Tarixdən səhifələr

Azərbaycanın iqtisadi bütövlüyünün bərpası: Qarabağ və Şərqi Zəngəzur

Azərbaycanın iqtisadi bütövlüyünün bərpası: Qarabağ və Şərqi Zəngəzur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 7 iyul tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanı ilə ölkənin iqtisadi-coğrafi xəritəsi yenidən cızıldı. Bu Fərman yalnız inzibati-iqtisadi bölgü sənədi deyil, həm də işğaldan azad edilmiş torpaqlara siyasi, iqtisadi və sosial baxımdan kompleks yanaşmanın bələdçisidir. Yeni bölgü modeli Azərbaycanın müstəqillik dövründə reallaşdırdığı sistemli idarəetmə islahatlarının məntiqi davamı olmaqla, postmüharibə dövrünün çağırışlarına verilmiş cavabdır.

Bu islahatın əsas mərkəzində isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması dayanır. Məhz bu ərazilər Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yeni iqtisadi inkişaf mərhələsinin başlanğıc nöqtəsinə çevrilib. Qeyd edilən iqtisadi rayonlar yalnız strateji planlaşdırma predmetləri deyil, həm də Azərbaycanın geosiyasi iradəsinin, tarixi ədalətin və gələcək dövlət siyasətinin mərkəzi sütunlarıdır.

Qarabağ iqtisadi rayonu Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarını əhatə edir. Bu bölgənin yenidən iqtisadi dövriyyəyə qaytarılması yalnız yerli əhalinin rifahı baxımından deyil, bütövlükdə ölkənin makroiqtisadi inkişafı üçün həlledici əhəmiyyətə malikdir. Qarabağın məhsuldar torpaqları, kənd təsərrüfatı potensialı, zəngin su resursları və turizm imkanları Azərbaycanın ərzaq təhlükəsizliyinin və iqtisadi diversifikasiyasının mühüm dayaqlarından birinə çevrilə bilər. Xüsusilə Şuşa şəhərinin iqtisadi rayona daxil edilməsi bu bölgəyə simvolik deyil, real inkişaf impulsu verir. Çünki Şuşa təkcə mədəniyyət paytaxtı deyil – o, həm də Azərbaycanın regional siyasətinin geoiqtisadi açarıdır.

Şərqi Zəngəzur iqtisadi rayonunun (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan) yaradılması isə çoxölçülü strateji baxışın məhsuludur. Bu rayon, yalnız Azərbaycan üçün deyil, həm də Cənubi Qafqaz regionu üçün yeni iqtisadi və nəqliyyat reallıqlarının başlanğıcıdır. Laçın və Kəlbəcərin dağ-mədən ehtiyatları, Zəngilan və Qubadlının meşə, su və biomüxtəliflik sərvətləri, Cəbrayılın məhsuldar düzənlikləri bu regionu həm aqrar inkişaf zonası, həm də yaşıl enerji məkanı kimi müəyyən edir. Üstəlik, bu bölgənin Zəngəzur dəhlizi vasitəsilə regional və beynəlxalq logistik sistemə inteqrasiyası Azərbaycanın Orta Dəhliz strategiyasında həlledici mövqeyini gücləndirəcək.

Yeni iqtisadi bölgü Azərbaycanda regional ixtisaslaşmanı stimullaşdırmaqla yanaşı, azad edilmiş ərazilərin planlı və sistemli inkişafını təmin etmək məqsədi daşıyır. Bu ərazilərdə “ağıllı kənd” və “ağıllı şəhər” modellərinin tətbiqi, yaşıl enerji zonalarının qurulması, müasir texnologiyalara əsaslanan idarəetmə mexanizmləri Qarabağ və Şərqi Zəngəzuru XXI əsrin innovasiya platformasına çevirir.

Ən mühüm məsələlərdən biri də budur: yeni bölgü yalnız iqtisadi təhlil nəticəsində aparılmayıb – burada siyasi reallıqlar, təhlükəsizlik amilləri, kommunikasiya prioritetləri və sosial balans da nəzərə alınıb. Bu yanaşma xüsusilə Qarabağ və Şərqi Zəngəzur üçün aktualdır. Hər iki bölgə Ermənistanla sərhəddə yerləşdiyindən, burada əhalinin sabit şəkildə məskunlaşdırılması, sosial infrastrukturun qurulması, investisiya mühitinin formalaşdırılması təkcə iqtisadi deyil, həm də milli təhlükəsizlik prioritetidir. Prezident İlham Əliyevin bu bölgələri müstəqil iqtisadi rayon kimi müəyyən etməsi dövlət siyasətində bu bölgələrə verilən strateji dəyərin göstəricisidir.

Qarabağ və Şərqi Zəngəzurun iqtisadi rayon kimi identifikasiyası, eyni zamanda milli yaddaşın iqtisadi-siyasi modelə inteqrasiyasıdır. Uzun illər işğalda qalmış bu torpaqlara iqtisadi həyatın qaytarılması yalnız fiziki infrastrukturun yenidən qurulması deyil – bu, həm də mənəvi infrastrukturun, tarixi yaddaşın, sosial bağların bərpasıdır. Bu prosesin əsas hədəfi bölgənin tammiqyaslı bərpası və dayanıqlı inkişafıdır. Bu isə yalnız dövlət investisiyaları hesabına deyil, özəl sektorun da fəal iştirakı ilə mümkün olacaq. Yeni bölgü məhz bu baxımdan da xüsusi aktuallıq daşıyır – çünki bu model investorlar üçün daha çevik, daha şəffaf və daha məqsədyönlü fəaliyyət platforması təqdim edir.

Bütövlükdə 2021-ci il 7 iyul tarixli Fərman Azərbaycanın gələcəyini planlaşdırmaq gücünü nümayiş etdirən sənəddir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması Azərbaycanın yalnız ərazi bütövlüyünün deyil, iqtisadi suverenliyinin də təmin olunmasına xidmət edir. Bu qərar Prezident İlham Əliyevin postmünaqişə dövründə bərpa və inkişafla bağlı verdiyi vədlərin siyasi-hüquqi təcəssümüdür. Fərmanın həyata keçirilməsi nəticəsində həm regional tarazlıq təmin olunur, həm də Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlıqda rolunun yeni mərhələsi başlanır.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının təsis edilməsi təkcə inzibati bölgü məsələsi deyil, həm də Azərbaycanın postmünaqişə dövründə sosial-iqtisadi konsolidasiyasını təmin etməyə yönəlmiş dərin strateji yanaşmadır. Bu bölgü Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası fonunda yeni iqtisadi hədəflərə və dayanıqlı inkişaf strategiyasına keçidi simvolizə edir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Əliyev, Şəfa Tiflis oğlu. Azad iqtisadi zonaların inkişafının aktual aspektləri : monoqrafiya / Ş. T. Əliyev ; elmi red. Ü. Q. Əliyev ; Sumqayıt Dövlət Universiteti. - Sumqayıt : SDU-nun nəşri, 2022. - 422 s.
  2. İbrahimov, Elşən Əli oğlu. Azərbaycan Respublikasında iqtisadiyyatın davamlı inkişafının strateji istiqamətləri : monoqrafiya / E. Ə. İbrahimov ; elmi red. Ə. X. Nuriyev ; Azərbaycan Kooperasiya Universiteti. - Bakı : Kooperasiya nəşriyyatı, 2023. - 368 s.
  3. Vəliyeva, Səbinə İzzət qızı. Azərbaycanın işğaldan azad olunmuş ərazilərnin davamlı iqtisadi inkişaf perspektivləri : monoqrafiya / S. İ. Vəliyeva ; elmi red. B. X. Ataşov ; Azərbaycan Kooperasiya Universiteti. - Bakı : Kooperasiya nəşriyyatı, 2024. - 376 s.