Tarixdən səhifələr

Azərbaycanın görkəmli neftçisi Süleyman Vəzirov

Azərbaycanın görkəmli neftçisi Süleyman Vəzirov

Azərbaycanın neft sənayesinin inkişafında mühüm rola malik, Sosialist Əməyi Qəhrəmanı, dövlət xadimi və mühəndis Süleyman Azad oğlu Vəzirov 18 noyabr 1910-cu ildə Bakıda anadan olmuşdur. Onun atası Azadbəy Vəzirov Peterburqda hərbi təhsil almış və xüsusi tapşırıqlar üzrə polkovnik, anası Zəhra xanım isə dövrünün məşhur həkimi Kərimbəy Mehmandorovun qızı idi. İlk təhsilini Bakı real məktəbində alıb. Bakı Sənaye Texnikumuna daxil olan Süleyman Vəzirov, oxumaqla bərabər kinomexanik vəzifəsində çalışır. 1928-ci ildə Süleyman Vəzirov Azərbaycan Politexnik İnstitutunun Dağ-mədən fakültəsinə daxil olur. 1932-ci ildə Bakı Politexnik İnstitutunu bitirir və Pirallahı, Lökbatan, Qaraçuxur kimi neft-qaz yataqlarının işlənilməsində çalışmaqla özünü yüksəkixtisaslı bir mühəndis kimi yetişdirməyə başlayır. Süleyman Vəzirov ixtisasının bütün pillələrini keçərək mühəndis, böyük mühəndis, trestin baş mühəndisi vəzifələrində çalışaraq kamil mütəxəssisə çevrilir.

1940-cı ildə “Azneftkombinat”a baş mühəndis vəzifəsinə irəli çəkilən Vəzirov 1945-ci ildə “Azneft” Birliyinin rəisi təyin edilir. 1946-cı ildə Süleyman Vəzirov SSRİ Nazirlər Sovetinin təsdiqi ilə "Ölkənin cənub və qərb rayonlarında neft hasilatı üzrə Baş İdarənin" rəisi vəzifəsində çalışarkən SSRİ-nin neft yataqlarının yarısı – Qroznı, Kuban, Ukrayna – onun fəaliyyət sferasına daxil olur. SSRİ-nin neft sənayesinin məhz bu hissəsi müharibə zamanı tam dağıdılmışdı. Süleyman Vəzirovun başçılığı və bilavasitə iştirakı ilə çox qısa müddətdə buradakı mədənlər bir-birinin ardınca bərpa edilərək yataqların işlənilməsi davam etdirilməyə başlayır.

1949-cu ilin mart ayında şəxsən Stalinin imzaladığı əmrə əsasən Süleyman Vəzirov "Turkmənneft" birliyinin müdiri vəzifəsinə təyin edilir. O, burada çalışarkən Qumdağ sahəsi qum barxanları arasında yerləşdiyi üçün heç bir infrastruktur və yolun olmadığını görür. Süleyman Vəzirov qısa müddət ərzində birinci növbədə Qumdağa Nebitdağdan yolun çəkilməsinə, su, elektrik təchizatının təmin edilməsinə, işçilər üçün yaşayış məntəqəsinin tikintisinin həyata keçirilməsinə nail olur. O, burada çalışarkən Nebitdağda azərbaycanlı “xalq düşməni” damğası ilə saxlanılan neftçi-siyasi dustaqların bütün təhlükələrə baxmayaraq ixtisaslı kadrların çatışmazlığını səbəb gətirərək azad olunmasına müvəffəq olur.

1954-cü ildə respublikanın neft sənayesi naziri təyin olunan Süleyman Vəzirovun rəhbərliyi ilə Azərbaycanda dərin qazma texnologiyası, konturarxası suvurma üsulunun işlənməsi, dənizdə neft hasilatı texnologiyası, layların neftvermə əmsalının artması və s. sahələrdə böyük işlər görülmüşdür.1959-cu ildə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının sədri, 1965-ci ildə Nazirlər Soveti sədrinin müavini təyin olunan S.Vəzirov 1970-ci ildən ömrünün sonuna qədər Ali Sovetin Rəyasət Heyəti sədrinin müavini vəzifəsində çalışmışdır.

Süleyman Vəzirov Azərbaycan neft sənayesinin inkişafında, müharibə illərində ön cəbhənin neftlə təmin olunmasında böyük xidmətlər göstərmiş və dövlət tərəfindən bu nailliyyətləri yüksək qiymətləndirilmişdir. Vətən qarşısında xidmətlərinə görə 4 dəfə “Lenin” ordeninə, 6 dəfə “Qırmızı Əmək Bayrağı” ordeninə, Sosialist Əməyi Qəhrəmanı adına, Dövlət mükafatına layiq görülmüşdür. Süleyman Vəzirov nəinki Azərbaycanda, hətta beynəlxalq miqyasda elmi-texniki yeniliklər və neft sənaye tarixi üçün böyük xidmətlər göstərərək önəmli işlər görmüş, xalqının rəğbətini qazanmışdır. Süleyman Azad oğlu Vəzirov dəfələrlə SSRİ və Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. Nadejda İsmayılova ona “Süleyman Vəzirov əsrin fonunda” adlı kitab yazaraq ithaf etmiş, onun haqqında sənədli film çəkilmişdir. Neft və qaz kəmərlərinin sualtı hissəsinin çəkilişində istifadə olunan borudüzən gəmi və Bakı küçələrindən biri "Süleyman Vəzirov"un adını daşıyır.

Süleyman Vəzirov 1973-cü ildə Bakıda vəfat etmişdir.


Tövsiyə edilən ədəbiyyat:

  1. İsmaylova, Nadejda Vasilyevna. Süleyman Vəzirov əsrin fonunda: [xatirələr] /N. İsmaylova ; rus dilindən tərc. F. Rzayeva. - Bakı: n. y., 2021. - 157 s.
  2. Vəzirov, Süleyman Ənvər oğlu. Bakı neft sənayesi: təkamül tarixi, yeni faktlar, rəqəmlər /S. Vəzirov, A. İsayev. - Bakı: Elm, 1998. - 70 s.