Tarixdən səhifələr

Beynəlxalq Xeyriyyəçilik Günü

Beynəlxalq Xeyriyyəçilik Günü

5 sentyabr — Beynəlxalq Xeyriyyəçilik Günü, 2012-ci il dekabrın 17-də BMT Baş Məclisinin 67-ci sessiyasında təsis edilib. Bu günün təsis edilməsi Nobel Sülh Mükafatı laureatı (1979) Tereza Ananın vəfatının ildönümünə həsr olunub. Dünyaşöhrətli missioner və katolik rahibə Tereza Ana 50 il ərzində müxtəlif ölkələrdə xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub.

Beynəlxalq Xeyriyyəçilik Günü BMT-yə üzv dövlətlərdə qeyd olunur. Onun qeyd edilməsinə Macarıstan hökumətinin təşəbbüsü ilə başlanılıb və ilk dəfə 2013-cü ildə keçirilib. Bu günün əsas məqsədi cəmiyyətin diqqətini xeyriyyə təşkilatlarının və ayrı-ayrı şəxslərin yoxsulluğun və kəskin humanitar böhranların aradan qaldırılması istiqamətindəki fəaliyyətinə yönəltmək, insanları, ictimai təşkilatları xeyriyyəçilik fəaliyyətlərinə həvəsləndirməkdir. Həmçinin müxtəlif din və mədəniyyətlərə mənsub insanlar arasında dialoq, qarşılıqlı anlayış və xeyirxahlığın təşviqi də əsas məqsədlər sırasındadır.

Xeyriyyəçilik təkcə kimsəsiz, xəstə və evsiz insanlara göstərilən yardım kimi deyil həm də tarixi abidələrin, kilsələrin, məscidlərin bərpasına, yolların və su quyularının çəkilməsinə, təhsil və tibb müəssisələrinin avadanlıqla təchiz olunmasına və s. yardım göstərməkdir. Bu məqsədlə BMT-yə üzv ölkələrdə müxtəlif xeyriyyə cəmiyyətləri fəaliyyət göstərir. Onların fəaliyyəti əsasən ianə və yardımlar hesabına maliyyələşir. Bundan əlavə, bəzi xeyriyyə təşkilatları hökumətlər və beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Onların bir qisminin xərcləri isə adlarına yaradılmış fondlar vasitəsilə qarşılanır. İnsanlara həm maddi, həm də mənəvi baxımdan yardım göstərən bu təşkilatlarla yanaşı, təbiətin və ətraf mühitin qorunması istiqamətində çalışan xeyriyyə qurumları da mövcuddur.

Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da xeyriyyəçilik geniş yayılıb. Azərbaycanda bu ənənənin tarixi İslamdan əvvəlki dövrlərə qədər gedib çıxır. İslamdan sonra isə daha da inkişaf edərək indiki səviyyəyə çatmışdır. Azərbaycanda ilk xeyriyyə cəmiyyəti 1905-ci ildə Hacı Zeynalabdin Tağıyev və Həsən bəy Zərdabinin təşəbbüsü ilə yaradılmış Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti olmuşdur. Əvvəlcə yalnız Bakıda və ətraf ərazilərdə fəaliyyət göstərən bu cəmiyyət Birinci Dünya müharibəsi illərində nizamnaməsində dəyişiklik edərək, fəaliyyət dairəsini genişləndirmiş və Qafqaz cəbhəsindən qaçqın düşənlərə, yetim uşaqlara, əsir türk əsgərlərinə yardım göstərmişdir.

XX əsrin əvvəllərində Azərbaycanda bir sıra xeyriyyə cəmiyyətləri fəaliyyət göstərmişdir. Bu dövrdə “Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti”, “Səda”, “Səadət”, “Nicat” kimi cəmiyyətlər mövcud olmuşdur. 1908-ci ildə “Bakı Roma Katolik Cəmiyyəti”, “Bakı Yunan Xeyriyyə Cəmiyyəti”, 1914-cü ildə isə “Uşaq Evi Xeyriyyə Cəmiyyəti” fəaliyyət göstərmişdir. Ümumiyyətlə, XIX əsrin sonu və XX əsrin əvvəllərində yalnız Bakıda otuzdan çox xeyriyyə və maarif cəmiyyəti mövcud olmuşdur.

Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyəti 1908-ci ildə Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikovanın təşəbbüsü ilə yaradılmışdır. Təhsilli müsəlman qadınlar bu cəmiyyəti yalnız yoxsullara yardım göstərmək məqsədilə deyil, həm də qadınların mədəni səviyyəsini yüksəltmək və onlarda elmi biliklərə maraq oyatmaq məqsədilə qurmuşdular.

Azərbaycanda xeyriyyəçilik fəaliyyətinin mühüm bir mərhələsi XX əsrin son rübünə təsadüf edir. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri müharibə və soyqırımlar nəticəsində xalqımız 1 milyona yaxın qaçqın və məcburi köçkünü qəbul etməyə məcbur oldu. Bu vəziyyət ölkədə xeyriyyə cəmiyyətlərinin yaradılmasını zəruri etdi. 1988–1992-ci illərdə Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq məqsədilə Daimi iş yerlərini və yaşayış yerlərini məcburi tərk edənlərlə iş aparan şöbə, Millətlərarası Münasibətlər üzrə Komitə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, 1995-ci ildə isə Beynəlxalq Texniki və Humanitar Yardım üzrə Respublika Komissiyası yaradılmışdır.

Hazırda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu çoxşaxəli fəaliyyəti çərçivəsində humanitar və xeyriyyə layihələrini uğurla həyata keçirən aparıcı fondlardan biridir. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda — Şuşa şəhərində Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa və Saatlı məscidləri, Ağdam və Zəngilan şəhər məscidləri əsaslı şəkildə bərpa olunmuşdur. Eyni zamanda Daşaltı, Hadrut və Şuşa şəhərində yeni məscidlərin inşası da məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilmişdir.

Bu fondun töhfəsi sayəsində mərhəmət və humanizm ənənələri bu gün Azərbaycanda fəaliyyət göstərən bir çox iş adamları, ictimai xadimlər və qeyri-hökumət təşkilatları tərəfindən uğurla davam etdirilir. Onların arasında “Kür-Xəzər” Xeyriyyə Cəmiyyəti, “Azərbaycan Xeyriyyəçi Qadınları İctimai Birliyi”, Azərbaycan Respublikasının “Sağlamlıq” İctimai Fondu, “Buta” Humanitar Uşaq Fondu, “Əlillərə Dəstək Xeyriyyə İctimai Birliyi”, “Gülüstan” Qadınlara və Kimsəsiz Uşaqlara Yardım İctimai Birliyi, “Şəmsi Əsədullayev adına Xeyriyyə İctimai Birliyi”, Vətən müharibəsi veteranları və qazilərinə yardım və dəstək göstərən bir çox başqa mərkəz, cəmiyyət və birliklər mövcuddur.

Bu gün yoxsulluqla mübarizə sahəsində dövlətlərin, beynəlxalq təşkilatların və qeyri-hökumət qurumlarının qarşısında mühüm vəzifələr dayanır. Bu vəzifələrə yalnız xeyriyyəçilik deyil, eyni zamanda siyasi ədalətin təmin olunması, insan hüquqlarının qorunması, irqçilik, milli və dini ayrı-seçkiliyə qarşı mübarizə, təbiətin mühafizəsi də daxildir.

Yüksək maddi və mənəvi dəyərlərə sahib Azərbaycan dövləti və xalqı hər zaman – istər müharibə, istər aclıq, istərsə də təbii fəlakət şəraitində əziyyət çəkən ölkələrə yardım göstərmiş və mərhəmət, yardımsevərlik kimi insani dəyərləri ilə dünyada tanınmışdır.


Tövsiyə edilən ədəbiyyat:

  1. Vəlizadə, Tural. Azərbaycanda xeyriyyəçilik ənənələri/T. Vəlizadə ; Mənəvi Dəyərlərin Təbliği Fondu. - Bakı: TUNA, 2018. - 73 s.
  2. Cavadov, Cavid Qəmərşah oğlu. XİX əsrin sonu və XX əsrdə Azərbaycanda xeyriyyəçilik hərəkatı: tarix e. n. a. dər. al. üçün təq. ol. dis-nın avtoreferatı: 07.00.02 /C. Q. Cavadov ; Azərb. Resp. Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası. - Bakı: 2000. - 26 s.
  3. Süleymanov, Manaf Fərəc oğlu. Azərbaycan milyonçuları /M. Süleymanov ; red. C. Cavanşir ; naşir M. Xan ; dizayn F. İlham. - Bakı: Mücrü, 2021. - 144 s.