Azərbaycanın xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və tərcüməçi, Balaş Allahbaxış oğlu Abizadə, 1921-ci il noyabrın 11-də Bakı şəhərində anadan olub. Valideynləri Cənubi Azərbaycanın Ərdəbil vilayətinin Səlim qışlağı kəndindəndir. Orta təhsilini Bakıda 21 saylı məktəbdə alan Balaş Azəroğlu məktəbdə oxuyarkən ədəbiyyata böyük həvəs göstərir. Məktəbin ədəbiyyat müəllimi Cəfər Rəmzi bu sahədə ona böyük təsir göstərmişdir. Məktəbli ikən Respublika Pionerlər Evində ədəbiyyat dərnəyinə üzv olur və ilk mətbu şeiri olan "Dnepr" 1936-cı ildə Bakıda çap edilmişdir.
Bakı Azad Tənqid və Təbliğ Teatrı 1921-ci il 13 noyabr tarixində yaradılmış və hazırda Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı adı altında fəaliyyət göstərir. Bu teatr Azərbaycan mədəniyyət tarixində təkcə bir sənət məkanı deyil, həm də yeni quruluşun simvolu kimi fərqlənmiş və yeni nəsil teatrların formalaşmasına təkan vermişdir. Bakıda XIX əsrin sonlarında fəaliyyət göstərən rus truppalarından ən fəalı Polonskinin rəhbərlik etdiyi teatr dəstəsi olmuşdur. Bu teatr kollektivi sabit repertuarı, zəngin rekvizit və geyim sexləri, çoxlu hazır dekor-tərtibatları olan truppadan təşkil olunmuşdu. Bu truppa 1921-ci ilə qədər Tağıyev teatrında tamaşalar göstərmişdir. 1
XX əsrin əvvəllərində baş verən siyasi dəyişikliklər Cənubi Qafqazda yeni idarəetmə formalarının yaranmasına səbəb oldu. 1917-ci ilin noyabrında Tiflisdə təsis edilən Zaqafqaziya Komissarlığı həmin dövrdə bölgəni idarə etmək məqsədilə formalaşdırılmış müvəqqəti hökumət idi. Onun yaranması bir tərəfdən Rusiya imperiyasının dağılması ilə bağlı siyasi boşluğun nəticəsi, digər tərəfdən isə bölgə xalqlarının milli özünüdərkinin güclənməsinin təzahürü idi. 1917-ci il noyabrın 11-də Cənubi Qafqazda fəaliyyət göstərən siyasi təşkilatların toplantısında gürcü menşeviki Noy Jordaniya müstəqil yerli hökumətin yaradılmasını təklif etmişdir.
Azərbaycanın neft sənayesinin inkişafında mühüm rola malik, Sosialist Əməyi Qəhrəmanı, dövlət xadimi və mühəndis Süleyman Azad oğlu Vəzirov 18 noyabr 1910-cu ildə Bakıda anadan olmuşdur. Onun atası Azadbəy Vəzirov Peterburqda hərbi təhsil almış və xüsusi tapşırıqlar üzrə polkovnik, anası Zəhra xanım isə dövrünün məşhur həkimi Kərimbəy Mehmandorovun qızı idi. İlk təhsilini Bakı real məktəbində alıb. Bakı Sənaye Texnikumuna daxil olan Süleyman Vəzirov, oxumaqla bərabər kinomexanik vəzifəsində çalışır. 1928-ci ildə Süleyman Vəzirov Azərbaycan Politexnik İnstitutunun Dağ-mədən fakültəsinə daxil olur.
Tarixçi- şərqşünas , tarix elmləri doktoru və professor Əhməd Əhməd oğlu İsgəndərov 23 noyabr 1927-ci ildə Bakının Mərdəkan kəndində anadan olmuşdur. Moskvada tanınmış tarixçi-alim, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, “Voprosı istorii” jurnalının baş redaktoru, Ümumrusiya Azərbaycan Konqresi Mərkəzi Şurasının üzvü olmuşdur. Əhməd İsgəndərov orta təhsilini Bakıda 8 saylı məktəbdə bitirmişdir. Əhməd İsgəndərov 1943-cü ildə Bakı Memarlıq Texnikumuna daxil olaraq bir il orada oxumuş, daha sonra 1944-cü ildə yenicə yaranmış Hərbi-dəniz hazırlıq məktəbinə daxil olmuşdur. Lakin İsgəndərov təhsilini yarımçıq qoyaraq 1945-ci ildə Moskva Xarici Dillər Hərbi İnstitutuna daxil olur.
Azərbaycan Dövlət Teatr Muzeyi 1934-cü il 24 noyabr tarixində görkəmli teatr xadimi Ağakərim Şərifov tərəfindən yaradılmışdır. Şərqdə və Cənubi Qafqazda öz profilinə görə yeganə olan bu muzeyin yaradılmasının ilk təşəbbüskarı kimi o, 1920-ci ildən etibarən teatr tarixinə dair materialları toplamağa başlamışdır. Ağakərim Şərifov 1926-cı ildə Teatr Texnikumunun məzunları ilə görüşmüş, həmçinin bu sahədə Azərbaycanın görkəmli ziyalıları Əziz Şərif, Cəfər Cabbarlı, Əzim Əzimzadə, Sidqi Ruhulla kimi teatr korifeylərindən bir sıra məsləhətlər alaraq bu teatrın yaradılmasında onlardan böyük dəstək görmüşdür.
Həsən İbrahim oğlu Mirzəyev 1927-ci il noyabr ayının 26-da Dərələyəz mahalındakı Qovuşuq kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1948-1950-ci illərdə Naxçıvan Dövlət Müəllimlər İnstitutunda, 1951-1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil almışdır. Həsən Mirzəyev əmək fəaliyyətinə 1950-ci ildə doğma kəndində orta məktəb müəllimi kimi başlamışdır. 1955-ci ildə o, ali təhsilini başa vurduqdan sonra rayon xalq maarif şöbəsinin inspektoru və Qovuşuq kənd orta məktəbinin müəllimi, 1957-1959-cu illərdə isə məktəb direktoru işləmişdir.