Müstəqillik əldə etdikdən sonra diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarətdir.
Azərbaycanda ilk dəmir yolunun çəkilməsi və sonradan inkişaf etdiriməsi birbaşa neft daşınması ilə əlaqədar olmuşdur. Abşeronda neftin olması qədim zamanlardan bəlli idi. Bakı nefti uzun müddət sistemsiz üsulla çıxarılmış və əsasən Azərbaycanda, onun daşındığı Yaxın və Orta Asiya ölkələrində, Rusiya və Hindistanda işıqlandırma və müalicə üçün istifadə edilmişdir. 1871-ci ildə ilk qazma quyusunun meydana gəlməsi,neftin qazma üsulu ilə çıxarılmasının daha da inkişaf etdirilməsi, xüsusən XIX əsrin 70-ci illərinin əvvəllərində alış-veriş sisteminin ləğvi ilə əlaqədar neftçıxarma kəskin surətdə artdı.
1952-ci ildə Azərbaycanda satirik jurnal olan “Kirpi”nin nəşrə başlaması zaman və dövrün tələbatı baxımından reallaşmışdır. Mövcüd nöqsanları ciddi tənqid etmək üçün “Molla Nəsrəddin” məktəbinin yeni məzmunda davamına, yeni satirik mətbu orqanına ciddi ehtiyac duyulduğu bir vaxtda oxucuları sevindirən jurnal dövrün neqativ hallarına qarşı barışmazlıq nümayiş etdirirdi. “Kirpi” Respublika hökumətinin qərarı ilə ilk və yeganə rəsmi satira jurnalı olaraq yaradılmış və 1990-cı illərə kimi bu oxunaqlı jurnalın hər nömrəsi 400 min nüsxə ilə çap edilmişdir. “Kirpi” jurnalında bürokratizmə və rüşvətxorluğa qarşı mübarizə güclü idi.
Almaniyanın təslim olmasından sonra Avropada dinc tənzimləmə məsələlərini müzakirə və həll etmək üçün ABŞ, İngiltərə və SSRİ arasında Berlində konfrans keçirtmək haqqında qərar qəbul edildi. SSRİ, ABŞ və İngiltərə rəhbərlərinin iştirakı ilə Berlin konfransı şəhərin yaxınlığındakı Potsdamda keçirildiyinə görə həm də Potsdam konfransı adlanır, şərti adı isə «Terminal» («Sonuncu stansiya») idi. Konfrans Stalin, Çörçill və Trumen başda olmaqla 1945-ci il iyulun 17-dən avqustun 2-dək oldu. Konfransın gedişində Çörçilli seçkilərdə qələbə qazanmış leyborist partiyasının lideri K.Ettli əvəz etdi.
Şahmat oyunu bəşəriyyət tarixinin ən qədim, eyni zamanda ən mükəmməl stolüstü strateji oyunlarından biri hesab olunur. İnsan zəkasının yaradıcılıq məhsulu olan şahmat bu gün yalnız sadəcə bir oyun kimi deyil, həm də dünya mədəniyyətinin maraqlı bir sahəsi kimi yüksək qiymətləndirilir. Beynəlxalq Şahmat Federasiyası (FİDE) 1924-cü il iyulun 20-də, Yay Olimpiya Oyunları dövründə təsis edilib. 1966-cı ildə UNESCO hər il iyulun 20-sini Dünya Şahmat Günü kimi qeyd olunması haqqında qərar qəbul edib. FİDE — beynəlxalq şahmat federasiyası, idman təşkilatının əsası Parisdə qoyulmuşdur. FİDE yaradılan vaxt 14 ölkəni əhatə edirdi.
1929-1933-cü illərdə baş verən iqtisadi böhranlar dünya iqtisadiyyatındakı tarazlığı pozmuşdur. Minlərlə banklar müflisləşmiş, əmanətlərin qaytarılması ümid itmiş, kənd təsərrüfatı məhsullarının qiymətləri maya dəyərindən aşağı düşmüş, torpağın qiyməti azalmış, zavodlar dayanmış, işsizlik artmışdır. Bütün bunlarla yanaşı beynəlxalq maliyyə sistemində, valyuta birjalarında da tarazlıq kökündən pozulmuşdur. Kağız pullara olan inamın azalması qızıla olan tələbatı artırırdı. Odur ki, maliyyə orqanlarında olan qızıl ehtiyatı da çoxalırdı. Bu vəziyyətin təsiri altında başda Böyük Britaniya olmaqla bəzi dövlətlər qızıl standartından imtina etmişlər.
Əcəmi Əbubəkr oğlu Naxçıvani – Azərbaycanın görkəmli memarı, Naxçıvan memarlıq məktəbinin banisidir. Əcəmi orta əsr Azərbaycan memarlığına yeni istiqamət vermiş, özünün sənət dühası ilə Səlcuqilər dövrü memarlığının bir qədər ağır və sərt üslubuna böyük incəlik və dinamiklik gətirmiş, Yaxın Şərq memarlığına güclü təsir göstərmişdir. Şərqin böyük dühaları ona "Şeyxül-mühəndis" fəxri adı vermişdilər. Əcəminin yaradıcılığı XII əsrdə qüdrətli Azərbaycan Atabəyləri dövlətinin paytaxtı Naxçıvanla bağlı olmuşdur. Mühüm beynəlxalq ticarət yolları qovşağında yerləşən, Azərbaycanın siyasi, iqtisadi, mədəniyyət, sənətkarlıq mərkəzi olan Naxçıvanda geniş abadlıq və tikinti işləri aparılırdı.
Fərman Qurban oğlu Salmanov 1928-ci il iyulun 28-də Azərbaycan Respublikasının Şamxor (indiki Şəmkir) rayonunun Morul kəndində anadan olub. Orta məktəbi başa vurduqdan sonra Azərbaycan Sənaye İnstitutunda ali təhsil alaraq, 1954-cü ildə həmin institutun geoloji kəşfiyyat fakültəsini bitirmişdir. F.Salmanov institutu bitirəndən sonra Bakıya təyinat alır, lakin neft sənayesi naziri N.K.Baybakova məktub yazıb, Sibirə işə göndərilməsini xahiş edir. Gənc neftçinin arzusu yerinə yetirilir və F.Salmanov 1955-1957-ci illərdə Kemerovo vilayətində Plotnikovo neft kəşfiyyatı ekspedisiyasının rəisi və Qryaznen neft kəşfiyyatı ekspedisiyasında baş geoloq işləyir.
BMT Baş Assambleyasının 2013-cü il dekabrın 18-də qəbul etdiyi qətnaməyə əsasən hər il iyulun 30-u Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü kimi qeyd edilir. Dünyanın inkişaf etmiş əksər ölkələrində dövlət tərəfindən həyata keçirilən mühüm tədbirlərdən biri də insan alverinə qarşı mübarizədir. Müasir dövr insan alverinin təhlükəliliyi onun müxtəlif formalarda həyata keçirilməsindədir. İnsan alverini yaradan səbəblərdən - əhalinin səmərəli məşğuliyyətinə məhdudiyyətlərin olması, qurbanların təhsil səviyyəsi, sosial müdafiəsi, yoxsulluğun mövcudluğu, əmək bazarında ayrı seçkilik, gender bərabərsizliyi və s. göstərmək olar.
İsmayılov Rüstəm Hacıəli oğlu 1909-cu il iyulun 1-də Bakı şəhərində anadan olmuşdur. 1920-1926-cı illərdə Zaqafqaziya hərbi hazırlıq məktəbində təhsil alıb. 1929-cu ildə Azərbaycan Sənaye İnstitutunun Neft Texnologiyası fakültəsinə daxil olub, eyni zamanda iş fəaliyyətinə başlayıb. O, Budyonnı adına “Neft-qaz” zavodunda növbətçi rəis və qurğu briqadiri işləyib. 1933-cü ildə Azərbaycan Neft İnstitutunu mühəndis texnoloq ixtisası üzrə bitirib. Ardınca çalışdığı zavodda 1933-1938-ci illərdə sex rəisi və direktor vəzifəsində çalışıb.