Tarixdən səhifələr

Tanınmış kinorejissor Cəmil Quliyev

Tanınmış kinorejissor Cəmil Quliyev

Azərbaycanın tanınmış kinorejissoru Cəmil Elşad oğlu Quliyev 3 iyul 1963-cü ildə Bakı şəhərində anadan olub. O, 1984-cü ildə Moskva şəhərindəki Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini SSRİ Xalq artistləri Aleksandr Alov və Vladimir Naumovun emalatxanasında başa vurub. Elə həmin ildən Peşəkar fəaliyyətinə “Azərbaycanfilm” kinostudiyasında başlayan Cəmil Quliyev sənədli və bədii janrlarda quruluş verdiyi filmlərlə həm ölkə daxilində, həm də beynəlxalq arenada tanınıb. Onun ekran əsərləri Fransa, İsveç, Türkiyə, Rusiya, Gürcüstan, Çexiya, Rumıniya və digər ölkələrdə keçirilmiş festivallarda nümayiş olunaraq yüksək qiymətləndirilib.

Rejissor fəaliyyəti ilə yanaşı, Cəmil Quliyev uzun illər pedaqoji sahədə də uğurla çalışıb. 1987-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 1998–2006-cı illərdə həmin universitetin “Kino və televiziya sənəti” kafedrasına rəhbərlik edib, hazırda professor kimi fəaliyyətini davam etdirir.

Cəmil Quliyevin çoxşaxəli fəaliyyəti həm də rəhbər və idarəedici vəzifələrdə davam etmişdir. 2000–2005-ci illərdə Beynəlxalq Audiovizual Festivalın direktoru, 2006–2013-cü illərdə Azərbaycan Dövlət Film Fondunun direktoru, 2011–2013-cü illərdə isə “Mədəniyyət” kanalının baş direktoru vəzifəsində çalışmışdır. O, eyni zamanda 2013–2018-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru kimi məsul vəzifəni icra etmişdir.

2018–2019-cu illərdə Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində sektor müdiri, 2019–2020-ci illərdə isə “Azərbaycanfilm” kinostudiyasının direktoru olmuşdur.

Cəmil Quliyev bir sıra beynəlxalq təşkilatların da fəal üzvüdür. 1990-cı ildən Beynəlxalq Kinematoqrafiya Konfederasiyasının, 1996-cı ildən Azərbaycan Jurnalistlər İttifaqının, 2010-cu ildən isə Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki və üzvüdür. 2009-cu ildə Beynəlxalq Muzeylər Şurasının (ICOM) üzvü olmuş, 2024-cü ildən Kinorejissorlar Gildiyasının İdarə Heyətinin üzvü, 2025-ci ildən isə Azərbaycan Respublikası Kino Agentliyinin Müşahidə Şurasının sədri seçilmişdir.

Cəmil Quliyevin zəngin fəaliyyəti dövlət səviyyəsində dəfələrlə yüksək qiymətləndirilib. O, 1998-ci ildə “Humay” mükafatına, 2005-ci ildə “Azərbaycanın Əməkdar incəsənət xadimi” fəxri adına, 2010-cu ildə “Zirvə” mükafatına, 2013-cü ildə “Fəxri mədəniyyət işçisi” adına layiq görülüb. 2018-ci ilin avqustunda isə Azərbaycan kinematoqrafiyasının inkişafında göstərdiyi xidmətlərə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. Bundan əlavə, 2019, 2020 və 2021-ci illərdə ardıcıl olaraq Prezident Mükafatına layiq görülmüşdür.

Tanınmış rejissor “Marş”, “Balıq günü”, “Bayramda yağış”, “Köç”, “Bu da bir naxışdır”, “Cansıxıcı əhvalat”, “Qarət” və digər maraqlı filmlərin müəllifidir.

Cəmil Quliyev – yalnız ekran əsərlərinin müəllifi deyil, həm də Azərbaycan kinematoqrafiyasının inkişafına sistemli və yaradıcı töhfələr verən, bu sahədə peşəkar kadrların yetişməsində xüsusi rol oynamış ziyalı şəxsiyyətdir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Kazımzadə, Aydın Ələsgər oğlu. Azərbaycan kinematoqrafçıları / A. Ə. Kazımzadə ; bur. məsul C. B. Quliyev ; red. Ş. Bürcəliyeva ; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Film Fondu. III bur. : Portretlər. - Bakı : Təhsil, 2012. - 224 s.
  2. Quliyev, Elşad Heybət oğlu.Televiziya: İki əsrin ayrıcında: /E.Quliyev; Ön söz müəll. C.Əlibəyov; Red. S. İsmayılova. - Bakı: İşıq, 1993. - 288 s
  3. Kazımzadə, Aydın Ələsgər oğlu. Azərbaycan kinosu : 1898-2002 / A. Ə. Kazımzadə ; elmi red.: İ. Ə. Rəhimli, A. Salayev ; red.: Ə. Müğanlı, V. Saleh ; Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. I cild : Bədii və cizgi filmlərinin izahlı kataloqu. - Bakı : Nağıl evi, 2003. - 239 s.
  4. Kazımzadə, Aydın Ələsgər oğlu. Heydər Əliyev və kinematoqraf / A. Ə. Kazımzadə ; elmi red. A. Ə. Dadaşov ; red. M. Bəyişli. - Bakı : Mütərcim, 2007. - 204 s.
  5. Kazımzadə, Aydın Ələsgər oğlu. Kino və zaman : 1923-2016 / A. Ə. Kazımzadə ; red. G. İsmayıloğlu ; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. - Bakı: Şərq-Qərb, 2016. - 784 s.