İrəvanın siyasi mərkəz kimi Ermənistana güzəşt edilməsi
İrəvan şəhəri tarixi boyunca Qafqazın ən qədim mədəniyyət mərkəzlərindən biri olmuş və əhalisinin əsas hissəsini azərbaycanlılar təşkil etmişdir. XVIII əsrin sonları və XIX əsrin əvvəllərində İrəvan xanlığı Osmanlı və Qacar imperiyaları arasında strateji mövqeyə malik idi. 1828-ci ildə Rusiya-İran müharibəsi nəticəsində bağlanmış Türkmənçay müqaviləsi ilə İrəvan xanlığı Rusiya imperiyasının tərkibinə qatıldı.
Rusiyanın Qafqaz siyasəti çərçivəsində, xüsusilə 1828-1830-cu illərdə, İran və Osmanlı torpaqlarından on minlərlə erməni ailəsi İrəvan və ətraf bölgələrə köçürüldü. Bu demoqrafik dəyişikliklər nəticəsində XIX əsrin sonlarına doğru İrəvan şəhərində və quberniyasında erməni əhalinin sayı artmağa başladı. Lakin 1917-ci ilə qədər belə İrəvan şəhərinin özündə əhalinin əhəmiyyətli hissəsi azərbaycanlılardan ibarət idi.
1918-ci il mayın 26-da Zaqafqaziya Seymi özünü buraxmış və Gürcüstan müstəqilliyini elan etmişdi. Həmin gün Seymin erməni fraksiyası İrəvan şəhərinin ermənilərə paytaxt kimi verilməsi üçün müsəlman fraksiyasına müraciət etmişdi. Çünki müstəqillik aktının elan olunması üçün Ermənistanın paytaxtı yox idi. Mayın 27-də keçirilən Müsəlman Milli Şurasının iclasında Nəsib bəy Usubbəyov bildirir ki, Batum konfransında təmsil olunan Türkiyə nümayəndə heyətinin qənaəti belədir ki, Cənubi Qafqaz müstəqilliyini qorumalıdır, onun birliyinin və həmrəyliyinin qorunması üçün ermənilərə bir qədər torpaq güzəşt olunmalıdı. Mayın 28-də Azərbaycanın və Ermənistanın müstəqilliyi elan edilir.
Mayın 29-da Müsəlman Milli Şurasının iclasında baş nazir Fətəli xan Xoyski çıxış edərək Erməni Milli şurasının nümayəndələri ilə iki respublika arasında sərhədlər məsələsi ilə bağlı apardığı danışıqlar haqqında məlumat verir. F. Xoyski bildirir ki, ermənilərə siyasi mərkəz lazımdır, lakin Aleksndropolun (Gümrünün) Türkiyənin əlinə keçməsindən sonra belə mərkəz yalnız İrəvan ola bilər. İclas İrəvanın siyasi mərkəz kimi Ermənistana güzəşt edilməsini tarixi zərurət və labüd bədbəxtlik kimi qiymətləndirir. İclasda iştirak edən 28 nəfər Milli Şura üzvündən 16 nəfər İrəvanın ermənilərə güzəştə gedilməsinə "hə", bir nəfər "yox" deyir, üç nəfər isə bitərəf qalır. Lakin İrəvan Müsəlman Milli Şurası bu güzəştə dərhal öz etirazını bildirmişdi. İyunun 1-də keçirilən Milli Şuranın iclasında Şuranın İrəvandan olan üzvləri Mir Hidayət Seyidov, Bağır Rzayev və Nəriman bəy Nərimanbəyov İrəvanın Ermənistana güzəşt edilməsi haqqında qərara yazılı şəkildə etirazlarını bildirsələr də, nəticəsi olmur.
1918-ci il iyunun 4-də Türkiyə ilə Ermənistan arasında Batumda sülh və dostluq haqqında müqavilə imzalanır. Bu müqaviləyə əsasən Ermənistan Respublikasının ərazisi təqribən 9.5 min kv.verst, əhalisi isə 321 min nəfər (o cümlədən 230 min erməni, 80 min müsəlman, 5 min yezidi kürdləri, 6 min digər millətlər) təşkil edirdi. Bu respublikanın ərazisinə Novo-Bəyazid qəzası, İrəvan qəzasının beşdə üçü, Eçmiədzin qəzasının dörddə biri, Aleksandropol qəzasının dörddə biri daxil idi. İrəvan şəhərinin Ermənistana güzəşt edilməsinə baxmayaraq erməni silahlı dəstələri ətraf bölgələrin azərbaycanlı yaşayış məntəqələrini silah gücünə ələ keçirməklə respublikanın ərazisini genişləndirmək yolunu tutmuşdular.
Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı ermənilərə verməsi siyasi və tarixi baxımdan olduqca çətin, lakin dövrün geosiyasi reallıqları fonunda zəruri hesab olunan bir qərar idi. Bu addım AXC-nin beynəlxalq səviyyədə tanınmasına, dövlətin qurulmasına və regionda müvəqqəti sabitliyin təmin edilməsinə xidmət etsə də, eyni zamanda Azərbaycan xalqının tarixi və mədəni mirasının böyük bir hissəsinin itirilməsinə gətirib çıxardı. Bu gün də bu qərar Azərbaycan tarixində ən çox müzakirə olunan və dərindən təhlil olunan hadisələrdən biri olaraq qalır.
Tövsiyə edilən ədəbiyyat:
- İrəvan xanlığı : Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi: monoqrafiya / Y. M. Mahmudov [et al.] ; elmi red. Y. M. Mahmudov ; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu, Regionların İnkişafı İctimai Birliyi. - Bakı : Azərbaycan nəşriyyatı, 2010. - 616 s.
- İrəvan xanlığının tarixi = История Иреванского ханства = History of the Irevan Khanate / tərt.-müəl. Z. Hacıyeva. - Bakı : n. y., 2013. - 105 s.
- Mustafa, Nazim. İrəvan quberniyasında azərbaycanlıların soyqırımı: 1918-1920 / N. Mustafa; layihənin rəh., ön sözün müəl. Y. M. Mahmudov; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu.- Bakı: Elm, 2017.- 328 s.
- Nəcəfli, Güntəkin Cəmil qızı. Şərqi Anadolu, Naxçıvan və İrəvan bölgələrində ermənilərin türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımlar: 1918-1920 / G. C. Nəcəfli; layihənin rəh., ön sözün müəl. Y. Mahmudov ; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu.- Bakı: Elm, 2017.- 248 s.
- The Iravan Khanate : the Russian occupation and the relocation of Armenians to the lands of North Azerbaijan / Y. M. Mahmudov [et al.] ; trans. B. Hajiyev ; ed.: Y. M. Mahmudov, T. Mustafazadeh ; Institute of History named after Abbasgulu Agha Bakikhanov of the ANAS. - Baku : Azerbaijan, 2010. - 608 p.