Akademik Rüstəm İsmayılov
İsmayılov Rüstəm Hacıəli oğlu 1909-cu il iyulun 1-də Bakı şəhərində anadan olmuşdur. 1920-1926-cı illərdə Zaqafqaziya hərbi hazırlıq məktəbində təhsil alıb. 1929-cu ildə Azərbaycan Sənaye İnstitutunun Neft Texnologiyası fakültəsinə daxil olub, eyni zamanda iş fəaliyyətinə başlayıb. O, Budyonnı adına “Neft-qaz” zavodunda növbətçi rəis və qurğu briqadiri işləyib.
1933-cü ildə Azərbaycan Neft İnstitutunu mühəndis texnoloq ixtisası üzrə bitirib. Ardınca çalışdığı zavodda 1933-1938-ci illərdə sex rəisi və direktor vəzifəsində çalışıb.
II Dünya müharibəsi illərində (1940-1942) R.İsmayılov “Azərneftkombinat”ın neft emalı şöbəsinin rəis müavini, “Azqaz” trestinin müdiri olub.
R.İsmayılov 1945-ci ildə kimya üzrə fəlsəfə doktoru, 1961-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1958-ci ildə professor elmi adını almışdır. 1959-cu ildə AEA-nın müxbir üzvü, 1962-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Bakı şəhəri İcra Hakimiyyətinin sədri (1950-1952), Bakı şəhəri İcra Hakimiyyətinin sədr müavini (1952-1954), “AzərNeftzavodları” Birliyinin baş mühəndisi (1954-1959), Azərbaycan SSR XTŞ Neft emalı və Kimya sənayesinin idarə rəisi (1959-1961), Azərbaycan SSR XTŞ 1-ci sədr müavini (1961-1965), Azərbaycan SSRİ Neft emalı və neft-kimya sənayesi naziri (1965-1967), Azərbaycan SSR EA-nın prezidenti (1967-1970), Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri vəzifəsində çalışmışdır (1970-1972).
Respublikanın neft emalı, neft kimyası və kimya sənayesinin yaradılması R.İsmayılovun adı ilə bağlıdır.
R.İsmayılov respublika neft-kimyəvi sintez proseslərinin, o cümlədən Sumqayıt sənaye rayonunda kimyanın inkişafının təşəbbüsçülərindəndir.Onun rəhbərliyi altında Bakı termiki krekinq qurğularının rekonstruksiyası, aşağı oktan ədədli benzin-liqroin fraksiyalarının katalitik aromatikləşməsi üzrə tədqiqatlar, neft xammalının pirolizi texnologiyasının təkmilləşməsi üzrə mühüm işlər aparılmışdır. Respublikanın neft-kimya sahəsinin inkişafı üçün karbohidrogen xammalı bazasının yaradılması onun adı ilə bağlıdır.
İkinci Dünya müharibəsi illərində Azərbaycanın neft emalı sənayesinin əsas problemlərindən biri cəbhənin ehtiyaclarının ödənilməsi idi. Məhz R.İsmayılovun bilavasitə iştirakı ilə neft məhsullarının emalının artırılması üçün bütün işlər görülmüşdür. Onun rəhbərliyi altında müharibədən sonrakı illərdə neft emalı sənayesinin işi daha da təkmilləşmiş, yeni istehsalatlar yaradılmışdır.
R.İsmayılovun həmmüəlliflərlə birlikdə neft emalı sənayesi sahəsində mühüm tədqiqat işlərindən biri xüsusi markalı aviabenzin istehsalının artırılması məqsədilə Azərbaycan neftinin emalının effektiv sxeminin tətbiqi olmuşdur. Azərbaycan cəbhəni təmin edən yeganə təchizatçı sayıldığından, bu benzin İkinci Dünya müharibəsi illərində çox qiymətli idi.
R.İsmayılovun müxtəlif karbohidrogen birləşmələrinin alkilləşdirilməsi, oliqomerləşdirilməsi və polimerləşdirilməsi sahəsindəki işləri böyük maraqla qarşılanmışdır.
R.İsmayılov xlorüzvi sintezinin istehsalata tətbiqi texnologiyasının təkmilləşdirilməsi sahəsində böyük rol oynamışdır.
O, 200-dən çox elmi əsərin, o cümlədən 40 müəlliflik şəhadətnaməsinin və 7 monoqrafiyanın müəllifidir.
R.İsmayılov dəfələrlə xaricdə respublika elmini ləyaqətlə təmsil etmişdir.
Elm və texnikanın inkişafında xidmətlərinə görə Sosialist Əməyi Qəhrəmanı, Əməkdar elm xadimi, SSRİ Dövlət Mükafatı Laureatı adlarına, 4 “Lenin ordeni”, “Şərəf nişanı” ordenlərinə layiq görülmüşdür.
Akademik Rüstəm İsmayılov 1 iyun 1972-ci ildə Bakıda vəfat etmişdir.
Tövsiyə edilən ədəbiyyat:
- Azərbaycan Milli Elmlər Akademiyası - 60 / red. heyəti: M. K. Kərimov [et al.]. - Bakı : Elm, 2005. - 470 s.
- Azərbaycan Elmlər Akademiyasının yaranma tarixi = История создания Национальной Академии Наук Азербайджана : [kitab-albom] / Azərbaycan Milli Elmlər Akademiyası ; tərt.-müəl.: Z. Ə. Hacıyeva, N. A. Əliyarlı. - Bakı : n. y., 2015. - 125 s.
- Akademiya simalarda : 1945-2015 / Azərbaycan Milli Elmlər Akademiyası. - Bakı : Elm, 2015. - 462 s.
- Azərbaycan Milli Elmlər Akademiyası simalarda : 75 il: 1945-2020 / Azərbaycan Milli Elmlər Akademiyası ; red. heyəti: İ. Ə. Həbibbəyli [et al.] ; baş red. R. Ə. Mehdiyev. - Bakı : Elm, 2021. - 987 s.
- Məlikli, Günel Qurbanəli qızı. Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu / G. Q. Məlikli ; elmi red. İ. Ə. Həbibbəyli ; AMEA Fəlsəfə və Sosiologiya İnstitutu. - Bakı : Elm : Red N Line, 2020. - 240 s.