Tarixdən səhifələr

Görkəmli bəstəkar Vasif Adıgözəlov

Görkəmli bəstəkar Vasif Adıgözəlov

Vasif Zülfüqar oğlu Adıgözəlov 1935-ci il iyulun 28-də Bakı şəhərində anadan olmuşdur. İlk musiqi təhsilini ixtisaslaşmış musiqi məktəbinin fortepiano sinfində alan Vasif Adıgözəlov 1953-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuşdur. O, konservatoriyanı 1958-ci ildə bəstəkarlıq, 1959-cu ildə isə fortepiano ixtisası üzrə bitirmişdir.

Hələ tələbə ikən yaradıcılığa başlayan Vasif Adıgözəlovun ilk əsərləri 1956-cı ildə Azərbaycan Bəstəkarlarının birinci qurultayında ifa olunmuşdur. O, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində baş redaktor, 1959-1960-cı illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun müəllimi, 1960-1961-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş musiqi redaktoru, 1962-1968-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə heyətinin məsul katibi, 1968-1978-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri, 1972-1983-cü illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun direktoru vəzifələrində işləmişdir.

Vasif Adıgözəlov 1972-ci ildən taleyini Bakı Musiqi Akademiyası ilə bağlamış, burada müəllim, dosent, professor və Xor dirijorluğu kafedrasının müdiri kimi gənc musiqiçilər nəslinin yetişdirilməsində mühüm xidmətlər göstərmişdir. 1990-cı ildən o, Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi vəzifəsində çalışırdı.

Böyük musiqiçilər nəslinin layiqli nümayəndəsi Vasif Adıgözəlov müxtəlif janrlı əsərlərində həmişə zamanın nəbzini duymuşdur. Bəstəkarın xalqımızın muğam xəzinəsinə dərin bələdliyi ilə səciyyələnən yaradıcılığı müasir Azərbaycan musiqi sənətinin parlaq səhifələrindən birini təşkil edir. Vasif Adıgözəlovun pianoçu kimi ifaçılıq fəaliyyəti də musiqi tariximizdə xüsusi yer tutur.

Vasif Adıgözəlov müasirliklə milliliyin uğurlu sintezinə nail olaraq, qiymətli əsərlər yaratmışdır. Ayrı-ayrı illərdə bəstələdiyi simfoniyaları və simfonik poemaları, fortepiano və skripka üçün konsertləri, oratoriyaları, operaları və musiqili komediyaları görkəmli sənətkara böyük şöhrət gətirmişdir. Onun yaradıcılığı simfonik, vokal-simfonik və iri həcmli instrumental əsərlərlə yanaşı, populyar mahnı janrının gözəl nümunələri ilə də zəngindir. Bəstəkar öz əsərlərində Azərbaycan xalq musiqisinin bütün janrlarının bədii ifadə vasitələrindən, inkişaf prinsiplərindən məharətlə istifadə etmişdir. Vasif Adıgözəlovun yaradıcılığı üçün parlaq melodizm və milli muğamlarımızdan qaynaqlanan xüsusiyyətlər xarakterikdir. Sənətkarın bir sıra kinofilmlərə və dram tamaşalarına bəstələdiyi musiqi də böyük maraqla qarşılanmışdır.

Vasif Adıgözəlovun Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında mühüm rolu olmuşdur. O, peşəkar musiqiçi kadrların hazırlanmasına, Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətinin təşkilinə böyük məsuliyyətlə yanaşan bir şəxsiyyət idi. Vasif Adıgözəlov cəmiyyətimizdə baş verən hadisələrə münasibətdə həmişə vətəndaşlıq mövqeyindən çıxış edən əsil ziyalı kimi tanınırdı.

Bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki xidmətləri yüksək qiymətləndirilmişdir. O, bir çox fəxri adlara layiq görülmüş, Azərbaycan Respublikasının ali mükafatları - “Şöhrət” (1995) və “İstiqlal” (2005) ordenləri ilə təltif olunmuşdur.

Görkəmli bəstəkar Vasif Adıgözəlov 2006-cı il sentyabrın 15-də dünyasını dəyişib və Fəxri xiyabanda dəfn olunub.


Tövsiyə edilən ədəbiyyat:

  1. Vasif Adıgözəlov: yaradıcı həyatın anları : fotoalbom = Васиф Адигезалов - мгновения творческой жизни : фотоальбом / Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. - Bakı : Efendi Publishing House, 2015. - 220 s.
  2. Babayeva, Həcər. Vasif Adıgözəlov : Monoqrafiya /H. Babayeva; Nəşr ed. V. Əziz. - Bakı: Ergün, 1995. - 24 s.
  3. Rzayeva, Sevinc Tofiq qızı. Vasif Adıgözəlov. Vətən sevgisi : [monoqrafiya] /S. T. Rzayeva ; elmi red. A. Tağızadə ; ön söz F. Bədəlbəyli. - Bakı: "Azərbaycan", 2017. - 180 s.
  4. Эфендиева, Имруз. Васиф Адигезалов /Имруз Эфендиева ; предисл. Т. Кулиев ; под ред. Т. А. Мамедова. - Баку: [б.и.], 1999. – 323 с.