Tarixdən səhifələr

Elm və ictimai xadim Kamran Rəhimov

Elm və ictimai xadim Kamran Rəhimov

Azərbaycan elminə, maarifinə və dövlət idarəçiliyinə sanballı töhfələr vermiş Kamran Nəbi oğlu Rəhimov 4 iyul 1928-ci ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qarabağlar kəndində dünyaya göz açmışdır. Hələ erkən yaşlarından qeyri-adi qabiliyyəti, elmə və biliyə göstərdiyi maraq onun həyat yolunu müəyyənləşdirmişdir.

İlk təhsil pillələrindəki uğurları nəticəsində Kamran Rəhimov Naxçıvan ikiillik Müəllimlər İnstitutunun tarix, dil‑ədəbiyyat fakültəsinə qəbul olunmuş, 1945-ci ildə bu təhsil ocağını fərqlənmə diplomu ilə başa vurmuşdur. Elmi axtarışlarını davam etdirmək məqsədilə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinə daxil olmuş, ali təhsilini başa vurduqdan sonra universitetin yeni tarix kafedrasında baş müəllim kimi çalışmışdır.

1954-cü ildə Kamran Rəhimov Partiya Tarixi İnstitutunun aspiranturasına qəbul edilmiş, eyni zamanda Azərbaycan KP MK-nın nəzəri-siyasi orqanı olan "Azərbaycan kommunisti" jurnalına şöbə müdiri vəzifəsinə göndərilmişdir. Jurnalistlik və elmi fəaliyyətini uğurla uzlaşdıran alim 1959–1962-ci illərdə jurnalın baş redaktorunun müavini, 1962-ci ildən isə 1975-ci ilə qədər baş redaktor vəzifəsində çalışmışdır.

Bu illər ərzində o, universitetdə saathesabı qaydada mühazirələr oxumaqla elmi-pedaqoji fəaliyyətini də davam etdirmiş, 1958-ci ildə namizədlik, 1966-cı ildə isə Azərbaycan Dövlət Universitetinin müdafiə şurasında doktorluq dissertasiyası müdafiə etmiş, 1967-ci ildə SSRİ Ali Attestasiya Komissiyasının plenumunda doktorluq elmi dərəcəsi təsdiq olunmuşdur.

Kamran Rəhimov həm də məhsuldar elmi publisist olmuşdur. O, bir sıra monoqrafiya və dərsliklərin, çoxsaylı elmi-nəzəri və publisistik məqalələrin müəllifidir. Təkcə Azərbaycan mətbuatında deyil, Moskva, keçmiş müttəfiq respublikalar və digər ölkələrin nüfuzlu nəşrlərində də nəzəri məqalələrlə çıxış etmişdir. Xüsusi qeyd olunmalıdır ki, o, Azərbaycanın yeganə alimi idi ki, Moskvanın nüfuzlu “Kommunist” jurnalında iki dəfə nəzəri-elmi məqaləsi dərc olunmuşdur.

Kamran Rəhimov 1975–1983-cü illərdə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır. Onun rəhbərliyi dövründə vilayətdə sənaye obyektləri, dəryaçalar, meyvə və üzüm bağları, heyvandarlıq kompleksləri yaradılmış, Azərbaycan EA-nın Naxçıvan Elmi Mərkəzinin fəaliyyəti canlandırılmışdır.

Bu illərdə mədəniyyət sahəsində də ciddi addımlar atılmışdır. Naxçıvan və Ordubad şəhərlərində, Şahbuz qəsəbəsində və vilayətin kəndlərində yeni mədəniyyət sarayları tikilərək istifadəyə verilmişdir. Bütün rayonlarda ölkəşünaslıq muzeyləri yaradılmış, tariximizin qədim yadigarlarının ermənilər tərəfindən oğurlanmasının qarşısı alınmış və bu eksponatlar muzeylərdə cəmləşdirilmişdir.

1983-cü ildə professor Kamran Rəhimov Azərbaycan Respublikasının xalq maarifi naziri təyin olunmuşdur. Nazir kimi fəaliyyətə başladığı ilk günlərdən bir sıra fundamental layihələrin həyata keçirilməsinə təşəbbüs göstərmişdir. Onun təşəbbüsü ilə erməni və gürcü məktəblərində Azərbaycan tarixinin, dilinin, ədəbiyyatının və coğrafiyasının tədris olunması məsələsi gündəmə gətirilmişdir. SSRİ Nazirlər Sovetinin 1962-ci il tarixli, 230 nömrəli qərarına istinadən, həmin fənlərin erməni və gürcü məktəblərində tədrisi barədə göstəriş verilmiş, dərsliklərin həmin dillərə tərcüməsinə başlanılmışdır. Yuxarı siniflər üçün "Azərbaycan tarixi" dərsliyi erməni dilinə tərcümə olunaraq erməni məktəblərinə göndərilmişdir.

1986-cı ildə SSRİ maarif işçiləri nümayəndə heyətinin rəhbəri qismində Belçikada səfərdə olarkən Kamran Rəhimov orada ümumi təhsil sisteminin vəziyyəti, müəllim hazırlığı və xüsusilə məktəblərin kompüterləşdirilməsi məsələlərini dərindən öyrənmişdir. Bu təcrübə onun Azərbaycanda məktəb islahatlarında tədris ocaqlarının kompüterləşdirilməsini vacib saymasına səbəb olmuşdur. O, rayon məktəblərində kompüter siniflərinin yaradılmasına xüsusi diqqət yetirmiş, Maarif Nazirliyinin tikinti tresti yanında müvafiq mütəxəssislərdən ibarət qrup formalaşdırmışdır. Qısa müddətdə bir çox məktəblərdə Yaponiyadan və Moskvadan gətirilmiş kompüterlər quraşdırılmışdır.

Təhsil müəssisələrinin kütləvi kompüterləşdirilməsi zərurəti Bakı Radio Zavodunun bu istiqamətə ixtisaslaşdırılması məsələsini gündəmə gətirmişdir. Təşəbbüs müvafiq qurumlar tərəfindən dəstəklənmiş və Bakı kompüterinin ilk nümunəsi hazırlanmışdır.

1988-ci ildə respublikanın Maarif, Ali və Orta İxtisas Təhsili Nazirlikləri, eləcə də Texniki Peşə Təhsili Komitəsi birləşdirilərək Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi yaradılmış, professor Kamran Rəhimov yeni nazirliyin strukturunda xalq təhsili nazirinin birinci müavini təyin olunmuşdur.

Eyni zamanda, Kamran Rəhimov Milli Məclisin üzvü kimi də Azərbaycan nümayəndə heyətlərinin tərkibində bir çox xarici səfərlərdə iştirak etmiş, ölkəmizi ləyaqətlə təmsil etmişdir.

Azərbaycanın ictimai, elmi və təhsil həyatında dərin iz qoymuş, Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Kamran Rəhimov 2007-ci ildə vəfat etmişdir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Əsgərov, Şahlar Qaçay oğlu. Təhsilimiz dünən, bu gün, sabah / Ş. Q. Əsgərov ; red. S. Ağababayeva. - Bakı : Azərbaycan nəşriyyatı, 2003. - 280 s.
  2. Mahmudov, Müdafiə Cəmil oğlu. Dünyada və Azərbaycanda təhsil sistemi / M. C. Mahmudov ; red. L. N. Qasımova ; Azərbaycan Texniki Universiteti. - Bakı : AzTU-nun nəşri, 2005.
  3. Əhmədov, Hümeyir Hüseyn oğlu. Azərbaycan təhsilinin inkişaf strategiyası : monoqrafiya / H. H. Əhmədov ; elmi red. Ə. Ə. Ağayev ; Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu. - Bakı : Elm, 2010. - 800 s.
  4. Həmidov, Habil Ağanemət oğlu. Azərbaycanda təhsil siyasəti : mərhələli inkişaf və konseptual aspektlər: monoqrafiya / H. A. Həmidov ; elmi red. A. Bəşirov ; red. C. Alıyev ; AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu. - Bakı : Təknur MMC, 2010. - 160 s.
  5. Tağıyev, İlqar Tağı oğlu. Heydər Əliyev və müasir Azərbaycanda təhsil / İ. T. Tağıyev ; elmi red. H. M. Hacıyeva. - Bakı : Zərdabi LTD MMC, 2014. - 312 s.