Tarixdən səhifələr

Görkəmli şair Məhəmmədhüseyn Şəhriyar

Görkəmli şair Məhəmmədhüseyn Şəhriyar

Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbrizin Bağmeşə bölgəsində, hüquqşünas Hacı Mirağa Xoşginabinin ailəsində anadan olub. Atası vəkillik edərək ailəni dolandırır, şeir və musiqiyə olan sevgisi ilə oğlunun tərbiyəsində böyük rol oynayırdı. Şəhriyarın ədəbiyyata marağı uşaqlıqdan başlayır: 7 yaşında Azərbaycan dilində, 9 yaşında fars dilində şeirlər yazır. Atasının kitabxanası onun bilik mənbəyi olur. Təbrizdə mədrəsədə ilk təhsilini alan Şəhriyar, yay tətillərini Xoşginabda, Heydərbaba dağının ətəklərində keçirir və Molla İbrahimin rəhbərliyi ilə biliklərini dərinləşdirir. 1913-cü ildə, Təbrizdəki Məhəmmədiyyə məktəbində oxuyarkən ilk şeiri “Ədəb” jurnalında dərc olunur. Orta təhsilini Təbrizdə bitirib 1922-ci ildə Tehran Universitetinin tibb fakültəsinə qəbul olunur.

1920-ci illərin ortalarında Şəhriyar gənc şair kimi tanınmağa başlayır. Bu dövrdə Sürəyya adlı qıza aşiq olur, amma qızın varlı qohumlarının etirazı ilə üzləşir. Bu etirazlar Şəhriyarın Tehrandan Nişabura sürgün edilməsinə səbəb olur və o, tibb təhsilini yarımçıq qoyur. Sürgün illərində İranın müxtəlif şəhərlərində, o cümlədən Məşhəddə məmurluq edir. 1930-cu illərin ortalarında Tehrana qayıdıb bir bankda işə düzəlir. 1934-cü ildə atasının vəfatından sonra xüsusi şeir yazır. Anasının vəfatı isə “Eyvay madərim!” (Ah, anam!) şeirində dərin kədərlə əks olunur. Maddi sıxıntılar bu dövrdə də onun həyatını çətinləşdirir.

Şəhriyarın poeziya aləmindəki şöhrəti Seyid Məhəmmədhüseyn Behcət Təbrizi kimi başlayır. Lakin bir gün özünə təxəllüs seçmək qərarına gəlir və Hafizin “Bəxtnamə” kitabını açaraq “Şəhriyar” adını seçir. Bu ad onun poeziya dünyasında əbədi iz qoyur. İlk şeir kitabı “Tanrının səsi” Tehranda nəşr olunur, kitab Məlikü-şüəra Bahar, Səid Nəfisi və Peyman Bəxtiyari kimi tanınmış alimlərin müqəddimələri ilə nəşr edilir, bu da Şəhriyarın poeziyasının erkən dövrdə belə yüksək qiymətləndirildiyini göstərir. Şəhriyarın əsərləri qəzəl, qəsidə, məsnəvi, qitə və rübai janrlarında yazılır, Azərbaycan və vətən sevgisi, azadlıq ruhu onun şeirlərinin əsas mövzusudur.

1950-ci illərin əvvəllərində Şəhriyar Təbrizə qayıdır və 1953-cü ildə ibtidai məktəb müəllimi Əzizə xanımla ailə qurur. Bu evlilik ona müəyyən sabitlik gətirsə də, ailəsi ilə uzun illər maddi sıxıntılar içində yaşayır. Şəhriyarın ən böyük ədəbi nailiyyəti, XX əsr Azərbaycan poeziyasının şah əsərlərindən olan “Heydərbabaya salam” poemasıdır. Poema iki hissədən ibarətdir: birinci hissə (77 bənd) Tehranda, ikinci hissə (48 bənd) isə Təbrizdə yazılmışdır. Bu əsərdə təbiətin gözəlliyi, kənd həyatının sadəliyi, insanların sevinc və kədərləri, adət-ənənələri incəliklə təsvir olunur. Poema Şəhriyarın vətənə bağlılığını və xalqının ruhunu əks etdirən ən mühüm əsəridir.

İranda şahlıq rejimi devrildikdən sonra hökumət Şəhriyarın maddi vəziyyətini yaxşılaşdırmaq üçün addımlar atır, ona abad mənzil və təqaüd təyin edir. Lakin gənclikdən bəri yaşadığı fiziki və mənəvi çətinliklər onun səhhətini ciddi şəkildə zədələyir. Sürgün illərində çəkdiyi əzablar və maddi məhrumiyyətlər səbəbindən dəfələrlə xəstələnir, evində və xəstəxanalarda müalicə alır. 1988-ci il sentyabrın 18-də Tehranın “Mehr” xəstəxanasında ağ ciyər iltihabı və ürək çatışmazlığından vəfat edir. Vəsiyyətinə uyğun olaraq cənazəsi Təbrizə gətirilir və Surxabdakı “Şairlər qəbristanı”nda dəfn olunur.

Şəhriyarın poeziyası həm Azərbaycan, həm də fars ədəbiyyatının zənginləşməsində mühüm rol oynayıb. Onun əsərləri, xüsusən “Heydərbabaya salam”, vətənə bağlılıq və xalqın ruhunu əks etdirən əbədi dəyərlərə malikdir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Ələkbərli, Faiq Qəzənfər oğlu.  Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixi: XIX-XX əsrlər : monoqrafiya / F. Q. Ələkbərli ; elmi red. Z. M. Şabanov ; Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası. III hissə. - Bakı : Elm və təhsil, 2021. - 684 s.
  2. Məhəmmədi, Məsiağa Əhməd oğlu. Şəhriyar və zəmanəmiz / M. Ə. Məhəmmədi ; red., ön sözün müəl. Q. F. Bayramov. - Bakı : ADMİU, 2015. - 80 s.
  3. Gedikli, Yusif. Şəhriyar və bütün türkcə şeirləri / Y. Gedikli ; türkcədən tərc. X. Xalid ; elmi red. F. Gedikli. - Bakı : YOM Yayınları, 2007. - 192 s.
  4. Şəhriyar, Məhəmmədhüseyn. Seçilmiş əsərləri / M. Şəhriyar. - Bakı : Elm, 2000. - 492 s.
  5. Quliyev, Elman Hilal oğlu. Seyid Məhəmmədhüseyn Şəhriyar / E. H. Quliyev ; elmi red. A. Hacıyev. - Bakı : Mütərcim, 1999. - 180 s.