General Əbdülhəmid bəy Qaytabaşı
Əbdülhəmid bəy Şərif bəy oğlu Qaytabaşı 10 iyul 1884-cü ildə Tiflis şəhərində, hərbçi ailəsində anadan olmuşdur. Onun atası – podpolkovnik Şərif bəy Qaytabaşı – çar ordusunda xidmət etmiş, Müqəddəs Vladimir, Müqəddəs Anna və Müqəddəs Stanislav ordenləri ilə təltif olunmuşdur. Şərif bəy həmçinin rus ordusunda Şərq dilləri üzrə tərcüməçi kimi də fəaliyyət göstərmişdir. Qaytabaşılar ailəsinin kökləri XVIII əsrə gedib çıxır. Əbdülhəmid bəy Qaytabaşının ulu babası Əbdülməcid bəy XVIII əsrin sonlarında İstanbuldan Tiflisə köçmüşdür. Buraya gəldikdən sonra o, Çar Rusiyası ordusunda xidmətə başlamışdır. Əvvəllər Osmanlı ordusunda xidmət etmiş və alay komandanı vəzifəsində çalışmışdır. Həmin dövrdə bu vəzifə "Haytabaşı" adlandırılırdı. Əbdülməcid bəy də məhz bu səbəbdən özünə "Haytabaşı" soyadını götürmüşdür. Lakin Tiflisə köçdükdən sonra bu soyad rus dilinə uyğunlaşdırılaraq "Qaytabaşı" formasında işlədilməyə başlanmışdır.
Əbdülhəmid bəy ilk təhsilini Tiflisdə almış, 1908-ci ildə isə Rusiya imperiyasının nüfuzlu hərbi təhsil ocaqlarından olan Pavlovsk Hərbi Məktəbini “podporuçik” rütbəsi ilə bitirmişdir. Hərbi xidmətə Gəncədə yerləşən 261-ci Şamaxı ehtiyat piyada alayında başlamışdır.
Birinci Dünya müharibəsi dövründə 3-cü Qafqaz Ordu Korpusunun tərkibində – 52-ci piyada diviziyasının 205-ci Şamaxı alayında xidmət etmiş, döyüşlərdə göstərdiyi igidliyə görə bir neçə ordenlə təltif olunmuşdur. Belə ki, 1914-cü ilin mayında III dərəcəli Müqəddəs Anna, 1915-ci ilin fevralında IV dərəcəli Müqəddəs Vladimir və “İgidliyə görə” yazısı olan IV dərəcəli Müqəddəs Anna ordenləri ilə təltif olunmuşdur. 1914-cü il oktyabrın 5-də Dembnyak kəndi yaxınlığında ağır yaralanmışdır.
1918-ci ildə Azərbaycanın milli hərbi hissələrinin təşkili zamanı Əbdülhəmid bəy öncül vəzifələrə cəlb olunmuşdur. 6 mart 1918-ci ildə Müsəlman Korpusunun qərargah rəisi təyin olunmuş, 18 martda isə Zaqafqaziya Komissarlığı hökumətinin qərarı ilə ona “polkovnik” rütbəsi verilmişdir. 1918-ci ilin avqust ayında Qafqaz İslam Ordusunun qərargahında xidmətə başlamış və Azərbaycan Xalq Cümhuriyyətinin müstəqillik yolunda ilk nizami ordusunun təşkili işində yaxından iştirak etmişdir.
15 noyabr 1918-ci ildə general Səməd bəy Mehmandarovun əmri ilə Əbdülhəmid bəy polkovnik rütbəsində Ümumi Qərargahın növbətçi general vəzifəsinin icraçısı kimi təyin edilmişdir.
Qısa müddət ərzində onun peşəkarlığı, təşkilatçılıq bacarığı və hərbi-idarəetmə sahəsindəki səriştəsi nəzərə alınaraq, Nazirlər Şurası sədrinin 1919-cu il 25 iyun tarixli, 28 nömrəli qərarı və Hərbi nazirin 9 iyul 1919-cu il tarixli, 320 nömrəli əmri ilə ona “general-mayor (piyada üzrə)” hərbi rütbəsi verilmiş və o, Ümumi Qərargahın növbətçi generalı vəzifəsinə rəsmi olaraq təsdiq olunmuşdur.
Ordu strukturunun və inzibati-hüquqi əsaslarının təkmilləşdirilməsi məqsədilə Hərbi nazirin 30 oktyabr 1919-cu il tarixli, 506 nömrəli əmrinə əsasən, o, Hərbi Nazirliyin və tabe hərbi hissələrin yeni ştat cədvəllərinin hazırlanması, həmçinin hərbi geyim formasının standartlaşdırılması üzrə komissiyanın üzvü seçilmişdir. 1919-cu il 10 dekabr tarixində Hərbi nazirin 568 nömrəli əmrinə əsasən, ona Ümumi Qərargah rəisi vəzifəsinin müvəqqəti icrası həvalə olunmuş və bu vəzifəyə müvafiq səlahiyyətlər və əməkhaqqı ilə təmin olunmuşdur. 1920-ci il 17 fevral tarixində isə Hərbi nazirin 105 nömrəli əmri ilə Ümumi Qərargahın yenidən təşkili üzrə yaradılmış komissiyanın üzvü təyin edilmişdir.
Təşkilati-ştat islahatlarının davamı olaraq, Hərbi nazirin 2 mart 1920-ci il tarixli, 128 nömrəli əmrinə əsasən, Baş Qərargah idarəsi ilə Ümumi Qərargah birləşdirilmiş, bu birləşmə 1 mart 1920-ci ildən etibarən qüvvəyə minmiş və həmin tarixdən etibarən Əbdülhəmid bəy, Ordu Qərargahının növbətçi generalı vəzifəsinə rəsmi olaraq təsdiq edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna qədər o, general-mayor hərbi rütbəsində Ordu Qərargahının növbətçi generalı kimi həqiqi hərbi xidmətdə olmuş, milli ordu quruculuğunda mühüm strateji və təşkilati funksiyaları yerinə yetirmişdir.
Sovet işğalından sonra Əbdülhəmid bəy bir müddət – təxminən bir ay – Azərbaycan ordusunun qərargah rəisi vəzifəsini icra edib. Lakin 1920-ci ilin iyun ayında Gəncə üsyanı ilə bağlı həbs olunaraq Nargin adasına göndərilmiş və orada güllələnmişdir. Dəfn yeri bu günədək məlum deyil.
Əbdülhəmid bəy ailəli idi. Sara xanım Məşədi Mahmud qızı ilə evliliyindən iki övladı – Lətif və Xədicə dünyaya gəlmişdir. Onun həyatı, zabitlik nümunəsi, təşkilati bacarığı və hərb sənətinə sadiqliyi Azərbaycan Xalq Cümhuriyyətinin hərbi tarixində parlaq iz qoymuşdur.
Əbdülhəmid bəy Qaytabaşı Azərbaycan hərb tarixində strateji təfəkkürə malik, öz dövrünün qabaqcıl hərbi xadimi kimi dəyərləndirilir. Onun qısa, lakin mənalı ömrü, vətənə sədaqəti və qətiyyətli fəaliyyəti, Azərbaycanın milli dövlətçiliyinin formalaşmasında silinməz iz buraxmışdır.
Tövsiyə edilən ədəbiyyat:
- Nəzirli, Şəmistan Əmiraslan oğlu. Cümhuriyyət generalları /Ş. Nəzirli; Rəyçi: Ç. Məmmədov; Red.: R. Faxralı. - Bakı: Hərbi, 1995. - 212 s.
- Nəzirli, Şəmistan Əmiraslan oğlu. Güllələnmiş Azərbaycan generalları : portretlər, oçerklər, məqalələr, hekayələr / Ş. Ə. Nəzirli ; red. M. S. Süleymanov. - Bakı : Qələm, 2016. - 704 s.
- Şahbazov, Atamalı. Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabit və hərbi məmurları : tarixi oçerklər / A. Şahbazov ; ön sözün müəl. M. S. Süleymanov ; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası. - Bakı : Maarif, 2020. - 816 s.
- Назирли, Шамистан Амраслан оглы. Расстрелянные генералы Азербайджана / Ш. А. Назирли ; пер.: Р. Бабаева, М. Мамедова, Э. Шарифова-Сейшельского ; авт. предисл. Ч. Мамедов ; ред. Ш. Рустамов. - Баку : Bizim kitab, 2015. - 576 с.