Azərbaycanın Xalq şairi, ədəbiyyatşünas və tərcüməçi Balaş Azəroğlu
Azərbaycanın xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və tərcüməçi, Balaş Allahbaxış oğlu Abizadə, 1921-ci il noyabrın 11-də Bakı şəhərində anadan olub. Valideynləri Cənubi Azərbaycanın Ərdəbil vilayətinin Səlim qışlağı kəndindəndir. Orta təhsilini Bakıda 21 saylı məktəbdə alan Balaş Azəroğlu məktəbdə oxuyarkən ədəbiyyata böyük həvəs göstərir. Məktəbin ədəbiyyat müəllimi Cəfər Rəmzi bu sahədə ona böyük təsir göstərmişdir. Məktəbli ikən Respublika Pionerlər Evində ədəbiyyat dərnəyinə üzv olur və ilk mətbu şeiri olan "Dnepr" 1936-cı ildə Bakıda çap edilmişdir.
1937-ci ildə ölkəni bürüyən repressiya Balaş Azəroğlunun ailəsindəndə yan keçmir və o valideynləri ilə birlikdə Cənubi Azərbaycana Ərdəbilə sürgün edilir. Burada fars dilini öyrənmək üçün gecə kurslarına getməyə başlayır. Erkən yaşlarından milli azadlıq hərəkatına qoşularaq 1942-ci ildə İran Xalq Partiyasına daxil olur. Bu partiyanın şahlıq hakimiyyəti əleyhinə təşkil etdiyi mitinqlərdə fəal iştirak edərək milləti azadlığa çağıran "Azəroğlu" imzası ilə şeirlər yazır. 1943-cü ildə "Zidd-faşist" təşkilatının Ərdəbil Komitəsinin sədri, 1945-ci ildən isə Azərbaycan Demokrat Firqəsinin ( ADF) üzvü seçilmişdir. O, 1945-1946-cı illərdə Azərbaycan Demokrat Firqəsi Ərdəbil vilayət komitəsinin orqanı "Cövdət" qəzetinin redaktoru kimi fəaliyyət göstərmiş, Təbriz Radio Komitəsinin sədr müavini, eləcə də Azərbaycan Milli Məclisinin deputatı olmuşdur.
1946-cı ildə Azərbaycan Milli Hökuməti (AMH) süqut edir. 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil olur, lakin bundan sonrada minlərlə qırğın və sürgün davam edir. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər. Balaş Azəroğlu bir müddət Təbrizdə gizlənməli olur. 1947-ci il aprelin 15-də Cənubi Azərbaycanda gizlənən demokratları xilas etmək üçün yaradılmış "Nicat cəmiyyəti" tərəfindən gizli yollarla Təbrizdən çıxarılaraq Bakıya aparılır. AMH dövründə Təbrizdə fəaliyyət göstərən "Şairlər və yazıçılar cəmiyyəti" 1947-ci ildən etibarən Bakıda, "Azərbaycan Yazıçılar Cəmiyyəti" adı ilə fəaliyyət göstərməyə başlayır. Balaş Azəroğlu isə bu cəmiyyətin sədri seçilir. 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alır. 1950-ci ildə Mədinə Gülgünlə ilə ailə həyatı qurmuş və bu evlilikdən Araz və Etibar adlı oğulları dünyaya gəlmişdir.
1947-ci ildən Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinə sədrlik edən Balaş Azəroğlu 1954-1955-ci illərdə Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin orqanı "Azərbaycan" qəzetinin redaktoru işləmiş, 1956-1964-cü illərdə Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsində təbliğat şöbəsinin müdiri və sədr müavini vəzifələrində çalışmışdır.
Balaş Azəroğlu 1963-1982-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı olmuş, 1981-1991-ci illərdə isə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi işləmişdir. 1981-ci ildə Azərbaycanın "Xalq şairi" fəxri adına layiq görülüb. O, 1991-ci ildən ömrünün sonunadək Azərbaycan Yazıçılar Birliyində Cənubi Azərbaycan ədəbiyyatı üzrə baş müşavir vəzifəsində çalışmışdır. Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra "Şöhrət" ordeni ilə mükafatlandırılan Balaş Azəroğlu həm də Prezidentin fərdi təqaüdçüsü olmuşdur.
Müasir Azərbaycan poeziyasının parlaq simaları sırasında adı hörmətlə çəkilən Balaş Azəroğlunun əsərləri qırxdan çox kitabda toplanmış və müxtəlif janrlarda qələmə alınmışdır. Əsərlərinin əsas leytmotivini Vətənə bağlılıq, milli oyanış və azadlıq uğrunda mübarizənin tərənnümü təşkil edir. Farscadan dilimizə çevirdiyi Nizaminin “Yeddi gözəl” poeması, Füzulinin qəzəlləri, Şəhriyardan tərcümələri geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanıb. Şairin müxtəlif illərdə “Şeirlər”, “Savalan”, “Mübarizə yollarında”, “Gənclik dostlarım”, “Mənim nəğmələrim”, “Səhər şəfəqləri”, “Sənətin qüdrəti”, “Hafizin qəbri üstündə”, “Elə oğul istəyir Vətən”, “Dünənim, bu günüm, sabahım”, “Gəl, ay bahar”, “Sinəm Savalan dağıdır”, “Bir kürsü istəyirəm” və digər kitabları ona oxucu rəğbəti qazandırıb.
Fəaliyyətinə görə iki dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə, "Xalqlar dostluğu", "21 Azər", "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə, "Şərəf nişanı" və "Şöhrət" ordenləri ilə təltif olunub.
Sevilən xalq şairi və ictimai xadim Balaş Azəroğlu, 2011-ci il aprelin 24-də Bakıda vəfat etmiş, İkinci Fəxri xiyabanda dəfn olunmuşdur.
Tövsiyə edilən ədəbiyyat:
- Əliqızı, Almaz. Cənubi Azərbaycan ədəbiyyatı məsələləri / A. Əliqızı ; elmi red. C. Abdullayev. - Bakı : Azərnəşr, 2007. - 268 s.
- Azəroğlu, Balaş. Seçilmiş əsərləri / B. Azəroğlu ; bur. məsul Ə. Güləliyev. - Təkrar nəşr. - Bakı : Öndər nəşriyyat, 2004. - 288 s.
- Güney Azərbaycanın iki xalq şairi: Balaş Azəroğlu və Qulamrza Səbri Təbrizi: [seirlər] / tərt.-red. V. S. Sultanlı. - Bakı : Azərnəşr, 2010. - 264 s.