Tarixdən səhifələr

Azərbaycan heykəltəraşlıq məktəbinin görkəmli nümayəndəsi Tokay Məmmədov

Azərbaycan heykəltəraşlıq məktəbinin görkəmli nümayəndəsi Tokay Məmmədov

Azərbaycanın görkəmli Xalq rəssamı, heykəltəraş Tokay Məmmədov 1927-ci il iyulun 18-də Bakıda dünyaya gəlib. Atası Həbib Məmmədov texniki elmlər namizədi, anası Zivər Məmmədova Şərqin ilk qadın heykəltaraşı olub. Heykəltəraşlığa həvəs ona anasından keçib. İlk heykəltəraşlıq dərslərini anasından alıb.

1942-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olur. Bakı Rəssamlıq Məktəbinin 3-cü kursundan sonra Leninqrada (indiki Sankt-Peterburq) gedərək İ. Repin adına Rəssamlıq Akademiyasının Heykəltaraşlıq fakültəsinə qəbul olur. Burada oxuduğu illər ərzində o, görkəmli rus sənətkarları V.Senayski, A.Matveyev və M.Kerezindən dərs alır. Tokay Məmmədov Leninqradda olarkən Rəssamlar İttifaqına üzv seçilir. Akademiyada təhsil aldığı zaman Tokay Məmmədov yaratdığı büstlərini bir çox sərgilərdə nümayiş etdirərək yüksək qiymətə layiq görülür. Bakıya qayıtdıqdan sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində dərs deyir. 1947-ci ildə Azərbaycanın xalçaçı rəssamı Lətif Kərimovun portret büstünü hazırlayır və gənc heykəltaraşın ilk işi yüksək qiymətləndirilir.

1948-ci ildə Moskvada təşkil edilmiş sərgidə rus şərqşünaslığının banisi, Azərbaycan alimi Mirzə Kazım bəyin portretini nümayiş etdirir. Canlı naturadan yox, fotoşəkildən istifadə etməyinə baxmayaraq bu əsər və ümumiyyətlə Tokay Məmmədovun bütün portret əsərləri hər zaman realistik təsir bağışlayıb.

Azərbaycan heykəltaraşlığında ağac materialdan ilk dəfə olaraq Tokay Məmmədov istifadə edib. Onun yaratdığı ağac portretlərində insan psixoloji xüsusiyyətləri məharətlə əks olunub. O, 1953-cü ildə ilk dəfə ağacdan Azərbaycanın klassik şairi Nizami Gəncəvinin təsvirini yonub hazırlamışdır. Ağac materialdan “Səməd Vurğun", "Xalq rəssamı Qəzənfər Xalıqov", dövlət xadimi, həkim və yazıçı "Nəriman Nərimanov", uzunömürlü azərbaycanlı "Şirəli Müslümov" və başqa portretləri qeyd etmək olar.

Tokay Məmmədov mərmər, tunc, gips materiallardan yüzlərlə portret yaradaraq insanın daxili keyfiyyətlərini göstərməyə müvəffəq olmuşdur. Azərbaycanda opera janrının əsasını qoymuş, musiqiçi alim Üzeyir Hacıbəyov, Xalq rəssamı Rüstəm Mustafayev, qadın rəssamımız Vəcihə Səmədova, yazıçı Süleyman Rəhimov, polyak bəstəkarı Frederik Şopen və Avstriya bəstəkarı V. A. Motsart kimi dahilərin büst portretlərini yaratmışdır.

Tokay Məmmədov bir neçə qəbirüstü abidənin də müəllifidir. O, 1956-cı ildə Şuşa şəhərində musiqiçi alim, xəttat və rəssam Mir Möhsün Nəvvabın qəbirüstü abidəsini düzəldib. Heykəltaraş Azərbaycanın ilk peşəkar vokal sənətinin banisi Bülbülün də qəbirüstü abidəsini yaradıb.

Tokay Məmmədov Məhəmməd Füzuli, Nəsimi və Koroğlunun heykəllərinin müəllifidir. O, xalq dastanımızın qəhrəmanı Koroğlu obrazı üzərində on ildən çox çalışmışdır. Qəhrəmanın milli koloritini tərənnüm edərək onu at belində əsl cəngavər, sərkərdə kimi təsvir etməyi bacarmışdır.

Tokay Məmmədov heykəltaraşlığın qabartma sahəsində də yaddaqalan nümunələr yaradıb. Onlardan ən məşhuru Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin portretidir. Bu əsər beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilərək yüksək qiymətləndirilmişdir. Onun əsərləri bir çox ölkələrin mükafatları ilə təltif edilib.

Tokay Məmmədov Sovet dönəmində Azərbaycan SSR Xalq rəssamı (1973), Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1962), SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü (1975), professor (1977), SSRİ Dövlət mükafatı laureatı (1978), 1970–1972-ci illərdə Azərbaycan Rəssamlar İttifaqı idarə heyətinin sədri, Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvü olmuşdur.

Müstəqil Azərbaycan Respublikası illərində isə, Tokay Məmmədovun yaradıcılığı hər zaman diqqət mərkəzində olub və daim yüksək qiymətləndirilib. Müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şərəf” və “Şöhrət” ordenlərinə, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.

Tokay Məmmədov 2018-ci il mayın 2-də vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunmuşdur.


Tövsiyə edilən ədəbiyyat:

  1. Tokay Məmmədov : heykəltəraşlıq = Tokay Mammadov : graphic arts / layihənin rəh. Ç. Fərzəliyev ; mətnin müəl. Y. Şeyxov ; ing. dilinə tərc.: N. Əliyev, Ə. Məlikova. - Bakı : Şərq-Qərb, 2013. - 104 s.
  2. Quliyev, Əsəd Məhəmməd oğlu. XX əsr Azərbaycan incəsənəti haqqında oçerklər / Ə. M. Quliyev ; elmi red. K. M. Əliyeva ; ön sözün müəl. Ö. H. Eldarov ; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. - Bakı : Təhsil, 2012. - 168 s.
  3. Tokay Məmmədov - heykəltəraş = Токай Мамедов - скульптор / Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ; mətnin müəl. Y. Şeyxov ; red. E. Əliyev. - Bakı : Şərq-Qərb, n. i. y. - 248 s.