Akademik Ədilə Namazova
Ədilə Əvəz qızı Namazova 1926-cı il sentyabrın 9-da Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1944-1949-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsində ali təhsil almışdır.
Əmək fəaliyyətinə 1949-cu ildə başlayan Ədilə Namazova həmin vaxtdan etibarən 1953-cü ilədək Ağdam rayonunda Uşaq tibb məsləhətxanasının müdiri işləmişdir. O, 1954-1957-ci illərdə Moskva şəhərində, SSRİ Səhiyyə Nazirliyinin Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun aspiranturasında oxumuş, aspiranturanı bitirdikdən sonra, 1958-1959-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda Müalicə profilaktika fakültəsinin uşaq xəstəlikləri kafedrasının assistenti, 1960-1965-ci illərdə SSRİ Tibb Elmləri Akademiyasının Pediatriya Elmi Tədqiqat İnstitutunun doktorantı olmuşdur. 1965-ci ildən taleyini Azərbaycan Dövlət Tibb İnstitutu ilə bağlayan Ədilə Namazova burada ömrünün sonunadək uşaq xəstəlikləri kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Ədilə Namazova tibb elmləri üzrə 1959-cu ildə namizədlik, 1965-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1966-cı ildə professor elmi adına layiq görülmüşdür. O, 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Azərbaycanda tibb elminin tədrisi və yeni nailiyyətlərlə zənginləşdirilməsində akademik Ədilə Namazovanın xüsusi əməyi vardır. Uzun illər ərzində tibb elminin müxtəlif sahələrinə dair apardığı araşdırmaları alimə ölkəmizdə və onun hüdudlarından kənarda geniş şöhrət qazandırmışdır. Ədilə Namazova respublikada pediatriya elmi məktəbinin yaradıcılarındandır. Alimin uşaq sağlamlığının qorunmasına yönəlmiş məhsuldar elmi fəaliyyətinin başlıca istiqamətləri uşaqlarda revmatizm və ürək qüsurlarının diaqnostikası və müalicə metodlarının təkmilləşdirilməsi ilə bağlıdır. Məhz bu elmi işlər sayəsində ürək çəpərinin anadangəlmə qüsurlarının klinik xüsusiyyətləri öyrənilmiş, süni qan dövranı şəraitində cərrahi müalicənin mümkünlüyü kriteriyaları müəyyən edilmişdir. Həmin tədqiqatlar, eyni zamanda, sonrakı fundamental araşdırmalar və yeni müalicə üsullarının tətbiqi üçün geniş imkanlar açmışdır. Alim, həmçinin müxtəlif metodlardan istifadə əsasında təcrübi tövsiyələri ilə tibb elminə töhfələr vermişdir. Respublikada tibbi xidmətin müasir tələblərə cavab verən formalarının təşkilində Ədilə Namazovanın təqdirəlayiq xidmətləri olmuşdur.
Ədilə Namazova 400-dən artıq elmi əsərin, o cümlədən 30 monoqrafiyanın, dərsliyin və metodik vəsaitin, ixtiralar və səmərələşdirici təkliflərin müəllifidir. Alimin xarici dillərdə işıq üzü görən əsərləri elmi ictimaiyyət arasında rəğbətlə qarşılanmışdır.
Ədilə Namazova çoxillik pedaqoji fəaliyyəti dövründə zəngin bilik və bacarıq nümayiş etdirərək yüksək hazırlıqlı mütəxəssislərin yetişdirilməsi işinə xüsusi diqqət göstərmişdir. Onun rəhbərliyi ilə respublikamız və xarici ölkələr üçün 60-a yaxın tibb elmləri doktorları və tibb üzrə fəlsəfə doktorları hazırlanmışdır. Alim mötəbər beynəlxalq forumlarda pediatriyanın aktual problemlərinə dair məzmunlu çıxışları ilə Azərbaycanın müasir tibb elmini layiqincə təmsil etmişdir.
Səmərəli ictimai fəaliyyət göstərən Ədilə Namazova 1988-1992-ci illərdə SSRİ xalq deputatı olmuş, habelə bir sıra beynəlxalq elmi cəmiyyətlərin üzvü seçilmişdir.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının, Ümumdünya Pediatrlar Assosiasiyasının rəyasət heyətlərinin üzvü, Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti, Türkdilli Ölkələrin Pediatrlar Cəmiyyətinin vitse-prezidenti, Avropa Pediatrlar Assosiasiyasının üzvü olub.
Akademikin fəaliyyəti ölkə rəhbərliyi tərəfindən daima yüksək qiymətləndirilib. O, Azərbaycan SSR Dövlət mükafatına (1982), Əməkdar elm xadimi (1982) fəxri adına, “Şöhrət” (1996) və “Şərəf” (2011) ordenlərinə, “Akademik M.Topçubaşov mükafatına və medalı”na (2005), Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomuna (2016), AMEA-nın “Akademik Mirəsədulla Mirqasımov mükafatı”na (2016), Rusiya Pediatrlar İttifaqının “Akademik G.Speranski medalı”na (2016) və digər mükafatlara layiq görülüb.
Akademik Ədilə Namazova 16 dekabr 2020-ci ildə Bakı şəhərində vəfat edib.
Tövsiyə edilən ədəbiyyat:
- Namazova, Ədilə Əvəz qızı.Təbabət etikası: dərs vəsaiti /Ə. Namazova, Q. Əliyev ; elmi red. M. Ə. Salmanov ; rəyçilər M. Ə. Tağıyev, M. Ə. Paşayev, S. M. Məmmədzadə. - Bakı: Təhsil, 2004. - 240 s.
- Akademiya simalarda: 1945-2015: Azərbaycan Milli Elmlər Akademiyası-70 il. - Bakı: Elm, 2015. – 462 s.
- Azərbaycan Elmlər Akademiyasının yaranma tarixi = История создания Национальной Академии Наук Азербайджана : [kitab-albom] / Azərbaycan Milli Elmlər Akademiyası ; tərt.-müəl.: Z. Ə. Hacıyeva, N. A. Əliyarlı. - Bakı : n. y., 2015. - 125 s.