gimnaziyada almışdır. Hacı Zeynalabdin Tağıyevin maddi köməkliyi ilə Moskva Universitetinin tibb fakültəsinə daxil olmuş və 1901-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir.
Həsən bəy Gəncədə həkimlik fəaliyyəti ilə yanaşı, qəzet və jurnallarda məqalələr də dərc etdirmişdir. "Hümmət" təşkilatının tapşırığı ilə Azərbaycan dilinə tərcümə etdiyi "Silk, sinif, firqə" kitabçası Tiflisdə Cəlil Məmmədquluzadənin "Qeyrət" mətbəəsində çap olunmuşdur (1906). Həmin kitabçanın nəşrinə görə təqiblərə məruz qalan Ağayev İrana mühacirət edərək, bir müddət orada yaşamışdır.
Mühacirətdən qayıtdıqdan sonra Gəncədə rus dilində çıxan "Yujnıy Kavkaz" qəzetinin redaktoru, müsəlmanlar arasında maarifçiliyi yayan cəmiyyətin rəhbəri olmuşdur. 1914-cü ilin sonlarında Xudadat bəy Rəfibəyli ilə birlikdə Gəncədə ilk səhiyyə cəmiyyəti yaratmışdır.
1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı Azərbaycanın digər görkəmli ictimai-siyasi xadimləri kimi, Ağayevin də sonrakı həyat və fəaliyyətində həlledici rol oynamışdır. Yeni şəraitdə Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Gəncədə yaradılmış "Türk Ədəmi-Mərkəziyyət Partiyası"nın yaradıcılarından biri də Həsən bəy olmuşdur. Həsən bəy Ağayev 1917-ci ilin aprelində Bakıda çağırılmış Qafqaz müsəlmanları qurultayında iştirak etmiş və Rusiya daxilində Azərbaycana muxtariyyət verilməsinin ardıcıl tərəfdarlarından olmuşdur.
1917-ci ilin iyununda Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi "Müsavat" partiyası ilə Nəsib bəy Yusifbəylinin "Türk Ədəmi-Mərkəziyyət Partiyası" birləşərək, "Türk Ədəmi-Mərkəziyyət-Müsavat" partiyası adlandırılmışdır. “Müsavat”ın 1917-ci il oktyabrın 26-31-də keçirilmiş birinci qurultayında Həsən bəy partiyanın mərkəzi komitəsinin üzvü, ilin axırlarında isə Ümumrusiya Müəssislər Məclisinə nümayəndə seçilmişdir. Rusiyada oktyabr çevrilişi ilə əlaqədar olaraq Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş nümayəndələr onun iclasına gedə bilməmiş, 1918-ci il fevralın 10-da Tiflisdə toplaşaraq Cənubi Qafqazda ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaratmış, aprelin 22-də isə Cənubi Qafqazın suverenliyini elan edərək, Zaqafqaziya Demokratik Federativ Respublikası Hökumətini yaratmışdılar. Zaqafqaziya seymində Müsəlman fraksiyasının üzvü olan Həsən bəy bütün tədbirlərdə fəal iştirak etmişdir. Zaqafqaziya seymi və hökuməti bu ərazidə yaşayan millətlərin milli maraqlarına cavab vermədiyindən həmin il mayın 25-də buraxılmışdır. Mayın 27-də Zaqafqaziya seyminin Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etmiş və Şuranın rəyasət heyətini seçmişdir. Həsən bəy Ağayev Şura sədrinin müavini seçilmişdir.
Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Tiflisdə Qafqaz Canişininin keçmiş sarayında keçirilmiş təntənəli iclasında Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsini ilk olaraq Həsən bəy Ağayev imzalamışdır.
1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və Hökuməti Gəncəyə köçmüşdür. İyunun 17-də burada keçirilən ilk iclasında Milli Şura yaranmış vəziyyətlə əlaqədar olaraq, fəaliyyətini müvəqqəti olaraq dayandırmış, bütün hakimiyyəti yeni yaradılmış Hökumətə vermişdir. Azərbaycan Parlamentinin 1918-ci il dekabrın 7-də Bakıda təntənəli açılışına qədər Həsən bəy Azərbaycan Dəmir Yolu İdarəsinin baş həkimi vəzifəsində çalışmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclasında Həsən bəy Parlament sədrinin birinci müavini seçilmişdir. Parlamentin sədri seçilmiş Əlimərdan bəy Topçubaşov Bakıda olmadığından ona rəhbərliyi Həsən bəy həyata keçirmişdir. O, 1919-cu ilin dekabrında yenidən Parlament sədrinin birinci müavini seçilmiş və 1920-ci il fevralın 2-nə qədər ona rəhbərlik etmişdir.
Aprel işğalından (1920) sonra Tiflisə mühacirət edən Həsən bəy Ağayev həmin il iyulun 19-da muzdlu erməni terrorçusu tərəfindən qətlə yetirilmişdir. O, Tiflisin müsəlman qəbiristanlığında dəfn olunmuşdur.
Tövsiyə edilən ədəbiyyat:
- Əmrahov, Ziyad Cümşüd oğlu. Azərbaycan Parlamentarizmi tarixi - 100 / Z. C. Əmrahov; elmi red. A. İsgəndərli; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu.- Bakı: Elm və təhsil, 2018.- 268 s.
- Paşayev, Ataxan Əvəz oğlu. Cümhuriyyət parlamentinə gedən yol / A. Ə. Paşayev.- Bakı: Adiloğlu, 2005.- 88 s.
- Tahirzadə, Ədalət Şərif oğlu. Həsən bəy Ağayev : (1875-1920) : (Qısa yaşam öygüsü) /Ə. Ş. Tahirzadə ; naşir Y. İlhamoğlu ; dizayner X. Danyal. - Bakı: Çapar, 2022. - 126 s.