Azərbaycan anadilli şerinin böyük nümayəndəsi Qazi Bürhanəddin
İlk anadilli divanın əsasını qoyan, şair, görkəmli dövlət xadimi, məşhur sərkərdə Qazi Bürhanəddin 1344 - cü ildə indiki Türkiyənin Kayseri (Qeysəriyyə) şəhərində anadan olmuşdur. Şairin adı Əhməd, ləqəbi Əbülabbas, təxəllüsü isə Qazi Bürhanəddin idi. Şairin atası Şəmsəddin Məhəmməd öz dövrünün məşhur qazilərindən olmuşdur. Bürhanəddinin anası Səlcuqlar dövrünün böyük simalarından Cəlaləddin Mahmud Mustafanın oğlu Abdullah Çələbinin qızıdır. Bürhanəddin anasını erkən yaşlarından itirdiyindən onun tərbiyəsi ilə atası məşğul olmuşdur. 1356-cı ildə Qeysəriyyədə baş verən qarışıqlıqlar səbəbi ilə Bürhanəddin atası ilə Şama (Suriya Dəməşq) gedir. Bir müddətdən sonra Qeysəriyyəyə qadırlar. İbtadai təhsilini bitirən Bürhanəddin 1358 - ci ildə təhsilini davam etdirmək üçün atası ilə Misirə yollanır. Bürhanəddin bu şəhərlərdə olduğu müddətdə ilahiyyat, tibb, nücum, fəlsəfə, riyaziyyat, məntiq, xəttatlıq və digər elmləri, ərəb və fars dillərini mükəmməl öyrənir. Şair 19 yaşında ikən Məkkəyi-Mükərrəməyə gedir və bir müddət o şəhərdə yaşayır, atasının vəfatından sonra isə Hələbə köçür. 1365 - ci ildə Qeysəriyəyə qayıdaraq Artan hökmdarı Məhəmmədin qızı ilə evlənir. Çox keçmədən sarayda onu qazi təyin edirlər. Bu vəzifədə 10 ildən artıq xidmət göstərən Qazi Bürhanəddin mükəmməl elmi və ədaləti ilə xalqın rəğbətini qazanır.
Artan hökmdarı Məhəmməd öldükdən sonra onun taxtına oğlu Əli keçir. Əli azyaşlı olduğu üçün dövlətin bütün işlərini Qazi Bürhanəddin yerinə yetirirdi. 1378 - ci ildə onu Artan dövlətinə vəzir təyin edirlər. 2 ildən sonra Əli də vəfat edir və Bürhanəddin onun körpə övladının atabəyi olur. Beləliklə, hakimiyyət onun əlinə keçir. 1381- ci ildə Qazi Bürhanəddin hökmdar kimi taxta çıxaraq öz adını daşıyan yeni bir dövlətin əsasını qoyur və sultan elan edilir. Sultanlıq etdiyi dövrdə ölkə iqtisadi və hərbi cəhətdən möhkəmlənir. Sultan Bürhanəddin ticarətin, maarif və mədəniyyətin inkişafına, quruculuq işlərinə xüsusi diqqət yetirir. Yeni - yeni mədrəsələr, karvansaraylar tikdirir və körpülər saldırır.
Bütün həyatını fasiləsiz yürüş və döyüşlərə, daxili və xarici düşmənlərə qarşı mübarizəyə həsr etməsinə baxmayaraq dövlət idarəçiliyi Bürhanəddinə elm və ibadətlə məşğul olmasına maneçilik törətmir. Yüksək elmə malik şair-hökmdarın fəlsəfi fikirləri onun “Tərciüt-tövzih” (“İzahların təkrarı”) və “İksirüs-səadət fi əsrarül-ibadət” (“İbadət əsrarında səadət iksiri”) adı ilə ərəbcə yazdığı risalələrdə əks olunmuşdur.
O, şeirlərini üç dildə – Azərbaycan, fars və ərəb dillərində yazmışdır. Azərbaycanca “Divan”ı bircə nüsxədə saxlanmışdır. Bu nüsxə hələ müəllifin sağlığında xəttat Xəlil ibn Əhməd tərəfindən yazılmış və hazırda Britaniya muzeyindədir. Onu Londona ingilis səfirliyinin işçisi Tomas 1890-cı ildə İstanbuldan aparmışdır. Bu divanının fotofaksimilesi 1943-cü ildə İstanbulda nəşr edilib. 1980-ci ildə M.Ergin şairin divanını tam şəkildə çap etdirmişdir. Azərbaycanda isə ilk dəfə AMEA - nın müxbir üzvü, professor Əlyar Səfərli tərəfindən 1976-cı ildə şairin divanından nümunələr, 1988-ci ildə isə divanı bütövlükdə nəşrə hazırlanmış və kitab şəklində işıq üzü görmüşdür. Bu “Divan” 1319 qəzəl, 20 rübai və 108 tuyuqdan ibarətdir.
Qazi Bürhanəddin Azərbaycan ədəbiyyatında tuyuq janrının banisi hesab edilir. Bürhanəddin ilk dəfə ana dilində tuyuq şəklində şerlər yazmışdır.
Qazi Bürhanəddin ilahi eşqi tərənnüm edən, ilahi sevgini bəyan edən bir çox şeirlər yazaraq özündən sonra gələn sənətkarın Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Kişvəri, Həbibi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif kimi bir çox şairlərin yaradıcılığına ciddi təsir göstərib.
Burhanəddin poeziyasında igidlik, bahadırlıq motivləri çox qabarıq şəkildə özünü göstərmişdir. Həyatı döyüşlərdə keçən şair şeirlərində ərləri, igidləri döyüş meydanlarına çağırır, haqq - ədalət uğrunda vuruşlara səsləyir. Orta əsr tarixçiləri həyatı çarpışmalarda keçmiş Bürhanəddinə “Əbül fəth” (zəfər və fəth sahibi) adını vermişlər.
Qazi Bürhanəddin 1398-ci ildə Ağqoyunlu hökmdarı Qara Yoluq Osman bəylə döyüşdə həlak olub, Sivas şəhərində dəfn edilmişdir. Ölkədə hakimiyyət yeganə oğlu Elməddin Əli Çələbiyə keçsə də, dövlət həmin ildə I Bəyazid tərəfindən süquta uğradılıb.
Tövsiyə edilən ədəbiyyat:
- Bürhanəddin, Qazi. Divan / Q. Bürhanəddin ; tərt. Ə. Q. Səfərli ; red. S. Q. Əlizadə. - Təkrar nəşr. - Bakı : Öndər nəşriyyat, 2005. - 728 s.
- Azərbaycan ədəbiyyatı tarixi : 10 cilddə / AMEA Nizami adına Ədəbiyyat İnstitutu; red. heyəti: İ. Ə. Həbibbəyli [et al.]. III cild : Orta əsrlər Azərbaycan ədəbiyyatı: XIII-XVI əsrlər / İ. Ə. Həbibbəyli, A. Rüstəmova, A. B. Mirzəyev [et al.]. - Bakı : Elm, 2020. - 1092 s.
- Əliyev, Məmməd İrac oğlu. Türkdilli şeirdə təfilə və onun ritmik funksiyası : Azərbaycan şeirinin tarixi təcrübəsi əsasında: təfilə funksional təhlil müstəvisində / M. İ. Əliyev ; elmi red. Ə. Hüseynli ; AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. - Bakı : Elm və təhsil, 2023. - 168 s.
- Qulusoy, İlkin Etibar oğlu. Qazi Bürhanəddin "Divan"ının dilinin sintaksisi /İ. Qulusoy ; elmi red. Q. Kazımov. - Ankara: Sonçağ akademi, 2019. - 193 s.