Tarixdən səhifələr

Azərbaycan Qadınlarının I Qurultayı

Azərbaycan Qadınlarının I Qurultayı

Müstəqil Azərbaycan Dövlətində ilk Qadınlar Qurultayı 1998-ci il 14 sentyabr tarixində baş tutmuşdur. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən Azərbaycan Qadınlarının I Qurultayı ölkəmizdə qadın hərəkatının keyfiyyətcə yeni mərhələsini təşkil edir. Ümummilli Liderin dövlət siyasətinin əsas istiqamətlərindən biri qadın hüquq və azadlıqlarının qorunması, onların ictimai-siyasi həyatda və dövlət idarəçiliyində təmsilçiliyi, ümümiyyətlə bütün sahələrdə bərabər hüquqlarının təmin edilməsi məsələsi olmuşdur. Bu məqsədlə, 1998-ci il 14 yanvar tarixində Heydər Əliyev “Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərman imzalamışdır. Elə həmin gün Prezident tərəfindən imzalanmış digər sənəd – “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncamla Nazirlər Kabinetinə ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların iştirakını genişləndirmək üçün müvafiq təkliflər hazırlamaq tapşırılmışdır. Beləliklə, 1998-ci il 14 sentyabrda Azərbaycan Qadınlarının I Qurultayının işinə başlanıldı. Ulu Öndər Heydər Əliyevin bu təşəbbüsü Azərbaycan qadınlarının sosial və mədəni tərəqqisinin təmin olunmasında, onların ictimai-siyasi həyatda fəallığının artmasında dönüş nöqtəsi oldu. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlətin qadın siyasətində ən əlamətdar və genişmiqyaslı təşəbbüslərdən biri kimi qiymətləndirilir.

Tarixə nəzər saldıqda, qadın hüquq və azadlıqlarının qorunması məsələsinin Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti (ADR) və Sovet dövrlərində də müxtəlif formalarda mövcud olduğunu görmək mümkündür. Çar Rusiyası dövründə qadın hüquq və azadlıqları son dərəcə məhdudlaşdırılmış şəkildə həyata keçirilirdi. Bunun əsas səbəblərindən biri kimi həmin dövrdə mövcud olan şəriət sisteminin qadın azadlıqları qarşısında ciddi maneələr yaratmasını göstərmək olar. Azərbaycan Xalq Cümhuriyyəti dövründə isə qadınlar üçün əhəmiyyətli bir dönüş baş verdi. Şərqdə ilk dəfə olaraq, qadınlar seçmək və seçilmək hüququ əldə etdilər və ictimai-siyasi həyatda fəal iştirak etməyə başladılar. Bu, Azərbaycan qadınının hüquqi və ictimai statusunun yüksəlməsində mühüm mərhələ hesab olunur. Sovet hakimiyyəti illərində qadınların əmək fəaliyyətinin artırılması və onların sosial həyata inteqrasiyası məqsədilə bir sıra qanunvericilik təşəbbüsləri həyata keçirildi. 1920-ci illərdə yeni bir cəmiyyət qurmağın ən vacib vəzifələrindən biri Azərbaycan qadınının ictimai həyata fəal şəkildə cəlb olunması, onun iqtisadi, sosial və mədəni fəaliyyətlərə qatılması idi. 1920-1922-ci illərdə qadın probleminə dair 20-dən çox fərman və qətnamə qəbul edilmişdi. Bu fərmanların icrası nəticəsində qadınlar siyasi və iqtisadi hüquqlar, dövlət orqanlarında iştirak etmək, işləmək və təhsil almaq üçün bərabər maaş almaq haqqı qazanmışdı.

1921-ci ilin mayında qəbul edilən Azərbaycan SSR-in ilk Konstitusiyası qadınlara geniş hüquqlar verdi. Həmin ilin fevral ayında Bakıda keçirilmiş Azərbaycan qadınlarının qurultayı isə ölkə tarixində qadın hərəkatı sahəsində əlamətdar hadisə olmuşdur. Bu, Azərbaycan qadınları arasında ilk belə genişmiqyaslı tədbir idi. Tarixdə ilk dəfə qadınlar 1188 nümayəndənin qatıldığı qurultaya toplaşdılar. Qurultayın çağırılmasında əsas məqsəd Azərbaycanın işləyən qadınlarının fəallığını artırmaq və mahallarda qadın şöbələrinin işini təşkil etmək idi.

Azərbaycanda qadın qurultaylarının keçirilməsi ənənəsi sovet dövründə 1921, 1957, 1967 və 1972-ci illərdə baş tutmuşdu. Belə qurultaylar Azərbaycan qadınlarının sosial, mədəni, ictimai-siyasi və iqtisadi həyata daha geniş miqyasda qoşulmasına şərait yaratdı, qadın hərəkatının formalaşması və tədricən daha müstəqil istiqamət alması üçün zəmin hazırladı. Lakin Sovet İttifaqında, ümumilikdə qadın hərəkatı kimi, bu qurultaylar da sərt ideoloji çərçivə içində həyata keçirilirdi. Ümumilikdə dövlət ideologiyası gender münasibətlərini və qadın hərəkatını nəzarətdə saxlamaq üçün rəsmi diskursdan bir alət kimi istifadə edirdi. Qadın hərəkatının başqa bir xüsusiyyəti isə onun müstəqil təşəbbüs deyil, ümumdövlət sosial layihələrinin tərkib hissəsi kimi formalaşdırılması idi.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra vətəndaş cəmiyyətinin inkişafında və müstəqil dövlətin qurulmasında qadınların rolu artmağa başladı. Müstəqil Azərbaycanda qadınların hüquqlarının müdafiəsi istiqamətində intensiv işlər görüldü. Ölkəmiz 1992-ci il avqustun 4-də “Qadınların siyasi hüquqları haqqında” 1952-ci il BMT Konvensiyasına, 1995-ci il iyunun 30-da isə “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” BMT Konvensiyasına qoşulmaqla gender bərabərliyinin təmininə dair beynəlxalq öhdəliklər götürmüşdür.

Bundan əlavə, 2001-ci ildə Azərbaycan BMT-nin Qadınlar üçün İnkişaf Fondunun “Zorakılıqsız həyat” adlı regional məlumatlandırma kampaniyasına qoşularaq, qadınlara qarşı zorakılığın aradan qaldırılması və gender bərabərliyinin təşviqi istiqamətində beynəlxalq öhdəliklər götürmüşdür.

Azərbaycan, bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq etməklə və mühüm konvensiyalara qoşulmaqla yanaşı, ölkə daxilində də qadınların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində ciddi addımlar atmışdır. Bu sahədə qəbul olunan “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” və “Məişət zorakılığı haqqında” qanunlar, həmçinin Ailə Məcəlləsinə edilən mühüm dəyişikliklər buna bariz nümunədir.

Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlətimizə rəhbərlik etdiyi dövrdə qadın hərəkatı yeni inkişaf mərhələsinə qədəm qoydu və Qadın Qurultaylarının mahiyyəti keyfiyyətcə dəyişdi. Ulu Öndər qadınların ictimai-siyasi proseslərdə fəal iştirakına, dövlət və idarəetmə strukturlarında geniş təmsil olunmalarına hər zaman xüsusi önəm verirdi. O, cəmiyyətimizdə nüfuzu və rolu artan Azərbaycan qadınlarının azad, firavan və layiqli həyat sürməsini daim arzulayırdı.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanında qadının cəmiyətimizdəki rolu haqqında deyilir: “Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynamışdır”.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət qadın siyasətinin ardıcıl icrası nəticəsində bu gün Azərbaycan qadını cəmiyyətin fəal, nüfuzlu üzvünə və söz sahibinə çevrilib. Onlar ölkəmizin inkişafı və beynəlxalq imicinin formalaşmasında əvəzsiz rol oynayır.


Tövsiyə edilən ədəbiyyat:

  1. Heydər Əliyev və dövlət qadın siyasəti: fərmanlar, sərəncamlar, nitqlər, təbriklər, məlumatlar 1969-1982, 1993-2003 /layihənin rəhbəri və ön sözün müəl. H. Hüseynova, tərt.ed. S. Qəhrəmanova, T. Əhmədov; red. N.Rüstəmli. - Bakı: Nurlar, 2008. – 414 s.
  2. Müstəqil Azərbaycan 20 il: dövlət ailə, qadın və uşaq siyasəti: [Məqalələr toplusu] /Azərb. Resp. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, AMEA, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu, "Politologiya və Siyasi Sosiologiya" şöbəsi ; red. heyəti: H. K. Hüseynova [və b.] ; [ön söz H. Hüseynova]. - Bakı: Nurlar, 2012. - 503 s.
  3. İbrahimova, Gülzar İsaxan qızı. Azərbaycan qadını: Tarix və Gerçəklik: [monoqrafiya] /G. İbrahimova; elmi red. və ön sözün müəl. H. Hüseynova; AMEA-nın İnsan Hüququları Elmi Tədqiqat İn-tu. - Bakı: Elm, 2009. - 499 s.
  4. Abbasova, Sevinc Zakir qızı. Azərbaycan Respublikasında dövlət qadın siyasəti və qadınların tərəqqisi / S. Z. Abbasova ; elmi red. E. Zamanov. - Bakı : Elm və təhsil, 2016. - 546 s.
  5. Abbasova, Sevil Zakir qızı. İlham Əliyev: qadınlara istiqamətli qlobal təşəbbüslər və gender bərabərliyinin inkişafı : 2003-2023-cü illər / S. Z. Abbasova ; elmi red. X. Hüseynov ; Naxçıvan Dövlət Universiteti. - Bakı : Ocaq, 2025.