Tarixdən səhifələr

Zaqafqaziya Komissarlığı yaradılması

Zaqafqaziya Komissarlığı yaradılması

XX əsrin əvvəllərində baş verən siyasi dəyişikliklər Cənubi Qafqazda yeni idarəetmə formalarının yaranmasına səbəb oldu. 1917-ci ilin noyabrında Tiflisdə təsis edilən Zaqafqaziya Komissarlığı həmin dövrdə bölgəni idarə etmək məqsədilə formalaşdırılmış müvəqqəti hökumət idi. Onun yaranması bir tərəfdən Rusiya imperiyasının dağılması ilə bağlı siyasi boşluğun nəticəsi, digər tərəfdən isə bölgə xalqlarının milli özünüdərkinin güclənməsinin təzahürü idi.

1917-ci il noyabrın 11-də Cənubi Qafqazda fəaliyyət göstərən siyasi təşkilatların toplantısında gürcü menşeviki Noy Jordaniya müstəqil yerli hökumətin yaradılmasını təklif etmişdir. Müəssislər Məclisinin işinə qədər regionu idarə etmək üçün Zaqafqaziya Komissarlığının yaradılması qərara alınmışdır. Noyabrın 14-də elan edilən hökumətin tərkibinə E.P. Gegeçkori (sədr və xarici işlər naziri), D. Donskoy (daxili işlər və hərbi nazir), Fətəli xan Xoyski (maarif naziri), Ş. Alekseyev-Mesxiyev (ədliyyə naziri), Məmməd Yusif Cəfərov (ticarət və sənaye naziri), Xudadat bəy Məlik-Aslanov (yollar naziri), Xəlil bəy Xasməmmədov (qanunlara nəzarət naziri), A.B. Neruçev (əkinçilik, dövlət əmlakı və dini işlər naziri), X. Korçikyan (maliyyə naziri), A. Ohancanyan (himayəçilik naziri), A. Ter-Qazarov (ərzaq malları naziri) daxil edilmişdir. 1917-ci il noyabrın 15-də isə hökumət rəsmi fəaliyyətə başladı.

Komissarlığın yaradılması, Xüsusi Zaqafqaziya Komitəsi ilə müqayisədə, müstəqilliyə doğru daha irəli addım idi. Lakin yeni orqan regiondakı mürəkkəb vəziyyəti sabitləşdirmək üçün kifayət qədər gücə malik deyildi. Millətlərin və siyasi partiyaların hamısı burada təmsil olunduğundan, tezliklə milli fraksiyalar formalaşdı. 1917-ci ilin noyabrında Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan Milli Fraksiyası təsis olundu. Komissarlığın qərarları adətən əvvəlcə fraksiyalarda müzakirə olunur, sonra yekun qəbul edilirdi. Bu isə vahid dövlətçilik mövqeyinin formalaşmasını çətinləşdirirdi.

Müəssislər Məclisinə qədər özünü Cənubi Qafqazın müvəqqəti hakimiyyət orqanı elan etmiş bu hökumət Birinci dünya müharibəsi ilə və daxili ziddiyyətlərlə əlaqədar, regionun ərazi bütövlüyünü qoruyub saxlamağı xarici siyasətinin başlıca vəzifəsi kimi qarşıya qoymuşdu. Komissarlıq yarandıqdan iki həftə sonra Müəssislər Məclisinə seçkilər keçirildi. Nəticədə, gürcü menşevikləri 11, müsavatçılar 10, daşnaklar 9, müsəlman sosialist bloku 2, bolşevik, eser və ittihadçıların hərəsi 1 yer əldə etdilər. Seçkilərin nəticələri göstərdi ki, Azərbaycan türklərinin böyük əksəriyyəti “Müsavat” partiyasının milli ərazi muxtariyyəti ideyasını dəstəkləyirdi. Lakin Komissarlığın xarici siyasətinə münasibətdə milli fraksiyalar arasında ilk gündən fikir ayrılığı mövcud idi və bu, sonralar daha da dərinləşdi. Müsəlman fraksiyası ayrı-ayrı dövlətlərlə əlaqə məsələsində hökumətin tam müstəqilliyini elan edən bəyannamə qəbul olunmasını zəruri sayırdı.

Zaqafqaziya Komissarlığının xarici siyasət istiqamətində ilk mühüm addımı 1917-ci il dekabrın 5-də (18-də) Ərzincanda Türkiyə ilə barışıq sazişi imzalamaq oldu. Bu sazişdən sonra rus qoşunları Qafqaz cəbhəsindən geri çəkilməyə başlamışdır. 1917-ci il dekabrın 19-da Komissarlıq Qafqazdakı rus ordusunun buraxılması haqqında əmr vermiş, yalnız milli korpusların saxlanılmasına icazə verilmişdir. Erməni və gürcü hərbi hissələrinin təşkili daha asan olmuş, azərbaycanlıların silahlandırılmasına isə şərait yaradılmamışdır. Bu qeyri-bərabərlik tezliklə ağır nəticələr verdi: 17 minlik erməni dəstələri Azərbaycan kəndlərinə qarşı zorakılıqlar törətməyə başladılar. Azərbaycan cəmiyyətində milli ordunun yaradılması həyati zərurət kimi gündəmə gəldi. Zaqafqaziya Seyminin üzvü Aslan bəy Səfikürdski sonralar haqlı olaraq qeyd edirdi: “Transqafqazda kiçik qardaşlar olan ermənilər və gürcülər silahlandırıldıqları halda, böyük qardaş olan müsəlmanlara silah verilmədi”.

Zaqafqaziya Komissarlığında bu cür ikili standartlar təkcə silahlı qüvvələrin yaradılmasında deyil, digər məsələlərdə də özünü büruzə verirdi.

Nəhayət, 1918-ci il fevralın 10-da Zaqafqaziya Seymi yaradıldı — burada Rusiya Müəssislər Məclisinə Cənubi Qafqazdan seçilmiş bütün partiya nümayəndələri təmsil olunurdu. Seymin formalaşması ilə regiondakı siyasi idarəetmənin ağırlıq mərkəzi Komissarlıqdan Seymə keçdi. 1918-ci il martın 26-da isə Seym Zaqafqaziya Komissarlığını ləğv etdi.

Beləliklə, Zaqafqaziya Komissarlığı (1917–1918) Cənubi Qafqaz xalqlarının dövlətçilik tarixində qısa müddətli, lakin mühüm keçid mərhələsi olmuşdur. Onun fəaliyyəti milli fraksiyalar arasındakı ziddiyyətlərin dərinliyini, ümumi regional idarəçiliyin çətinliyini və müstəqil dövlətçilik yolunun qaçılmazlığını nümayiş etdirmişdir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Rüstəmov, Rəşad Həsən oğlu. Azərbaycan Cənubi Qafqaz dövlətçiliyi sistemində: ferval 1917 - may 1918: monoqrafiya / R. H. Rüstəmov; red. N. Məmmədzadə.- Bakı: Afpoliqraf, 2024.- 152 s.
  2. Balayev, Aydın Hüseynağa oğlu. Azərbaycan Cümhuriyyətinin doğuşu: 1917-1918-ci illər milli mücadiləsi / A. H. Balayev.- Bakı: JekoPrint, 2022.- 368 s.
  3. Qafqazda ilk respublikalar: 1918-1921: monoqrafiya / İ. Bağırova, Ş. Rəhmanzadə, İ. Bağırova [et al.]; elmi red. İ. Bağırova; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu.- Bakı: İdeal-Print, 2021.- 420 s.
  4. İstiqlal: Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin bir illiyi münasibəti ilə 1919-cu ildə nəşr olunan toplu / Sosial Tədqiqatlar Mərkəzi; ideya müəl., tərt.-red. Ə. Vəliyev; ərəb əlifbasından çevir. Ə. Şükrü.- Bakı: Zərdabi Nəşr MMC, 2020.- 248 s.