Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabir
Mirzə Ələkbər Sabir (Ələkbər Zeynalabdin oğlu Tahirzadə) 1862-ci il mayın 30-da Azərbaycanın Şamaxı şəhərində anadan olmuşdur. Sabir səkkiz yaşına çatanda atası onu mollaxanaya qoymuşdu. Mollaxanada o ərəb, fars dillərini öyrənib, Şərq ədəbiyyatı nümunələri ilə tanış olmaq imkanı qazanıb.12 yaşına qədər Sabir mollaxanada oxumuş, sonra məşhur şair Seyid Əzim Şirvaninin açdığı yeni üsullu məktəbə keçmişdi. Bu məktəb onun üçün faydalı olmuş, xüsüsilə biliyinin və şairlik istedadının inkişafına kömək etmişdir.
Lakin iki il sonra atası Sabiri təhsildən ayırıb öz dükanında köməkçi işlədir. Ancaq elmə və ədəbiyyata həvəsi sönməyən gənc yenə oxuyub yazmağa davam edirdi.
1885-ci idə Sabir səyahətə çıxıb, Orta Asiyaya, oradan da İrana gedir. O, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Xorasan və başqa şəhərləri gəzir. İlk səfərindən qayıdandan sonra 1887-ci ildə o, qohumlarından olan Büllurnisə adlı qızla evlənir. On beş il ərzində onun 8 qızı, bir oğlu dünyaya gəlmişdir. Belə böyük ailə sahibi olmaq Sabirin vəziyyətini olduqca çətinləşdirmişdi. Başqa bir sənəti olmayan şair ailəsini dolandırmaq üçün sabun bişirib satır, ailəsini çox çətinliklə dolandırırdı. Buna baxmayaraq o, yenə dövrünün qabaqcıl ziyalıları ilə əlaqə saxlayır, bədii yaradıcılıqla məşğul olurdu.
XIX əsrin sonu, XX əsrin ilk illərində ağır ailə qayğısı çəkən Sabir şeirdən bir qədər uzaqlaşsa da, tamam ayrılmamışdı. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhətin bu zaman ona mənəvi cəhətdən böyük köməyi dəymişdi. Onlar boş vaxtlarında Şamaxının o zamankı ziyalılarından Ağəli Bəy Nasəh və Məhəmməd Tərrahla kiçik bir ədəbi məclis düzəldib, axşamlar klassik şairlərin və ya özlərinin şeirlərini oxuyub təhlil və müzakirə edirdilər.
XX əsrin əvvəllərindən başlayaraq Sabirin şeirləri mətbuat səhifələrində görünür. 1903-cü ildə “Şərqi-Rus” qəzetində onun şeiri çap olunur. Bir qədər sonra isə o, “Həyat” qəzetində şeir çap etdirir. 1906-cı ildə “Molla Nəsrəddin” jurnalını öz arzularına müvafiq həqiqi bir xalq jurnalı kimi qarşılayıb onun ən sevimli şairi, ən fəal müəlliflərindən biri oldu. Bu zamandan C.Məmmədquluzadə ilə Sabir arasında qırılmaz dostluq münasibətləri yarandı. Hər iki sənətkar xalqın zalım ağalara, yaltaq ruhanilərə, satqın ziyalılara sarsıdıcı zərbələr vururdu.
Bütün bunların nəticəsi olaraq Sabir özünə çoxlu dost qazandığı kimi, düşmən də qazanmışdı. Şeirlərini gizli imzalarla yazmasına baxmayaraq, istər Şamaxıda və Bakıda, istərsə də Azərbaycanın başqa yerlərində və İranda bir çox irticaçılar şairin əsərlərini pisləyir, onun yazdığını oxuyanları kafir elan edirdilər. Hətta bəzən ruhanilər Sabirin ölümünə fitva verir, varlılar ona hədələyici məktublar göndərirdilər.
1907-ci ilin əvvəllərində Sabir sabun bişirib satmaqdan əl çəkib, mətbuat və maarif sahəsində çalışmaq, şeir yaradıcılığını daha müntəzəm davam etdirmək qərarına gəlir. O, Bakıya gəlib bir müddət “İrşad” qəzetinin redaksiyasında korrektor işləyir və müəllimlik imtiyazı əldə etmək üçün imtahan verməyə hazırlaşır.
1908-ci il aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan verən şair mayın 7-də Tiflisə gedib, Qafqaz şeyxülislamı idarəsindən ana dili və şəriət müəllimi diplomu alır. Bir müddət şair Şamaxı məktəblərindən birində köməkçi müəllim kimi dərs deyir. Müəllim yoldaşları onun dərin bilik və pedaqoji ustalıqla verdiyi dərsləri çox bəyənirlər. Həmin ilin sentyabr ayında Sabir çoxdan arzuladığı “Ümid” məktəbini açmağa müvəffəq olur. Bu məktəbdə 60-a qədər şagird oxuyurdu. Yeni üsülda olan başqa məktəblərdəki kimi burada da şagirdlər skamyada oturur, əyani vəsaitlərdən istifadə edir, ekskursiyaya çıxırdılar. Məktəbdə ana dili, fars dili, hesab, coğrafiya və təbiətə dair məlumat verilir, Quran və şəriət dərsləri tədris edilirdi.
1910-cu ilin əvvəllərində Sabir Bakıya işləməyə gəlir. Əvvəlcə “Zənbur” jurnalının redaksiyasında çalışır. Az sonra Balaxanı məktəbində böyük həvəslə dərs deməyə başlayır. Müəllimliyi ilə bərabər, şair Balaxanı neft mədənlərində işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq, onların açdıqları “Nur” kitabxanasının fəal üzvü olur. 1910-cu ilin yazından Sabir Bakıda çıxan “Günəş” və “Həqiqət” qəzetlərinin redaksiyasında işləyir. “Günəş” qəzeti hər həftənin cümə günü “Palanduz” sərlövhəsi ilə gülüş səhifəsi buraxırdı. Sabir bu səhifədə “Nizədar” və “Çuvalduz” imzaları ilə müntəzəm surətdə ifşaçı əsərlər çap etdirir. Şair eyni zamanda “Molla Nəsrəddin”ə də yazmaqda davam edirdi.
Aylarla ehtiyac içində, işsiz, əzab-əziyyətlə dolanan böyük şair 1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulub, Şamaxıya qayıdır. 1911-ci ilin may ayında o, müalicə üçün Tiflisə gedib, dostu C.Məmmədquluzadənin evində qalır. Xəstəliyinin getdikcə şiddətləndiyinə baxmayaraq, Sabir yenə şeir yazmağa davam edir, yeni-yeni taziyanələr üzərində işləyir, “Molla Nəsrəddin” jurnalının redaksiya işlərinə yaxından kömək edir. İyun ayında həkimlər şairə cərrahiyə əməliyyatı aparmağı təklif edirlər. Lakin Sabir buna razı olmur. O, Şamaxıya qayıdır.
Xəstəliyinin çox şiddətləndiyini və ona başqa bir əlac olmayacağını görən şair cərrahiyə əməlliyatına razı olub, 1911-ci iyulun 8-də Bakıya gəlir. Lakin artıq həkimlər cərrahiyənin də heç bir fayda verməyəcəyini söyləyərək, ona Şamaxıya qayıtmağı məsləhət görürlər.
1911-ci il iyulun 12-də Mirzə Ələkbər Sabir vəfat edir. Şairin cənazəsi Şamaxıda “Yeddi günbəz qəbiristanı”nda dəfn olunur.
Mirzə Ələkbər Sabirin vəfatından bir il sonra, 1912-ci ildə onun şeirləri “Hophopnamə” adı ilə çap olundu. Oxucular kitabı hərarətlə qarşıladılar. İki il sonra xalqın ianəsi ilə “Hophopnamə”nin ikinci, daha mükəmməl nəşri buraxıldı.
Tövsiyə edilən ədəbiyyat:
- Bayramoğlu, Alxan. Mirzə Ələkbər Sabir : həyatı və əsərləri / A. Bayramoğlu ; elmi red. Ə. M. Mirəhmədov ; red. X. Öztürk. - Bakı : Qismət, 2003. - 320 s.
- Sabir, Mirzə Ələkbər. Seçilmiş əsərləri : izahlar və şərhlərlə / M. Ə. Sabir ; tərt., ön sözün müəl. X. H. Yusifli ; Azərbaycan Mədəniyyətinin Dostları Fondu. - Bakı : OKA Ofset, 2007. - 420 s.
- M.Ə. Sabir haqqında tədqiqlər : elmi məqalələr toplusu / B. Ə. Nəbiyev, Mir Cəlal, Q. Q. Xəlilov, Z. Ş. Əsgərli ; tərt.-red. A. Bayramoğlu ; AMEA Nizami adına Ədəbiyyat İnstitutu. - Bakı : CBS, 2012. - 456 s.
- Eminalıyev, Eyvaz Məhəmmədəli oğlu. Mirzə Ələkbər Sabir : həyatı və sənəti: monoqrafiya / E. M. Eminalıyev ; elmi red. B. Ə. Nəbiyev ; Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası, Azərbaycan Müəllimlər İnstitutu, Şamaxı filialı. - Bakı : CBS, 2012. - 176 s.
- Sabir, Mirzə Ələkbər. Hophopnamə / M. Ə. Sabir. - Bakı : Şərq-Qərb, 1992. - 79 с.