Tarixdən səhifələr

Beynəlxalq İşıq Günü

Beynəlxalq İşıq Günü

16 May Beynəlxalq İşıq Günü UNESCO tərəfindən 2017-ci ilin noyabr ayında təsis edilib. Beynəlxalq İşıq Günü hər il UNESCO-nun Fundamental Elmlər üzrə Beynəlxalq Proqramı çərçivəsində Rəhbər Komitə tərəfindən keçirilir. Buna səbəb 2015-ci ildə UNESCO-nun təşəbbüsü ilə Beynəlxalq işıq və işıqlandırma texnologiyaları ilinin keçirilməsi olub. Həmin il 147 ölkə işığın elmdə, mədəniyyətdə, incəsənətdə, tibbdə, həmçinin insanın gündəlik həyatında roluna həsr olunmuş 13 mindən artıq tədbir keçirib. 16 may tarixi, fizik və mühəndis Teodor Mayman tərəfindən 1960-cı ildə dünyada ilk dəfə lazerin nümayiş etdirildiyi günə uyğun olaraq seçilmişdir.

İşıq insan fəaliyyətində mərkəzi rol oynayır. Elektrik ixtirası müxtəlif dövrlərdə müxtəlif alimlər tərəfindən zamanla kəşf edilərək indiki halına gəlib çıxmışdır. İşığın kəşfi perspektivli alternativ enerji mənbələrinə, xəstəliklərin diaqnozu və müalicəsi üçün texnologiyada əhəmiyyətli tibbi irəliləyişlərə, yüksək sürətli internetin yaradılmasına və cəmiyyətdə inqilab edən və kainat haqqında anlayışımızı formalaşdıran bir çox başqa kəşflərə gətirib çıxarmışdır. İbn əl-Heysəmin 1015-ci ildə nəşr olunan Kitab əl-Mənazir (Optika Kitabı) əsərindən başlayaraq, 20-ci əsrin əvvəllərində Eynşteynin zaman və işıq qavrayışımızı dəyişdirən ixtiraları daxil olmaqla, işığın xüsusiyyətlərinə dair əsrlər boyu aparılan fundamental tədqiqatlar zamanı bu texnologiyalar işlənib hazırlanmışdır. XVI əsrin sonlarına yaxın ingilis alim Vilyam Gilbert statik elektriklə maqnetizm arasındakı əlaqəni araşdıraraq elektrik yükünün çəkisini hesablamışdır. Onu elektrik mühəndisliyinin və ya elektrik və maqnetizmin atası adlandırırlar.Elektrik ixtirasında ən çox xatırlanan ad Benjamin Franklinin 1752 -ci ildəki təcrübəsidir. Franklin ildırım ötürücüsü, küçə fənərləri üçün lampa, qənaətcil soba kəşf edib, Holfstrim adlı isti okean cərəyanının tədqiqatını həyata keçirmişdir. Elektrik cərəyanını isə, italyan fizik Alessandro Volt 1800 - cü ildə ixtira etmişdir. O, mənfi və müsbət yüklü bağlayıcıları birləşdirərək elektrik yükünü onların üzərindən gərginliyi keçirirərək ilk elektrik cərəyanını alır və ilk elektrik batareyasını ixtira edir. XX əsrin əvvəlində serb əsilli amerikalı mühəndis Nikola Tesla elektrikin yayılmasına böyük töhvə vermişdir. O, Tomas Edison ilə birgə çalışaraq elektromaqnetizm sahəsində bir çox inqilabi yeniliklərə imza atmışdır.

Bu günün beynəlxalq səviyyədə keçirilməsi cəmiyyətin müxtəlif təbəqələrinin elm, texnologiya, incəsənət və mədəniyyət sahəsində dünyanın hər bir yerindən insanların məqsədlərinə nail olmaq üçün tədbirlərdə iştirak etmək və yeni texnologiyalarını nümayiş etdirmək imkanı yaradır. Bu günün təsis edilməsi işıq sahəsində yeni texnologiyaların yaradılması və tətbiqi yolu ilə enerji səmərəliliyi məsələsini həll etməklə yaşadığımız planeti qorumaq məqsədi daşıyır. Dünyada elektrik enerjisinə çıxışı olmayan 750 milyon insan var və 2 milyard insan təmiz qidadan məhrumdur. Bu məqsədlə Azərbaycan Dövləti bir çox beynəlxalq tədbirlərin keçirilməsində ev sahibliyi etmiş və dünya dövlətlərinə mühim töhfələr vermişdir. Azərbaycan “Yaşıl enerji”, “Cop 29”, “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələrini həyata keçirərək enerji, su və qida sistemlərinin transformasiyasında əməkdaşlığın gücünü nümayiş etdirərək qlobal öhdəlikləri öz üzərinə götürən qabaqçıl dövlətlər sırasında yer almışdır. Bütün bu tədbir və layihələr Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü ildə elan etdiyi “Yaşıl dünya naminə həmrəylik ili”nə uyğun atılan addımlar hesabına ərsəyə gəlmişdir. İşıq texnologiyalarının inkişafı və ölkəmizin həyata keçirdiyi bu geniş miqyaslı layihələr həyat keyfiyyətinin yüksəldilməsinə, ərzaq çatışmazlığı və orqanik kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin genişləndirilməsinə, qlobal iqlim dəyişmələrinə təsir göstərən amillərin minimuma endirilməsinə, alternativ enerji mənbələrinin tətbiqinin genişləndirilməsinə xidmət edir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Tesla, Nikola. Mən işığın parçasıyam/N. Tesla; naşir M. Xan ; dizayner T. Fərzi. - Bakı: Mücrü, 2023. - 58 s.
  2. Tesla, Nikola. İcadları və elmi ixtiraları/N. Tesla ; tərc. R. Məmmədova ; red. İ. Musalı ; dizayn R. Alışbəyli. - Bakı: Qanun, 2020. - 23 s.
  3. Karintsev, N. A. Bir şəxsin tarixçeyi-həyatı: Tomas Alva Edison: [həyat və fəaliyyəti] /N. Karintsev; mütərcimi: S. Xülusi. - Bakı: Bakı fəhləsi, 1923. - 151 s.