Məşhur fotoqraf Reza Deqati
Azərbaycan əsilli, dünya şöhrətli fransız fotoqraf Reza Deqati (Rza Diqqəti) 26 iyul 1952-ci ildə Təbrizdə azərbaycanlı ailəsində dünyaya gəlib. Reza Deqati ilk şəklini 14 yaşında olarkən Pərvaz adlı jurnalda yayımlayıb. Ali təhsilini Tehran Dövlət Universitetinin Memarlıq fakültəsində oxumağına baxmayaraq həvəskar fotoqraf kimi fəaliyyətini də davam etdirib. Lakin onun fotoları şah rejimi tərəfindən bəyənilmədiyinə görə 22 yaşında olarkən 3 il 5 ay müddətinə həbs edilib. Həbsdən çıxdıqdan sonra memarlıq təhsilini yarımçıq qoyaraq peşəkar fotoqraflıqla məşğul olmaq qərarına gəlir və fəaliyyətə İran İnqilabını çəkməklə başlayır. Bir çox təzyiqlərə məruz qalan Deqati İranı tərk etməli olur və 1981-ci ildə Fransaya gedir. 1992-ci ildə həyat yoldaşı yazıçı Reyçel Deqati ilə birlikdə Parisdə Webistan Foto Agentliyinin əsasını qoyurlar.
1996-cı ildə o, YUNİSEF və Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlıq edərək Ruandada qaçqın şəhərciklərində şəkillər çəkməyə başlayır. 2001-ci ildə Əfqanıstandakı uşaq və qadınların təhsili məsələləri ilə məşğul olan AINA xeyriyyəçilik assosiasiyasının əsasını qoyur. Bu məktəblərdə təlim görən əfqanlar hazırda Banqladeş, Çin, Fransa və digər ölkələrdə fotoqraf olaraq fəaliyyət göstərirlər.
Azərbaycan Respublikasına ilk dəfə 1987-ci ildə səfər edən fotojurnalist ölkəni gəzərək sadə insanların gündəlik həyatını, məişətini, adət-ənənələrini fotolarda əbədiləşdirib. O bu illərdə çəkdiyi fotosunu “Odun cazibəsi” kitabında nəşr etdirmişdir.
Reza Deqati Xocalı soyqırımının qurbanlarının və şahidlərinin yaradıcılığının əsas qəhrəmanları olduğunu hər zaman dünyaya çatdırmışdır. Doğma millətinə daim bağlı olan vətənpərvər humanist Reza Deqati 1992-ci ildə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı syqırımının bir çox görüntülərini lentə alaraq əbədiləşdirmişdir. Bu görüntülər “Günahsızların qırğını” kitabında öz əksini tapmışdır. Kitabda Xocalı soyqırımının dünyada tanınması məqsədilə müxtəlif ölkələrdə keçirilən tədbirlərdən, qaçqın və məcburi köçkünlər üçün salınan şəhərcikdən fotolar yerləşririlib. “Günahsızların qırğını” və “Odun cazibəsi” kitabı Heydər Əliyev Fondu tərəfindən işıq üzü görmüşdür və bu kitabların Fransada fotolarla birlikdə sərgisi 2014-cü ildə nümayiş etdirilmişdir.
1979-cu ildən dünyada baş verən sarsıntıların danılmaz şahidi olan Reza Deqati “sülh müxbiri” olmağı seçərək, münaqişədə olan cəmiyyətlərin, millətlərin və dövlətlərin talelərini fotolarıyla vizual hekayəyə çevirməyi məharətlə bacarmışdır.
Dəfələrlə beynəlxalq səviyyəli mükafatlarla təltif edilmiş Reza Deqati 35 kitabın müəllifidir. Aşoka Fondunun baş əməkdaşı olan Reza “World Press Photo”, Beynəlxalq Fotoqrafiya Mərkəzinin “Infinity Award”, “Lucy Award” mükafatları ilə təltif olunub. Missuri Universitetinin “Şərəf Medalı”na layiq görülüb. O, Paris Amerika Universitetinin fəxri doktoru adını alıb. Fransada Milli Xidmətlər üzrə “Cəngavər” medalı ilə təltif olunub. Reza Deqatinin “Talelərin qovuşması”, “Müharibə+Sülh”, “Ümid”, “Qəlbin pəncərəsi” kimi layihələri dünyada məşhurdur. O, ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin üzvü, bir çox nüfuzlu universitetlərin fəxri doktoru, Fransa Respublikasının “Xidmətlərə görə” ordeninin laureatıdır.
Tövsiyə edilən ədəbiyyat:
- Wounded Heritage : Silent Witnesses: Karabakh before and after occupation: [photo album] / Baku International Multiculturalism Centre [et al.] ; curated, phot. R. Deghati. - Baku : Max Ofset LLC, 2024. - 159 p.
- Azerbaïdjan, le massacre des innocents /Texte de R. Deghati ; photo Reza Deghati ; edt. P. Ismayilova ; Fondation Heydar Aliyev. - Bakou: Mega basim, 2014. - 216 f.