Tarixdən səhifələr

Akademik Arif Məlikov

Akademik Arif Məlikov

Arif Cahangir oğlu Məlikov 1933-cü il sentyabrın 13-də Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1948–1951-ci illərdə Bakı musiqi texnikumunda təhsil almış, 1953–1958-ci illərdə isə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə ali təhsil almışdır. Bu illər onun peşəkar musiqi təhsilinin formalaşdığı dövr olmuşdur.

Əmək fəaliyyətinə 1951–1952-ci illərdə Şuşa şəhər musiqi məktəbində müəllim kimi başlayan Arif Məlikov sonrakı illərdə pedaqoji və yaradıcılıq fəaliyyətini ardıcıl şəkildə davam etdirmişdir. 1960-cı illərdən etibarən onun fəaliyyəti Azərbaycan Dövlət Konservatoriyası ilə sıx bağlı olmuşdur. O, burada 1966–1968-ci illərdə baş müəllim, 1968–1978-ci illərdə dosent, 1979–1986-cı illərdə professor, 1986-cı ildən ömrünün sonunadək isə bəstəkarlıq kafedrasının müdiri vəzifəsində çalışmışdır.

Arif Məlikov Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri kimi milli musiqi mədəniyyətinin inkişafında mühüm rol oynamışdır. Qara Qarayev bəstəkarlıq məktəbinin istedadlı yetirməsi və davamçısı olan bəstəkar hələ tələbəlik illərindən etibarən müxtəlif janrlarda qələmə aldığı əsərlərlə diqqəti cəlb etmişdir. Onun yaradıcılığı Azərbaycan musiqisinin çoxəsrlik ənənələri ilə müasir bəstəkarlıq təfəkkürünün üzvi vəhdəti əsasında formalaşmışdır.

Arif Məlikovun yaradıcılığı janr müxtəlifliyi və miqyası ilə seçilir. Bəstəkar simfoniya, balet, operetta, kantata, vokal, kamera və instrumental musiqi sahələrində mühüm əsərlər yaratmışdır. Onun simfonik yaradıcılığına daxil olan səkkiz simfoniya, “Nağıl”, “Füzulinin xatirəsinə”, “Metamorfozlar” simfonik poemaları, həmçinin “Simfonik rəqslər”, “8 pyes”, “12 pyes” kimi orkestr əsərləri Azərbaycan simfonik musiqisinin inkişafında əhəmiyyətli mərhələ təşkil edir.

Bəstəkarın yaradıcılığında balet janrı mühüm yer tutur. “Məhəbbət əfsanəsi”, “İki nəfər”, “İki qəlbin dastanı” və “Əlibaba və qırx quldur” baletləri ona beynəlxalq miqyasda tanınma qazandırmışdır. Xüsusilə “Məhəbbət əfsanəsi” baleti yarım əsrdən artıq müddətdə dünyanın tanınmış teatr səhnələrində tamaşaya qoyularaq Azərbaycan musiqi mədəniyyətinin mühüm nailiyyətlərindən birinə çevrilmişdir. Bəstəkarın kino və dram tamaşalarına yazdığı musiqi, eləcə də romans və mahnıları müxtəlif ifaçılar tərəfindən repertuara daxil edilmiş və geniş yayılmışdır.

Arif Məlikovun yaradıcılığında Nazim Hikmət poeziyasına müraciət diqqəti cəlb edən istiqamətlərdən biridir. Bəstəkar şairin poetik-fəlsəfi dünyasını musiqidə ifadə etməyə çalışmış, 1960-cı illərdə “Şən”, “Lay-lay”, “Təəssürat”, “Yarımı yuxuda gördüm” romanslarını, 1980-ci ildə isə vokal silsilə yaratmışdır. Bununla yanaşı, fortepiano üçün prelüdiyalar, solo skripka üçün sonata, skripka və fortepiano üçün süita və skertso, eləcə də fortepiano miniatürləri bəstəkarlıq irsinin mühüm hissəsini təşkil etmişdir. O, həmçinin “Dalğalar” operettasının müəllifi olmuşdur.

Bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Arif Məlikov uzun illər ərzində görkəmli pedaqoq kimi Azərbaycan musiqi təhsilinin inkişafına mühüm töhfələr vermişdir. O, zəngin təcrübəsi əsasında gənc musiqiçilər nəslinin yetişdirilməsi və peşəkar musiqiçi kadrların hazırlanmasında mühüm xidmətlər göstərmişdir.

Arif Məlikovun yaradıcılıq maraqları yalnız musiqi ilə məhdudlaşmamışdır. O, təsviri sənət sahəsində də məhsuldar fəaliyyət göstərmişdir. Onun rəssamlıq nümunələri mövzu və janr müxtəlifliyi ilə seçilmişdir. “Şərq”, “Ankarada gecə”, “Aya Sofiya”, “Bakı”, “Zuqulba”, “Qafqaz dağları” kimi əsərlərdə şəhər və məkan motivləri, “20 Yanvar”, “Keçmişə baxış”, “Təzəpir” silsiləsində tarixi və ictimai motivlər, “Çiçəkli badam ağacı”, “Göy vaza”, “Vazada güllər”, “Qərənfillər”, “Ağ vaza” kimi əsərlərdə isə dekorativ və natürmort üslubu diqqəti cəlb edir. Səttar Bəhlulzadənin portreti və “Əbədiyyət”, “Günəş”, “Təəssürat” kimi əsərlər onun çoxşaxəli bədii təfəkkürünü əks etdirir.

Arif Məlikov ictimai-siyasi fəaliyyətdə də iştirak etmiş, SSRİ xalq deputatı kimi respublikanın ictimai həyatında baş verən mühüm proseslərə münasibətdə fəal vətəndaş mövqeyi nümayiş etdirmişdir. Qarabağ hadisələri və 20 Yanvar faciəsi onun yaradıcılığında mühüm mövzulardan olmuşdur. Bu hadisələr yalnız musiqi və rəssamlıq yaradıcılığında deyil, həm də 1994-cü ildə nəşr olunmuş “Mən ittiham edirəm...” adlı sənədli oçerkində əksini tapmışdır. 1990-cı il 19–20 yanvar hadisələri ilə bağlı materiallar və müşahidələr əsasında hazırlanan həmin əsər dövrün ictimai-siyasi hadisələrini əks etdirən mühüm mənbələrdən biri hesab olunur.

Arif Məlikovun elmi fəaliyyəti də yüksək qiymətləndirilmişdir. O, 2001-ci ildə “Sənətşünaslıq” ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.

Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Arif Məlikov bir sıra fəxri adlara layiq görülmüş, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi olmuş, “Şöhrət”, “İstiqlal” və “Heydər Əliyev” ordenləri ilə təltif edilmişdir.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm xidmətlər göstərmiş görkəmli bəstəkar, pedaqoq və akademik Arif Cahangir oğlu Məlikov 2019-cu il mayın 9-da ömrünün 86-cı ilində vəfat etmişdir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Baxşiyeva-İbrahimova, Aytən Oqtay qızı. Arif Məlikov : tarix və müasirlik = Ариф Меликов : история и современность / A. O. Baxşiyeva-İbrahimova ; baş red. F. S. Bədəlbəyli ; elmi red. Z. H. Qafarova ; Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası. - Bakı : Şərq-Qərb, 2020. - 312 s.
  2. Hacıbəyli, Üzeyir Əbdülhüseyn oğlu. Azərbaycan xalq musiqisinin əsasları / Ü. Ə. Hacıbəyli ; layihənin rəh. F. S. Bədəlbəyli ; məsl. R. F. Zöhrabov ; elmi red. T. A. Məmmədov ; red. C. İ. Həsənova ; rəy.: A. C. Məlikov, G. A. Abdullazadə ; Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyası. - Bakı : Apostrof, 2010. - 176 s.
  3. Arif Məlikov = Ариф Меликов = Arif Melikov. - Bakı : XXI-YNE, 2004. - 48 s.