Tarixdən səhifələr

Tanınmış kinorejissor və operator Muxtar Dadaşov

Tanınmış kinorejissor və operator Muxtar Dadaşov

Tanınmış rejissor, Xalq artisti Muxtar Baba oğlu Dadaşov 1913-cü il sentyabrın 11-də Bakıda anadan olub. Uşaq yaşlarından incəsənətə maraq göstərən Muxtar Dadaşov 1924-cü ildə, 11 yaşında ilk dəfə Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində çıxış edib. 1928-ci ildə Cəfər Cabbarlının “Sevil” pyesinin ilk tamaşasında Gündüz obrazını canlandırıb. 1929-cu ildən Gənc Tamaşaçılar Teatrında rejissor assistenti və aparıcı aktyor kimi fəaliyyətə başlayıb.

1931-ci ildə kinostudiyada operator assistenti vəzifəsində çalışan Muxtar Dadaşov sənədli və bədii filmlər çəkməyə başlayır. 1933-cü ildə ali operator təhsili almaq məqsədilə Moskvaya yollanıb. Təhsil aldığı müddətdə aktyor kimi də fəaliyyət göstərib və görkəmli rus rejissoru M. Vernerin “Canlı Allah” bədii filmində komsomolçu obrazını canlandırıb. Təhsilini başa vurduqdan sonra kinostudiyaya qayıdaraq operator kimi fəaliyyətini davam etdirib.

Muxtar Dadaşov operator kimi bədii filmlər çəkməyə başlayır. Abdulla Şaiqin “Oyunçu bağa” hekayəsi əsasında çəkilmiş “Rəqs edən bağalar” (1935) bədii filminin quruluşçu operatoru olur. “Kəndlilər”, “Yeni horizont”, “Vətən oğlu”, “Sualtı qayıq T-9” bədii filmləri məhz onun operator kamerası vasitəsilə həyata vəsiqə alıb.

Muxtar Dadaşov 1977-1983-cü illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Sənədli Filmlər Birliyinin bədii rəhbəri vəzifəsində çalışıb. Onun yaradıcılığında tarixi sənədli filmlər xüsusi yer tutur. Dövrün mühüm ictimai-siyasi hadisələri onun lentə aldığı sənədli filmlərin əsas mövzusunu təşkil edib. Kinorejissor sənədli filmlərin bir çoxunun həm də ssenari müəllifi idi. Filmlərin ərsəyə gəlməsi üçün görkəmli sənətkar araşdırmalar aparır, arxivlərdən zəngin material toplayırdı.

Müharibə dövrünün kinoxronikasının yaradılmasında xüsusi xidmətləri olan Muxtar Dadaşov 1943-cü ildə hitlerçilərin cinayətlərini tədqiq edən komissiyanın sərəncamına göndərilir. Burada köməkçisi İsmayıl Əfəndiyev ilə birgə faşistlərin vəhşiliklərini əks etdirən faktları lentə almışdır. Sonralar həmin kadrlar Nürnberq məhkəməsi prosesində sübut kimi nümayiş etdirilmişdir.

1943-cü ildə rejissor müharibə mövzusunda “Bakı döyüşür” adlı sənədli film çəkir. Müharibə dövründə o, Səməd Vurğun, Üzeyir Hacıbəyli, kimyaçı alim Yusif Məmmədəliyev, eləcə də neftçilər G Əliyev, A. Nemətulla, R. Rüstəmov və digər görkəmli şəxsləri bu filmə daxil etmişdir. Həmin kadrlar milli kinomuzun nadir sənədli epizodları kimi xüsusi əhəmiyyət daşıyır. Muxtar Dadaşovun 1974-cü ildə çəkdiyi “Bakıda küləklər əsir” filmi də Böyük Vətən müharibəsi mövzusunda yaradılmış dəyərli ekran əsərlərindən biridir. Filmdə xalqımızın müharibə illərində arxa və ön cəbhədə göstərdiyi hünəri, casusların ifşa edilməsində qəhrəman kəşfiyyatçıların ayıq-sayıqlığını, onların çox cəsarətli əməliyyatları nəticəsində Bakının neft mədənlərinin partladılmasının qarşısının alınmasını ustalıqla əks etdirir. Onun yaratdığı ekran əsərləri təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində nümayiş etdirilmişdir. Muxtar Dadaşov, “Sovet Azərbaycanı” filmindəki uğuruna görə, 1951-ci ildə Kann Beynəlxalq Kino Festivalında xüsusi mükafata layiq görülən ilk azərbaycanlı rejissor olmuşdur. O, “Səadət yolu ilə” filmilə 1956-cı ildə Moskvada keçirilən Ümumittifaq kinofestivalında qızıl medal, “Nəriman Nərimanov” filmilə 1967-ci ildə Tbilisidə keçirilən festivalda xüsusi mükafat, “L.İ. Brejnev Bakıda” sənədli filmi ilə isə 1980-ci ildə Dövlət mükafatına layiq görülmüşdür.

Muxtar Dadaşov “Ordenli Azərbaycan” (1938), “Bakı hazırdır!” (1940), “Samur-Dəvəçi kanalı” (1940) “Zəfər bayramı” (1945), “Səhər nəğməsi” (1950), “Arazın sahillərində” (1953), “Həyata keçmiş arzular” (1954), “Ağ qızıl” ustaları” (1958), “Doğma torpaq, Azərbaycan” (1960), “Sabir” (1962), “Kür” (1963) və s. filmlərində vətənin əsrarəngiz təbiətini, tarixi şəxsiyyətlərini kino dili ilə ustalıqla tərənnüm etmişdir.

Quruluşçu rejissor kimi Muxtar Dadaşovun debütü “Qanun naminə” bədii filmi ilə olmuşdur. Xalq yazıçısı Süleyman Rəhimovun “Mehman” povesti əsasında çəkilmiş bu filmin ssenarisini də özü qələmə almışdır. Ekran əsərində baş rolu Şimali Osetiyalı aktyor Bimbulat Vatayev canlandırmış, filmdə həmçinin Adil İsgəndərov, Rza Təhmasib, Mustafa Mərdanov, Nəcibə Məlikova, Nəsibə Zeynalova kimi bir çox görkəmli sənətkarlarımız iştirak etmişlər.

Muxtar Dadaşovun sənət fəaliyyəti yüksək qiymətləndirilmiş, o, 1960-cı ildə Əməkdar incəsənət xadimi, 1976-cı ildə Xalq artisti fəxri adlarına layiq görülmüş, 1993-cü ildə Azərbaycan Respublikasının Fəxri Fərmanı ilə, daha sonra isə “Şöhrət” ordeni ilə təltif edilmişdir. Muxtar Dadaşov 1998-ci il mayın 7-də vəfat etmişdir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Sadıxov, Nazim. Azərbaycan kino rejissorları: Portretlər /N. Sadıqov ; red. S. İsmayılova ; rəyçi. F. Səfiyev. - Bakı: İşıq, 1988. - 157 s.
  2. Kazımzadə, Aydın Ələsgər oğlu. Azərbaycan kinematoqrafçıları / A. Ə. Kazımzadə ; bur. məsul C. B. Quliyev ; red. Ş. Bürcəliyeva ; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Film Fondu. III bur. : Portretlər. - Bakı : Təhsil, 2012. - 224 s.
  3. Kazımzadə, Aydın Ələsgər oğlu. Kino və zaman: 1923-2016 / A. Ə. Kazımzadə ; red. G. İsmayıloğlu ; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. - Bakı : Şərq-Qərb, 2016. - 784 s.