Arif Məmməd oğlu Həşimov 1949-cu il sentyabr ayının 28-də Naxçıvan MR Şahbuz rayonunda müəllim ailəsində anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki ADNSU) energetika fakültəsinə daxil olmuş, 1971-ci ildə institutu bitirib, AMEA Fizika İnstitutunun “Elektrofizika” laboratoriyasında mühəndis kimi işə başlamışdır. 1980-ci ildə Ukrayna MEA Elektrodinamika İnstitutunda namizədlik, 1993-cü ildə isə həmin institutda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Lətif Bəşir oğlu Səfərov 1920-ci il sentyabr ayının 30-da Şuşada anadan olub. Yeddi yaşında ikən rejissor Leo Murun “Gilan qızı” (“Tunc ay”) (1928) filmində çəkilib. Sonra yaradıcı heyətlə birlikdə, xüsusilə rejissor M.Mikayılovun səyi nəticəsində Bakıya gəlib, studiyada ştata qəbul olunub. O, “Sevil” (1929), “Lətif” (1930), “Şərqə doğru” (1930), “Qızıl kol” (1930) filmlərində uşaq rollarını oynayıb. 1931-ci ildə Gəncə Pedaqoji Texnikumuna daxil olub və qiyabi təhsil alıb. Kinostudiyanın dublyaj şöbəsində, sonra isə filmlərdə rejissor assistenti kimi çalışıb.
Arif Cahangir oğlu Məlikov 1933-cü il sentyabrın 13-də Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1948–1951-ci illərdə Bakı musiqi texnikumunda təhsil almış, 1953–1958-ci illərdə isə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə ali təhsil almışdır. Bu illər onun peşəkar musiqi təhsilinin formalaşdığı dövr olmuşdur. Əmək fəaliyyətinə 1951–1952-ci illərdə Şuşa şəhər musiqi məktəbində müəllim kimi başlayan Arif Məlikov sonrakı illərdə pedaqoji və yaradıcılıq fəaliyyətini ardıcıl şəkildə davam etdirmişdir. 1960-cı illərdən etibarən onun fəaliyyəti Azərbaycan Dövlət Konservatoriyası ilə sıx bağlı olmuşdur.