Tarixdən səhifələr

Akademik Məmmədağa Şirəliyev

Akademik Məmmədağa Şirəliyev

Məmmədağa Şirəli oğlu Şirəliyev 1909-cu il sentyabrın 19-da Şamaxı şəhərində anadan olmuşdur. O, Azərbaycan dialektologiya məktəbinin yaradıcısıdır.

Məmmədağa Şirəliyev 1927-ci ildə Bakıda orta məktəbi bitirib və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərq fakültəsinin Dilçilik şöbəsinə qəbul olunub və 1931-ci ildə ali təhsilini başa vurub. İki il Ağdam rayonunda dil-ədəbiyyat müəllimi işlədikdən sonra 1933-cü ildə Azərbaycan dilçiliyi ixtisası üzrə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) aspiranturasına qəbul olub. Aspirantura illərindən sonra həmin institutda Azərbaycan dili fənnindən dərs deyib.

Ömrünün 30 ilindən çoxunu respublikamızın müxtəlif ali təhsil ocaqlarında dilçilik kursu üzrə mühazirələr oxuyub. 1933-1941-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) müəllim, dekan müavini, dekan, 1941-1945-ci illərdə və 1949-1960-cı illərdə Azərbaycan Dövlət Universitetində Azərbaycan dilçiliyi kafedrasının müdiri, Filologiya fakültəsinin dekanı, universitetin rektor müavini, 1949-cu ildə Azərbaycan Elmlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunun direktoru vəzifəsində çalışıb.

Məmmədağa Şirəliyev ali məktəblərdə yüksək vəzifələr tutsa da, onun 1950-ci illərdən sonrakı fəaliyyəti (1950-1991) Azərbaycan dilçilik elminin inkişafı və zənginləşməsi işinə həsr olunub. Məmmədağa Şirəliyev 1949-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir, 1962-ci ildə isə həqiqi üzvü seçilir, 1960-cı ildə Azərbaycanın Əməkdar elm xadimi adına, “Azərbaycan dialektologiyasının əsasları” monoqrafiyasına görə 1972-ci ildə Dövlət mükafatına layiq görülüb. Görkəmli alim, həmçinin “Qafqazın müdafiəsinə görə” və “Əmək igidliyinə görə” medalları, “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri ilə təltif olunub.
Görkəmli alim 100-dən çox elmi əsərin, o cümlədən monoqrafik «Azərbaycan dialektologiyasının əsasları», «Bakı dialekti», habelə M.Hüseynzadə ilə birlikdə orta məktəblər üçün yazdığı «Azərbaycan dilinin qrammatikası» dərsliyinin müəllifidir.

Akademik M.Şirəliyev Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüş fundamental «Azərbaycan dialektologiyasının əsasları» əsərində türk dillərinin dialektlərinə dair o vaxta qədər yazılmış əsərlərdən fərqli olaraq, ilk dəfə təsviri, müqayisəli və tarixi-müqayisəli üsullardan geniş istifadə etmiş, Azərbaycan dili dialekt və şivələrinin təsnifini vermiş, özünün şəxsən iştirak etdiyi dialektoloji ekspedisiyalar zamanı toplanan faktiki materiallar əsasında ümumiləşmələr aparmış, Azərbaycan dili dialekt və şivələrinin 4 qrupa – şərq, qərb, şimal, cənub qruplarına bölündüyünü inkarolunmaz faktlarla isbat etmişdir.

M.Şirəliyev Azərbaycan filoloji elmində dilçilik coğrafiyasının banisidir. Maraqlıdır ki, hələ 1941-ci ildə Məmmədağa Şirəliyev rus dilində çap etdirdiyi bir məqaləsində ilk dəfə olaraq Azərbaycan dialektlərinin təsnifini coğrafi prinsip əsasında aparmış və bu bölgü sonralar, 1959-cu ildə YUNESKO-nun «Fundamental turcica» əsərində öz əksini tapmışdır. Onun rəhbərliyi ilə «Azərbaycan dilinin dialektoloji atlası» tərtib və nəşr edilmişdir.

Görkəmli alim fundamental «Azərbaycan dialektologiyasının əsasları» əsəri Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüşdür.

Akademik Məmmədağa Şirəliyev 1991-ci il aprelin 19-da Bakıda vəfat etmişdir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Dil mədəniyyəti /red. M. Ş. Şirəliyev [və b.] ; Azərb. SSR Elmlər Akademiyası, Nəsimi ad. Dilçilik İn-tu. - Bakı: Elm, 1972. - 60 s.
  2. Şirəliyev, Məmmədağa Şirəli oğlu. Azərbaycan dili orfoepiyasının əsasları /M. Ş. Şirəliyev ; red. Ə. Əfəndiyev. - Bakı: Azərnəşr, 1970. - 26 s.
  3. Ширалиев, Мамедага Ширали оглы. Вопросы азербайджанского языка /М. Ш. Ширалиев; науч. ред. А. М. Курбанов ; ред. Н. Г. Сухомяс. - Баку: б.и., 1989. - 194 с.