16 May Beynəlxalq İşıq Günü UNESCO tərəfindən 2017-ci ilin noyabr ayında təsis edilib. Beynəlxalq İşıq Günü hər il UNESCO-nun Fundamental Elmlər üzrə Beynəlxalq Proqramı çərçivəsində Rəhbər Komitə tərəfindən keçirilir. Buna səbəb 2015-ci ildə UNESCO-nun təşəbbüsü ilə Beynəlxalq işıq və işıqlandırma texnologiyaları ilinin keçirilməsi olub. Həmin il 147 ölkə işığın elmdə, mədəniyyətdə, incəsənətdə, tibbdə, həmçinin insanın gündəlik həyatında roluna həsr olunmuş 13 mindən artıq tədbir keçirib. 16 may tarixi, fizik və mühəndis Teodor Mayman tərəfindən 1960-cı ildə dünyada ilk dəfə lazerin nümayiş etdirildiyi günə uyğun olaraq seçilmişdir. İşıq insan fəaliyyətində mərkəzi rol oynayır.
İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il mayın 28-də Füzuli şəhərində dünyaya göz açmışdır. İlyas Əfəndiyevin bir gənc kimi formalaşmasında, onda kitaba, ədəbiyyata, ümumiyyətlə, mütaliəyə maraq oyanmasında anası Bilqeyis xanımın əvəzsiz xidmətləri var. O, ömür-gün yoldaşının vəfatından sonra övladına müəllim, yoldaş, həm də ata əvəzi olub. Gələcəyin məşhur yazıçısı hələ uşaq yaşlarından zəhmətə alışıb, mütaliəyə böyük maraq göstərmişdir.
İrəvan şəhəri tarixi boyunca Qafqazın ən qədim mədəniyyət mərkəzlərindən biri olmuş və əhalisinin əsas hissəsini azərbaycanlılar təşkil etmişdir. XVIII əsrin sonları və XIX əsrin əvvəllərində İrəvan xanlığı Osmanlı və Qacar imperiyaları arasında strateji mövqeyə malik idi. 1828-ci ildə Rusiya-İran müharibəsi nəticəsində bağlanmış Türkmənçay müqaviləsi ilə İrəvan xanlığı Rusiya imperiyasının tərkibinə qatıldı. Rusiyanın Qafqaz siyasəti çərçivəsində, xüsusilə 1828-1830-cu illərdə, İran və Osmanlı torpaqlarından on minlərlə erməni ailəsi İrəvan və ətraf bölgələrə köçürüldü.
Mirzə Ələkbər Sabir (Ələkbər Zeynalabdin oğlu Tahirzadə) 1862-ci il mayın 30-da Azərbaycanın Şamaxı şəhərində anadan olmuşdur. Sabir səkkiz yaşına çatanda atası onu mollaxanaya qoymuşdu. Mollaxanada o ərəb, fars dillərini öyrənib, Şərq ədəbiyyatı nümunələri ilə tanış olmaq imkanı qazanıb.12 yaşına qədər Sabir mollaxanada oxumuş, sonra məşhur şair Seyid Əzim Şirvaninin açdığı yeni üsullu məktəbə keçmişdi. Bu məktəb onun üçün faydalı olmuş, xüsüsilə biliyinin və şairlik istedadının inkişafına kömək etmişdir. Lakin iki il sonra atası Sabiri təhsildən ayırıb öz dükanında köməkçi işlədir. Ancaq elmə və ədəbiyyata həvəsi sönməyən gənc yenə oxuyub yazmağa davam edirdi.
Orucov Sabit Atababa oğlu 1912-ci il mayın 30-da Bakıda anadan olmuşdur. 1929-1931-ci illərdə orta məktəbdə dərs demiş, 1931-1936-cı illərdə Azərbaycan Neft Sənayesi İnstitutunda oxumuşdur. S.Orucov 1940-cı ildə texnika üzrə fəlsəfə doktoru, 1961-ci ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini, professor elmi adını almış, 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü seçilmişdir. S.Orucov 1936-1946-cı illərdə kompressor təsərrüfatında mexanik, neftçıxarma ustası, Suraxanı mədənlərində direktor olmuşdur. "Ordconikidzeneft"in idarə rəisi, "Azərneftkombinat"da qazma üzrə rəis müavini, "Azneftdə" baş mühəndis işləmişdir.