İnsanlar həmişə informasiya almağa can atıblar. Onlar gorüb - eşitdiklarini bir-birinə danışır, beləliklə də hər hansi xəbər az müddətdə geniş yayılırdı. İnformasiyaların bu cür ötürülməsində carçılardan, tacirlərdən, səyyahlardan, elçilərdən, hətta göyərçinlərdən istifadə olunurdu. İnformasiyaların çoxalması, həm də ona olan marağın getdikcə artması gipsdən hazırlanmış informasiya lövhələrinin yaranmasına gətirib çıxardı. Belə lövhələr qədim Romada Yuli Sezarın göstərişi ilə hazırlanırdı. Onun tapşırığı ilə hazırlanmış lövhələrdə “Asta senatus” və “Asta diurna populi Romani” adlı məlumatlar toplusu uzun illər fəaliyyət göstərmişdir.
Əlimərdan bəy Ələkbər oğlu Topçubaşov 1862-ci ilin may ayının 4-də Tiflisdə doğulmuşdur. Siyasi və dövlət xadimi, publisist alim. İlk təhsilini I Tiflis gimnaziyasında almışdır. 1884-cü ildə oranı müvəffəqiyyətlə bitirərək Pеtеrburq Univеrsitеtinin tarix-filologiya fakültəsinə daxil olmuşdur. Lakin birinci sеmеstrdən sonra o, hüquq fakültəsinə kеçmişdir. 1888-ci ildə oranı müvəffəqiyyətlə bitirərək hüquq еlmləri namizədi adını almışdır. Universitetdən sonra Ə. Topçubaşov Tiflisdə hakim köməkçisi, vəkil işləmiş, Bakıda publisistika ilə məşğul olmuşdur. 1898-ci ildə "Kaspi" qəzetini alaraq ona rəhbərlik etmişdir.
Hənifə Məlikova-Zərdabi (Hənifə Aslanbəy qızı Abayeva) 1856-cı il mayın 5-də Şimali Qafqazda, Nalçik şəhərində anadan olub. Təhsilini Tiflisdə “Müqəddəs Nina” qız məktəbində alıb. Hənifə xanım Azərbaycanda maarifçilik hərəkatının öncüllərindən olan Həsən bəy Zərdabi ilə ailə qurub. Onların tanışlığının maraqlı tarixçəsi var. 1872-ci ildə Tiflisdə Müqəddəs Nina Qız Məktəbini bitirən qızların siyahısı “Qafqaz” qəzetində dərc olunduqdan sonra Hənifə xanım Abayevanın adını burada görən Həsən bəy Zərdabi təhsilli bir qızla ailə qurmaq istəyi ilə dərhal Tiflisə yola düşür. Hənifə xanımla tanışlıqdan sonra onunla həmfikir olduğunu başa düşən Həsən bəy onunla birgə həyat yoluna çıxmağa qərar verir.
İbrahim ağa Vəkilov 1853-cü il mayın 7-də keçmiş Yelizavetpol quberniyası Qazax qəzasının Qırax Salahlı kəndində anadan olmuşdur. Atası Paşa ağa 1864-cü ildə vəfat etmişdir. İbrahim ağa Vəkilov 1866-cı il sentyabrın 6-da Tiflisdəki üçüncü Mejavoy Hərbi gimnaziyasına daxil olur. Orta məktəb həcmində təhsil verən bu məktəbdə doqquz il oxuduqdan sonra həmyerlisi Mirzə Hüseyn əfəndi Qayıbzadənin məsləhətilə İbrahim ağa Vəkilov Peterburqdakı hərbi topoqrafiya məktəbinə daxil olur. 1879-cu ildə İbrahim ağa Vəkilov həmin məktəbi müvəffəqiyyətlə bitirib, praporşik rütbəsi alır. Qulluq üçün Tiflisə göndərilən gənc zabit bir müddət Qafqaz hərbi dairəsinin topoqrafiya qərargahı şöbəsində çalışır.
Faşist Almaniyası 1939-cu il sentyabrın 1-də Polşaya hücum etdi. Bir gün sonra İngiltərə və Fransa hökumətləri Almaniyaya müharibə elan etdilər. İkinci dünya müharibəsi başlandı. Almaniya Sovet İttifaqı ilə 1939-cu il 23 avqust tarixli müqaviləni pozaraq 1941-ci il iyunun 22-də SSRİ-yə hücum etdi. “Barbarossa planı” na görə, alman ordusu qışa qədər Arxangelsk-Həştərxan xəttinə çıxmalı idi. Azərbaycan Almaniyanın işğalçılıq planında xüsusi yer tuturdu. Onun sərvətləri, strateji və geosiyasi mövqeyi faşistlərın diqqətini cəlb edirdi. Almaniya Bakı neftindən istifadə etməklə bütün Şərqi istila edəcəyinə böyük ümidlər bəsləyirdi.