Azərbaycan estrada musiqisinin görkəmli nümayəndələrindən biri Mirzə Babayev
Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət" ordeni laureatı, Azərbaycan milli estrada musiqisinin banilərindən hesab edilən Mirzə Babayev 1913-cü il iyul ayının 16 - da Bakı şəhərinin Maştağa kəndində dünyaya gəlib. Mirzə Babayevin atası Əbdül Cabbar dövrünün tanınmış diş həkimi olub. Mirzə Babayevin anası Sona Xanlarova musiqiçi, qarmon ifaçısı olmuşdur.
Mirzə Babayev 1935 – 40 - cı illərdə M. Əzizbəyov adına Sənaye İnstitutunda (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakultəsində təhsil alıb. Mirzə Babayev Sənaye İnstitutunu bitirəndən sonra Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olur. Musiqi ilə ciddi məşğul olmağa başlamazdan əvvəl, həm memar kimi, həm də rəssam kimi çalışmışdır. Mirzə Babayev Bakıda və Azərbaycanın digər şəhərlərində olan bir çox binaların və muzeylərin layihə müəllifidir. "Vətən" kinoteatrı, Gəncədə, Ağdamda bir neçə inzibati bina onun layihəsi üzrə tikilib. Nizami muzeyinin zallarının tərtibatında da iştirak edib. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, məşhur müğənni Bülbülün sinfinə daxil olub. Tofiq Quliyev onu, Daxili İşlər Nazirliyinin nəzdində yaratdığı caz orkestrində çıxış etməyə dəvət edir. Ümumiyyətlə, Mirzə Babayev Tofiq Quliyevlə yaxın dost idilər.Tofiq Quliyev bir çox filmlərin musiqisini məxsusi olaraq oxumaq üçün ona bəstələyib vermişdir.
Mirzə Babayev 40-dan artıq filmdə rol alıb. O, “Kölgələr sürünür”, “Qaraca qız”, “Dəli Kür”, “Dərviş Parisi Partladır”, “Qorxma mən səninləyəm” və s. epizodik rollarla yaddaşlarda əbədi iz qoymuşdur. Təkcə Azərbaycanda deyil, Odessa, Daşkənd, Aşqabad kinostudiyalarında istehsal olunan filmlərdə iştirak etmişdir. O, Azərbaycanda estrada janrının banisi olmaqla yanaşı, ironik və şanson üslubda oxuyan, yeganə müğənni olub. Tanınmış bəstəkar Tofiq Quliyev və Emin Sabitoğlu onun üçün şanson mahnılar yazmışlar. Mirzə Babayev “Sən uzaq yaşıl ada”, “Kimlər gəldi kimlər getdi bu dünyadan”, “Saçlarına gül düzüm”, “Liman” və s. mahnıların ifasıyla xalqının qəlbini fəth etmişdir.
Sevilən müğənni istər musiqi yaradıcılığında istərsədə həyatda nadir insanlardan olub vaxtsız dünyasını dəyişən əslən Şuşalı həyat yoldaşı Güllü xanımdan sonra evlənməmiş hər zaman onun xatirəsini əziz tutmuşdur.
Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin estrada orkestrində, Azərbaycan Dövlət Mahnı Birliyində çalışaraq milli musiqi mədəniyyətimizin inkişafına öz töhfələrini vermişdir.
Sevilən Xalq artisti Mirzə Babayev iki dəfə "Humay" mükafatı laureatı və 2002-ci ildən prezident təqaüdçüsü olmuşdur. Mirzə Babayev 2003-cü il yanvarın 13-də, 89 yaşında vəfat etmişdir.
Tövsiyə edilən ədəbiyyat:
- Tağızadə, Aida Zeynal qızı. XX əsr Azərbaycan musiqisi : məqalə, oçerk, esse toplusu / A. Z. Tağızadə ; red.: K. Nəsirova, İ. Pazıçeva ; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Bəstəkarlar İttifaqı. - Bakı : Elm və təhsil, 2011. - 372 s.
- Azərbaycanın ənənəvi musiqisi = Traditional music of Azerbaijan = Традиционная музыка Азербайджана = Musique traditionelle d'Azerbaidjan = Traditionelle Musik Aserbaidschans = Musica tradicional de Azerbaiyan / Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ; tərt., ön sözün müəl., layihənin rəh. T. Məmmədov ; ing, rus, fr., alman və ispan dillərinə tərc. C. Yusifli ; mətnin müəl. E. Hüseynova ; elmi red. V. Qafarov. - Bakı : Elmin İnkişafı Fondu, 2015. - 86 s.
- Abdullayeva, Səadət Abutalıb qızı. Azərbaycan musiqisi və təsviri sənət / S. A. Abdullayeva ; elmi red.: R. F. Zöhrabov, C. Y. Həsənzadə. - Bakı : Oğuz eli, 2010. - 416 s.