Tarixdən səhifələr

Görkəmli tarzən Əhməd Bakıxanov

Görkəmli tarzən Əhməd Bakıxanov

Əhməd Məmmədrza oğlu Bakıxanov 5 sentyabr 1892-ci ildə Bakıda anadan olmuşdur. Bakıxanovlar ailəsi bir müddət İranın Rəşt şəhərində yaşamalı olub. On altı yaşlı Əhməd Bakıxanov da ilk təhsilini orada məşhur xanəndə Əbdülhəsən xandan almağa başlayıb. Qısa vaxtda musiqi sənətinin çox dərinliklərindən, incəliklərindən xəbərdar olub. Ustad tarzənlərdən tar ifaçılığının və muğamatın sirlərini öyrənib. Ailəlikcə Bakıya qayıtdıqdan sonra Əhməd Bakıxanov təhsilini doğma şəhərində davam edib.

Üzeyir Hacıbəyli ilə tanışlıq Əhməd Bakıxanovun sənət və pedaqoji fəaliyyətində mühüm mərhələnin başlanğıcı olmuşdur. Dahi bəstəkarın təşəbbüsü ilə 1929-cu ildə Azərbaycan Dövlət Konservatoriyasına, 1933-cü ildən isə Asəf Zeynallı adına Musiqi Texnikumuna dəvət olunan Bakıxanov burada pedaqoji fəaliyyətə başlamış, muğamın tədrisi və ifaçılıq ənənələrinin elmi əsaslarla sistemləşdirilməsi işinə cəlb edilmişdir. Bu dövrdə Üzeyir Hacıbəyli ilə qurduğu sıx yaradıcılıq əlaqəsi onun tarzən kimi formalaşmasına və inkişafına mühüm təsir göstərmişdir. Əhməd Bakıxanov Üzeyir Hacıbəylinin xahişi ilə “Bayatı-Şiraz”, “Hümayun”, “Nəva” dəstgahlarını, “Dəşti”, eləcə də tarzən ifaçılığında nadir səslənən “Nəva-Nişapur” və “Əbu-Əta” muğamlarını tarda ifa etmişdir. Xüsusilə, Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” əsərini yazarkən bu canlı ifalar onun üçün əyani material qismində böyük əhəmiyyət kəsb etmişdir.

1931-ci ildə Əhməd Bakıxanov Azərbaycan Dövlət Radio Komitəsinin nəzdində “Xalq çalğı alətləri ansamblı”nı yaratmış və ömrünün sonuna qədər bu ansambla rəhbərlik etmişdir. Bu kollektiv Azərbaycan xalq musiqisinin orkestr formasında təqdim olunması, milli musiqi ənənələrinin qorunması və gənc ifaçıların yetişdirilməsi baxımından mühüm rol oynamışdır. Ansamblın fəaliyyətində tar, kamança, saz, balaban, zurna, hətta fortepiano kimi müxtəlif çalğı alətləri yer almış, milli və klassik muğam nümunələri səsləndirilmişdir. Bu ansamblın tərkibində Əliağa Quliyev, Həbib Bayramov, Adil Gəray kimi ifaçılar, eləcə də Seyid Şuşinski, Xan Şuşinski və Zeynəb Xanlarova kimi tanınmış xanəndələr çıxış etmişdir.

Əhməd Bakıxanovun pedaqoji fəaliyyəti uzun illər boyunca Azərbaycan Dövlət Konservatoriyası və Asəf Zeynallı adına Musiqi Texnikumunda davam etmişdir. Ü.Hacıbəylinin təklifi ilə Ə.Bakıxanov muğamlarımızın yeni tədris proqramını tərtib edir. Əgər əvvəllər tələbələrə cəmi beş muğam – “Rast”, “Çahargah”, “Şur”, “Bayatı-Şiraz”, “Segah” öyrədilirdisə, Ə.Bakı­xanovun yeni proqramına “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Dügah”, “Hü­mayun”, “Nəva”, “Rəhab”, “Şahnaz”, “Bayatı-kürd”, “Dəşti”, “Mirzə Hüseyn segahı” və “Zabul-segah” kimi muğamlar da əlavə olunur. Konservatoriya üçün proqram tərtib etməklə yanaşı, o, musiqi məktəblərinin tar, kamança, xanəndə sinfi üçün proqramlar da hazırlayır, xalq çalğı alətlərinin təkmilləşdirilməsində fəal iştirak edir.

Musiqi folklorunun incələnməsi və nota salınmasında da Ə. Bakıxanovun rolu danılmazdır. Uzun illər boyu incələdiyi və dinlədiyi rənglərin 71-ini nota salaraq onları 1964-cü ildə “Azərbaycan xalq rəngləri” kitabına daxil etmişdir. Kitabda əksər muğamların – “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər”, “Hümayun” və s. rəng və dəramədlər yer alıb. Bu məcmuədən əlavə 1968-ci ildə “Ritmik muğamlar”, 1975-ci ildə isə “Muğam, mahnı, rəng” məcmuələri nəşr edilir.

Əhməd Bakıxanov 26 mart 1973-cü ildə vəfat etmiş və İkinci Fəxri xiyabanda dəfn olunmuşdur. Onun adını daşıyan Xalq Çalğı Alətləri Ansamblı bu gün də fəaliyyətini davam etdirir. Yaşadığı mənzildə indi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin xalq çalğı alətləri şöbəsi fəaliyyət göstərir. Azərbaycan əməkdar müəllimi, əməkdar incəsənət xadimi və Xalq artisti fəxri adlarına, habelə “Şərəf” ordeninə layiq görülmüş Əhməd Bakıxanov Azərbaycan muğam sənətinin qorunması və inkişafında misilsiz xidmətlər göstərmiş sənətkarlardandır.


Tövsiyə edilən ədəbiyyat:

  1. Məmmədbəyov, David İsa oğlu. Muğam ustası Əhməd Bakıxanov /D. İ. Məmmədbəyov ; red. M. Müştaq. - Bakı: Azərnəşr, 1966. - 40 s.
  2. Rəhmətov, Əvəz Məmmədəli oğlu. Əhməd Bakıxanov /Ə. Rəhmətov ; xüsusi red. Ə. İsazadə, V. Məmmədov. - Bakı: İşıq, 1977. - 140 s.
  3. Əhməd Bakıxanov xatirələrdə /tərt. ed. İ. Mirzəbəyli; elmi red. Hacı F. Mirzə ; red. H. Əliyeva ; məsləhətçi T. Bakıxanov. - Bakı: Mütərcim, 2012. - 177 s.
  4. Ustad ömründən anlar: Əhməd Bakıxanov haqqında xatirələr /tərt. ed. İ. Mirzəbəyli ; məsləhətçi T. Bakıxanov ; elmi red. Haci Fərhad Mirzə ; red. H. Əliyeva ; Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi. - Bakı: Aspoliqraf, 2013. - 190 s.