Tarixdən səhifələr

Şərqin ilk təyyarəçi qadını Leyla Məmmədbəyova

Şərqin ilk təyyarəçi qadını Leyla Məmmədbəyova

Azərbaycan, Cənubi Qafqaz və Yaxın Şərqdə ilk qadın təyyarəçi kimi tanınan Leyla Ələsgər qızı Məmmədbəyova 1909-cu il sentyabrın 17-də Bakıda anadan olmuşdur. 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri mart soyqırımı ərəfəsində ailəsi ilə birlikdə Həştərxana köçmək məcburiyyətində qalmışlar. Onun atası Ələsgər Zeynalov inqilabçı kimi dövrünün tanınmış siyasi xadimləri ilə yaxından təmasda olmuş, Nəriman Nərimanovla dostluq etmişdir. Həştərxanda onlar bir evdə yaşamışlar. Leyla xanım uşaq yaşlarından cəsarəti və qorxmazlığı ilə seçilirdi. Daha on yaşında ikən atasının “kiçik inqilabçısı”na çevrilmişdi. Uşaq olduğu üçün jandarmların diqqətini cəlb etmirdi və atasının tapşırığı ilə inqilabçılara aid məktubları və sənədləri ünvanlara çatdırırdı.

Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra, 1920-ci ildə onlar yenidən Bakıya qayıdırlar. 12–13 yaşlarında anasını itirən Leyla atasının, əmilərinin və dörd qardaşının xüsusi qayğısı və sevgisi ilə əhatə olunurdu. Leyla, 1922-ci ildə — on dörd yaşı tamam olmamış — əslən Kürdəxanıdan olan, on doqquz yaşlı Bəhram Məmmədbəyovla ailə qurur. Həyat yoldaşı Bəhram Məmmədbəyov onu təhsilə davam etməyə və ictimai həyatda fəal olmağa təşviq edirdi. Beləliklə, Leyla Bakı Təyyarəçilər Məktəbinə qəbul olunur. Həmin il bu məktəbə cəmi 22 nəfər qəbul edilmişdi və onların arasında yeganə qadın Leyla Məmmədbəyova idi.

1931-ci ildə Leyla Məmmədbəyova təcrübəli təlimatçı ilə birlikdə "U-1" təyyarəsində ilk uçuşunu uğurla həyata keçirir. On altı yaşında ilk övladı dünyaya gəlir. 1932-ci ildə Leyla Məmmədbəyova təhsil almaq üçün Moskvaya gedir. Burada o, "U-2" təyyarəsini idarə etməyi öyrənir və tanınmış təyyarəçilərlə tanış olur.

1933-cü il martın 17-də Leyla Məmmədbəyova SSRİ Osoaviaxim Mərkəzi Uçuş-Texniki Məktəbində təlim zamanı, Moskvanın Tuşino aerodromunda "U-2" təyyarəsindən “PT-1” paraşütü ilə tullandı. Ondan əvvəl Sovet İttifaqında cəmi 84 paraşütçü vardı və onlardan yalnız biri qadın idi. Təlimçi-pilot Leyla Məmmədbəyova, Nina Kamnevadan sonra Sovet İttifaqında ikinci qadın paraşütçü oldu.

1934-cü ildə Cənubi Qafqaz respublikaları arasında keçirilən paraşütçülər yarışında Leyla Məmmədbəyova birinci yeri qazandı. 1935-ci ildə, Sovet Azərbaycanının 15 illiyi münasibətilə təşkil olunan tədbirlər çərçivəsində, o, respublika nümayəndə heyətinin tərkibində Moskvaya səfər etdi. SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri Mixail Kalinin onu “Şərəf nişanı” ordeni ilə təltif etdi.

1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda, Leyla Məmmədbəyova artıq aviasiya mayoru rütbəsinə sahib və dörd uşaq anası idi. Müharibəyə qatılmaq istəsə də, yeni övladını dünyaya gətirdiyi üçün cəbhəyə getməyə icazə verilmədi.

Bakı Təyyarəçilər Məktəbi bağlandıqdan sonra, Leyla Məmmədbəyova öz təşəbbüsü və Mir Cəfər Bağırovun dəstəyi ilə Planer-Paraşüt Klubunun açılmasına nail oldu. Müharibə illərində bu klubda yüzlərlə desant və dörd minə yaxın paraşütçü hazırlanaraq cəbhəyə göndərildi. Onun tələbələrindən ikisi – Adil Quliyev və Nikolay Şeverdyayev – Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldülər.

Azərbaycanda ilk hərbi təyyarəçi qadın olan Züleyxa Seyidməmmədova da məhz Leyla Məmmədbəyovadan ilham alaraq bu sənətə gəlmişdi.

Leyla Məmmədbəyovanın son uçuşu 1949-cu ildə baş tutdu. Sağlamlığında yaranan problemlər səbəbilə təyyarəçi karyerası sona çatdı.

Tarixə Azərbaycanın ilk qadın pilotu kimi düşən Leyla Məmmədbəyova haqqında bir sıra ədəbi və sənədli əsərlər yazılmışdır. Mikayıl Müşfiqin “Əfşan” və “Şölə” poemaları, Səməd Vurğunun onun həyatını əks etdirən “Leyla” əsəri buna nümunədir. 1934-cü ildə lentə alınan səssiz “İsmət” bədii filmi də ona həsr olunmuş, 1995-ci ildə isə “Leyla” adlı sənədli film çəkilmişdir.

Leyla Məmmədbəyova aviasiyadakı xidmətləri və ictimai fəaliyyəti səbəbilə bir sıra mükafatlara layiq görülmüşdür. O, 1936-cı ildə “Şərəf nişanı” ordeni, 1945-ci ildə “Qafqazın müdafiəsinə görə”, 1946-cı ildə isə “Əməkdə fərqlənməyə görə”, “Əmək rəşadətinə görə” və “Əmək veteranı” medalları ilə təltif olunmuşdur. Ən diqqətçəkən məqamlardan biri isə altı uşaq anası olan Leyla Məmmədbəyovanın “Analıq medalı” ilə də mükafatlandırılmasıdır.

2017-ci ildə Amerikanın məşhur “Huffington Post” nəşrində Leyla Məmmədbəyova haqqında məqalə dərc olunmuşdur.

Leyla Məmmədbəyova 1989-cu ilin iyul ayında vəfat etmiş və İkinci Fəxri xiyabanda dəfn olunmuşdur.


Tövsiyə edilən ədəbiyyat:

  1. Mahmudova, Nərmin. Leyla Məmmədbəyova: Şərqin ilk qadın təyyarəçisi /N. Mahmudova ; illüstrator R. Həsənzadə. - Bakı: TEAS Press, 2018. - 32 s.
  2. Qritçenko, A. A. Azərbaycanın şanlı vətənpərvər qadınları/A. A. Qritçenko ; red. A. Cəfərov ; "Bilik" Cəmiyyətinin Resp. və Bakı şəhər Təşkilatı, Azərb. KP Bakı Komitəsi nəzdindəki Qadınlar Şurası. - Bakı: Elm, 1973. - 28 s.
  3. Mədətov, Qaraş Əli oğlu. Azərbaycan SSR 1941-1945-ci illər müharibəsində: [monoqrafiya] : Qaraş Mədətovun "Azərbaycan Böyük Vətən Müharibəsi illərində" monoqrafiyasının yenidən işlənmiş və təkmilləşdirilmiş nəşri /Q. Mədətov ; layihə rəhb. Y. M. Mahmudov ; yenidən işlənmiş və təkmilləşdirilmiş nəşrin elmi red. C. Ə. Bəhramov, E. Ə. Məhərrəmov ; AMEA, A. A. Bakıxanov adına Tarix İn-tu. - Bakı: Turxan, 2018. - 510 s.