Akademik Arif Həşimov
Arif Məmməd oğlu Həşimov 1949-cu il sentyabr ayının 28-də Naxçıvan MR Şahbuz rayonunda müəllim ailəsində anadan olmuşdur.
1966-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki ADNSU) energetika fakültəsinə daxil olmuş, 1971-ci ildə institutu bitirib, AMEA Fizika İnstitutunun “Elektrofizika” laboratoriyasında mühəndis kimi işə başlamışdır.
1980-ci ildə Ukrayna MEA Elektrodinamika İnstitutunda namizədlik, 1993-cü ildə isə həmin institutda doktorluq dissertasiyasını müdafiə etmişdir. Elmi işlərinin əsasını müasir elmin çox əhəmiyyətli istiqamətlərindən biri olan energetikanın fizikitexniki problemləri sahəsində elmi tədqiqat işləri və mürəkkəb elektrik şəbəkələrində dissipativ faktorları, ifrat gərginlikdən elektrotexniki avadanlıqları mühafizə edən və qısaqapanma cərəyanla¬rını məhdudlaşdıran qurğuları tam nəzərə almaqla elektromaqnit dalğa proseslərini hesablamaq üçün riyazi modellərin işlə¬nib hazırlanması təşkil edir.
Akademik 1999-cu ildə “Yüksək gərginliklər fizikası və texnikası” laboratoriyasının rəhbəri seçilmişdir. Yüksək gərginliklər texnikası və elektrotermiki qurğular kafedrasının professoru, AMEA Fizika İnstitutunda fəaliyyət göstərən elmlər doktoru alimlik dərəcəsi verən şuranın sədri, Azərbaycan Elmi-Tədqiqat Energetika və Enerji layihə İnstitutunda elmlər doktoru alimlik dərəcəsi verən şuranın üzvüdür.
A.Həşimov 2002-ci ildə AMEA-nm Fizika İnstitutunun direktoru vəzifəsinə seçilmiş, 2009-cu ilə qədər bu vəzifəni icra etmişdir.
310-dan artıq elmi məqalənin, onlarla patentləşdirilmiş ixtiraların və 5 monoqrafiyanın müəllifi olanakademik 2007-ci ildə AMEA-nm həqiqi üzvü seçilmişdir. Moldova Respublikasının MEA-nın Tətbiqi Fizika İnstitutunda nəşr olunan “Электронная обработка материалов”, İran İslam Respublikasının “Taba Elm” elmi mərkəzində nəşr olunan “Energetikanın texniki fiziki problemləri”, İspaniyanın Bilbao Universitetində nəşr olunan “international Joumalfor knowledge science and texnoloji” jurnallarının redaksiya heyətinin üzvü, AMEA-nm Fizika İnstitutunda nəşr olunan “Energetikanın Problemləri” jurnalının redaktorunun müavini, AR Müdafiə sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin “Xəbərləri” jurnalının redaksiya heyətinin üzvüdür.
A.M.Həşimov bir neçə il Azərbaycan Dövlət Neft Akademiyasında mühazirələr oxumuş və “Yüksək gərginliklər texnikası və elektrotermiki qurğular kafedrası”-nın professoru olmuşdur.
Akademik Arif Həşimov 2021-ci il yanvarın 21-də AMEA Fizika İnstitutunun baş direktoru, 2021-ci il may ayının 28-də AMEA-nın akademik-katibi vəzifəsinə seçilib, 5 noyabr 2021-ci ildən AMEA-nın birinci vitse-prezidenti olmuş, 19 fevral 2022-ci ildən oktyabr ayının 25-ə qədər AMEA-nın prezidenti vəzifəsini müvəqqəti icra etmişdir.
Arif Həşimov 1978-ci ildə “Yüksək gərginlikli elektrik şəbəkələrinin neytralının rejiminə aid kompleks işlər”ə görə müəlliflər kollektivi ilə birlikdə Elm və Texnika sahəsində Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüş, 2005-ci ildə Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adı almışdır. 2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda akademik Arif Həşimovun 70 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilmişdir.
Tövsiyə edilən ədəbiyyat:
- Sərdarov, Məmmədağa Əhmədkərim oğlu. Azərbaycan Milli Elmlər Akademiyası - 70 il / M. Ə. Sərdarov ; elmi red. R. S. Mirzəzadə ; red. X. Rzazadə. - Bakı : Avropa nəşriyyatı, 2015. - 43 s.
- Azərbaycan Milli Elmlər Akademiyası simalarda - 75 il : 1945-2020 / Azərbaycan Milli Elmlər Akademiyası ; red. heyəti: İ. Ə. Həbibbəyli [et al.] ; baş red. R. Ə. Mehdiyev. - Bakı : Elm, 2021. - 987 s.