Tarixdən səhifələr

Azərbaycan anadilli şerinin böyük nümayəndəsi Qazi Bürhanəddin

Azərbaycan anadilli şerinin böyük nümayəndəsi Qazi Bürhanəddin

İlk anadilli divanın əsasını qoyan, şair, görkəmli dövlət xadimi, məşhur sərkərdə Qazi Bürhanəddin 1344 - cü ildə indiki Türkiyənin Kayseri (Qeysəriyyə) şəhərində anadan olmuşdur. Şairin adı Əhməd, ləqəbi Əbülabbas, təxəllüsü isə Qazi Bürhanəddin idi. Şairin atası Şəmsəddin Məhəmməd öz dövrünün məşhur qazilərindən olmuşdur. Bürhanəddinin anası Səlcuqlar dövrünün böyük simalarından Cəlaləddin Mahmud Mustafanın oğlu Abdullah Çələbinin qızıdır. Bürhanəddin anasını erkən yaşlarından itirdiyindən onun tərbiyəsi ilə atası məşğul olmuşdur. 1356-cı ildə Qeysəriyyədə baş verən qarışıqlıqlar səbəbi ilə Bürhanəddin atası ilə Şama (Suriya Dəməşq) gedir.

Məşhur fotoqraf Reza Deqati

Məşhur fotoqraf Reza Deqati

Azərbaycan əsilli, dünya şöhrətli fransız fotoqraf Reza Deqati (Rza Diqqəti) 26 iyul 1952-ci ildə Təbrizdə azərbaycanlı ailəsində dünyaya gəlib. Reza Deqati ilk şəklini 14 yaşında olarkən Pərvaz adlı jurnalda yayımlayıb. Ali təhsilini Tehran Dövlət Universitetinin Memarlıq fakültəsində oxumağına baxmayaraq həvəskar fotoqraf kimi fəaliyyətini də davam etdirib. Lakin onun fotoları şah rejimi tərəfindən bəyənilmədiyinə görə 22 yaşında olarkən 3 il 5 ay müddətinə həbs edilib. Həbsdən çıxdıqdan sonra memarlıq təhsilini yarımçıq qoyaraq peşəkar fotoqraflıqla məşğul olmaq qərarına gəlir və fəaliyyətə İran İnqilabını çəkməklə başlayır.

Görkəmli bəstəkar Vasif Adıgözəlov

Görkəmli bəstəkar Vasif Adıgözəlov

Vasif Zülfüqar oğlu Adıgözəlov 1935-ci il iyulun 28-də Bakı şəhərində anadan olmuşdur. İlk musiqi təhsilini ixtisaslaşmış musiqi məktəbinin fortepiano sinfində alan Vasif Adıgözəlov 1953-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuşdur. O, konservatoriyanı 1958-ci ildə bəstəkarlıq, 1959-cu ildə isə fortepiano ixtisası üzrə bitirmişdir. Hələ tələbə ikən yaradıcılığa başlayan Vasif Adıgözəlovun ilk əsərləri 1956-cı ildə Azərbaycan Bəstəkarlarının birinci qurultayında ifa olunmuşdur.

Görkəmli maarifçi və ictimai xadim Həbib bəy Mahmudbəyov

Görkəmli maarifçi və ictimai xadim Həbib bəy Mahmudbəyov

Azərbaycan maarifçiliyinin formalaşmasında müstəsna xidmətləri olan Həbib bəy Hacı İbrahimxəlil oğlu Mahmudbəyov 1864-cü il iyulun 29-da Şamaxıda anadan olmuşdur. Nəsli Şirvan əsilzadələrindən olan Həbib bəyin ulu babası Hacı Sadıq məşhur Nadir şahın xəzinədarı olmuş, atası Hacı İbrahimxəlil bəy isə Şamaxının nüfuzlu və hörmətli ziyalılarından biri kimi tanınmışdır. Səkkiz yaşında katib Mirzə Hüseynin rəhbərlik etdiyi məhəllə məktəbində ilkin təhsilini alan Həbib bəy daha sonra şəhər məktəbinə qəbul olunmuşdu.

Görkəmli şair Məhəmmədhüseyn Şəhriyar

Görkəmli şair Məhəmmədhüseyn Şəhriyar

Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbrizin Bağmeşə bölgəsində, hüquqşünas Hacı Mirağa Xoşginabinin ailəsində anadan olub. Atası vəkillik edərək ailəni dolandırır, şeir və musiqiyə olan sevgisi ilə oğlunun tərbiyəsində böyük rol oynayırdı. Şəhriyarın ədəbiyyata marağı uşaqlıqdan başlayır: 7 yaşında Azərbaycan dilində, 9 yaşında fars dilində şeirlər yazır. Atasının kitabxanası onun bilik mənbəyi olur. Təbrizdə mədrəsədə ilk təhsilini alan Şəhriyar, yay tətillərini Xoşginabda, Heydərbaba dağının ətəklərində keçirir və Molla İbrahimin rəhbərliyi ilə biliklərini dərinləşdirir. 1913-cü ildə, Təbrizdəki Məhəmmədiyyə məktəbində oxuyarkən ilk şeiri “Ədəb” jurnalında dərc olunur.