Tarixdən səhifələr

Azərbaycanın görkəmli dövlət xadimi və diplomatı Adil xan Ziyadxanov

Azərbaycanın görkəmli dövlət xadimi və diplomatı Adil xan Ziyadxanov

Adil xan Əbülfət xan oğlu Ziyadxanov 1877-ci il sentyabrın 25-də Gəncədə anadan olub. O, rus işğalcılarına qarşı qəhrəmanlıqla döyüşərək şəhid olan Gəncə xanı Cavad xan Ziyadoğlu Qacarın nəticəsidir. Anası Azər Humayun isə Abbas Mirzə Qacarın nəvəsi, şahzadə Bəhmən Mirzə Qacarın qızıdır. İlk təhsilini xüsusi müəllim yanında alan Adil xan Ziyadxanov sonra Gəncə klassik gimnaziyasını, 1902-ci ildə isə Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. O, rus, fransız, ingilis və fars dillərini mükəmməl bilirdi. Bakıda vəkil, Gəncə dairə məhkəməsində və onun Şuşadakı şöbəsində andçı müvəkkil vəzifəsində çalışmışdır.

Görkəmli tarzən Əhməd Bakıxanov

Görkəmli tarzən Əhməd Bakıxanov

Əhməd Məmmədrza oğlu Bakıxanov 5 sentyabr 1892-ci ildə Bakıda anadan olmuşdur. Bakıxanovlar ailəsi bir müddət İranın Rəşt şəhərində yaşamalı olub. On altı yaşlı Əhməd Bakıxanov da ilk təhsilini orada məşhur xanəndə Əbdülhəsən xandan almağa başlayıb. Qısa vaxtda musiqi sənətinin çox dərinliklərindən, incəliklərindən xəbərdar olub. Ustad tarzənlərdən tar ifaçılığının və muğamatın sirlərini öyrənib. Ailəlikcə Bakıya qayıtdıqdan sonra Əhməd Bakıxanov təhsilini doğma şəhərində davam edib. Üzeyir Hacıbəyli ilə tanışlıq Əhməd Bakıxanovun sənət və pedaqoji fəaliyyətində mühüm mərhələnin başlanğıcı olmuşdur.

Beynəlxalq Xeyriyyəçilik Günü

Beynəlxalq Xeyriyyəçilik Günü

5 sentyabr — Beynəlxalq Xeyriyyəçilik Günü, 2012-ci il dekabrın 17-də BMT Baş Məclisinin 67-ci sessiyasında təsis edilib. Bu günün təsis edilməsi Nobel Sülh Mükafatı laureatı (1979) Tereza Ananın vəfatının ildönümünə həsr olunub. Dünyaşöhrətli missioner və katolik rahibə Tereza Ana 50 il ərzində müxtəlif ölkələrdə xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub. Beynəlxalq Xeyriyyəçilik Günü BMT-yə üzv dövlətlərdə qeyd olunur. Onun qeyd edilməsinə Macarıstan hökumətinin təşəbbüsü ilə başlanılıb və ilk dəfə 2013-cü ildə keçirilib.

Akademik Ədilə Namazova

Akademik Ədilə Namazova

Ədilə Əvəz qızı Namazova 1926-cı il sentyabrın 9-da Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1944-1949-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsində ali təhsil almışdır. Əmək fəaliyyətinə 1949-cu ildə başlayan Ədilə Namazova həmin vaxtdan etibarən 1953-cü ilədək Ağdam rayonunda Uşaq tibb məsləhətxanasının müdiri işləmişdir.

Tanınmış kinorejissor və operator Muxtar Dadaşov

Tanınmış kinorejissor və operator Muxtar Dadaşov

Tanınmış rejissor, Xalq artisti Muxtar Baba oğlu Dadaşov 1913-cü il sentyabrın 11-də Bakıda anadan olub. Uşaq yaşlarından incəsənətə maraq göstərən Muxtar Dadaşov 1924-cü ildə, 11 yaşında ilk dəfə Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində çıxış edib. 1928-ci ildə Cəfər Cabbarlının “Sevil” pyesinin ilk tamaşasında Gündüz obrazını canlandırıb. 1929-cu ildən Gənc Tamaşaçılar Teatrında rejissor assistenti və aparıcı aktyor kimi fəaliyyətə başlayıb. 1931-ci ildə kinostudiyada operator assistenti vəzifəsində çalışan Muxtar Dadaşov sənədli və bədii filmlər çəkməyə başlayır.

Azərbaycan Qadınlarının I Qurultayı

Azərbaycan Qadınlarının I Qurultayı

Müstəqil Azərbaycan Dövlətində ilk Qadınlar Qurultayı 1998-ci il 14 sentyabr tarixində baş tutmuşdur. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən Azərbaycan Qadınlarının I Qurultayı ölkəmizdə qadın hərəkatının keyfiyyətcə yeni mərhələsini təşkil edir. Ümummilli Liderin dövlət siyasətinin əsas istiqamətlərindən biri qadın hüquq və azadlıqlarının qorunması, onların ictimai-siyasi həyatda və dövlət idarəçiliyində təmsilçiliyi, ümümiyyətlə bütün sahələrdə bərabər hüquqlarının təmin edilməsi məsələsi olmuşdur. Bu məqsədlə, 1998-ci il 14 yanvar tarixində Heydər Əliyev “Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərman imzalamışdır.

Akademik İzzət Orucova

Akademik İzzət Orucova

Orucova İzzət Mirzəağa qızı 1909-cu il sentyabrın 16-da Bakıda anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Mühəndis-texnologiya fakültəsini bitirmişdir . İ.Orucova texnika üzrə fəlsəfə doktoru (1947), elmlər doktoru (1962) elmi dərəcəsini və professor elmi adını almışdır. Azərbaycan SSR EA-nın müxbir üzvü (1967), həqiqi üzvü (1972) seçilmişdir. İ.Orucova 1932-ci ildən 1959-cu ilə kimi AzETNİ-də, sonralar onun əsasında yaradılmış AEA Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) çalışmışdır. O, AEA Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunun direktoru (1968-1971) vəzifələrində işləmişdir.

Şərqin ilk təyyarəçi qadını Leyla Məmmədbəyova

Şərqin ilk təyyarəçi qadını Leyla Məmmədbəyova

Azərbaycan, Cənubi Qafqaz və Yaxın Şərqdə ilk qadın təyyarəçi kimi tanınan Leyla Ələsgər qızı Məmmədbəyova 1909-cu il sentyabrın 17-də Bakıda anadan olmuşdur. 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri mart soyqırımı ərəfəsində ailəsi ilə birlikdə Həştərxana köçmək məcburiyyətində qalmışlar. Onun atası Ələsgər Zeynalov inqilabçı kimi dövrünün tanınmış siyasi xadimləri ilə yaxından təmasda olmuş, Nəriman Nərimanovla dostluq etmişdir. Həştərxanda onlar bir evdə yaşamışlar. Leyla xanım uşaq yaşlarından cəsarəti və qorxmazlığı ilə seçilirdi. Daha on yaşında ikən atasının “kiçik inqilabçısı”na çevrilmişdi.

Akademik Məmmədağa Şirəliyev

Akademik Məmmədağa Şirəliyev

Məmmədağa Şirəli oğlu Şirəliyev 1909-cu il sentyabrın 19-da Şamaxı şəhərində anadan olmuşdur. O, Azərbaycan dialektologiya məktəbinin yaradıcısıdır. Məmmədağa Şirəliyev 1927-ci ildə Bakıda orta məktəbi bitirib və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərq fakültəsinin Dilçilik şöbəsinə qəbul olunub və 1931-ci ildə ali təhsilini başa vurub. İki il Ağdam rayonunda dil-ədəbiyyat müəllimi işlədikdən sonra 1933-cü ildə Azərbaycan dilçiliyi ixtisası üzrə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) aspiranturasına qəbul olub. Aspirantura illərindən sonra həmin institutda Azərbaycan dili fənnindən dərs deyib.

Akademik Hacıbəy Sultanov

Akademik Hacıbəy Sultanov

Hacıbəy Fərəculla oğlu Sultanov 1921-ci il sentyabr ayının 20-də Bakının Şağan kəndində anadan olmuşdur. 1942-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirdikdən sonra o, İkinci Dünya müharibəsində iştirak etmək üçün cəbhəyə yollanmışdır. Berlinin alınmasına qədər şanlı döyüş yolu keçən Hacıbəy Sultanov “Vətən müharibəsi” ordeni və “İgidliyə görə”, “Qafqazın müdafiəsinə görə”, “1941-1945-ci illərdə Almaniya üzərində qələbəyə görə”, “Praqanın azad edilməsinə görə” medalları ilə təltif olunmuşdur.