Görkəmli nasir və dramaturq İlyas Əfəndiyev
İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il mayın 28-də Füzuli şəhərində dünyaya göz açmışdır. İlyas Əfəndiyevin bir gənc kimi formalaşmasında, onda kitaba, ədəbiyyata, ümumiyyətlə, mütaliəyə maraq oyanmasında anası Bilqeyis xanımın əvəzsiz xidmətləri var. O, ömür-gün yoldaşının vəfatından sonra övladına müəllim, yoldaş, həm də ata əvəzi olub.
Gələcəyin məşhur yazıçısı hələ uşaq yaşlarından zəhmətə alışıb, mütaliəyə böyük maraq göstərmişdir. 1921-ci ildə birinci sinfə gedən İlyas 1930-cu ildə pedaqoji təmayüllü iki dərəcəli orta məktəbi əla qiymətlərlə bitirib. O, 1933-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsinin əyani şöbəsinə daxil olub, 1938-ci ildə bu ali təhsil ocağının coğrafiya fakültəsinin qiyabi şöbəsini bitirib. Həmin ilin axırlarından İlyas Əfəndiyev Bakıda "Yeni yol", "Kommunist" və "Ədəbiyyat qəzeti" redaksiyalarında işləyib. Onun ilk mətbu əsəri olan "Buruqlar arasında" oçerki 1938-ci ilin noyabrında, eləcə də "Berlində bir gecə" adlı ilk hekayəsi "Ədəbiyyat qəzeti"nin 1939-cu il 26 yanvar tarixli nömrəsində dərc olunub.
İlyas Əfəndiyevin 1939-cu ildə nəşr edilmiş "Kənddən məktublar" kitabı onu oxuculara tanıtdırıb.
O, 1943-cü ildə Mehdi Hüseynlə birlikdə ilk dram əsəri olan "İntizar" pyesini yazıb və bununla da yazıçının Azərbaycan milli teatrı ilə 50 ildən çox davam etmiş sıx yaradıcılıq əməkdaşlığının əsası qoyulub. Ötən əsrin 40-cı illərinin sonunda o, artıq özünü nasir və dramaturq kimi tanıtmış, əsərləri haqqında mətbuatda yazılar dərc olunmuşdur.
XX əsr Azərbaycan ədəbiyyatının əvəzolunmaz simalarından biri kimi tarixə düşmüş İlyas Əfəndiyevin zəngin nəsrinə “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” və digər roman və povestləri, dramaturgiyasına “İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Mənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, “Mahnı dağlarda qaldı”, “Bağlardan gələn səs” və başqaları daxildir. O, pyesləri ilə teatr sənətimizdə yeni bir mərhələ açmış, “İlyas Əfəndiyev teatrı”nı yaratmışdır.
Azərbaycan teatr poetikası bədii-estetik dəyərini geniş mənada "İlyas Əfəndiyev teatrı"nda tapıb. Ədib özünün "Mahnı dağlarda qaldı", "Xurşidbanu Natəvan", "Şeyx Məhəmməd Xiyabani", "Hökmdar və qızı" və digər tarixi dramları ilə xalqımızın milli azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizənin, istiqlal məfkurəsinin, azadlıq hərəkatının, milli birliyin və müstəqilliyin bədii tərənnümçüsünə çevrilib.
Altmış ildən çox yaradıcılıq yolu keçmiş görkəmli sənətkar 90-cı illərdə də məhsuldar bir yazıçı kimi yazıb-yaradıb, sovet rejimi illərində, partiya qadağaları dövründə deyə və yaza bilmədiyi bir sıra mövzuları yeni zamanın kontekstində oxuculara təqdim edib. O, "Hacı Axundun cənnət bağı necə oldu" hekayəsini, "Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı" povestini dərc etdirib, "Tənha iydə ağacı", "Dəlilər və ağıllılar" "Hökmdar və qızı" və digər pyeslərini tamaşaya qoydurub, bir sıra yeni kitablarını nəşr etdirib.
1990-cı ildə İstanbul və Ankara səhnələrində "Bizim qəribə taleyimiz" və "Sevgililərin cəhənnəmdə vüsalı" müvəffəqiyyətlə oynanılıb, bu əsərlər haqqında Türkiyə mətbuatı onlarla məqalə dərc edib.
Yaradıcılığı boyu hakim ideologiyanı tərənnüm etməyən ədib o dövrdə ədəbiyyatda yasaq olan Cənubi Azərbaycan və mühacirət mövzularında əsərlər yazıb, "Tənha iydə ağacı" pyesi ilə ilk dəfə mühacirət mövzusunu ədəbiyyata gətirib.
Sənətkarın yaradıcılığında Qarabağ mövzusu da əsas yer tutub. O, namərd qonşularımızın ötən əsrin 90-cı illərindən başlayan xəyanətkarlıqlarını, işğalçılıq hərəkətlərini dərin narahatlıq, vətəndaş yanğısı ilə izləyib, əsərlərində Qarabağın qədim tarixini əks etdirib.
Əsərlərinin əksəriyyətini sovet dövründə yazmış İlyas Əfəndiyev sadə insanların həyatını, onların məhəbbətini, arzu və istəklərini böyük ustalıqla qələmə alıb. Buna görə də onun əsərləri indi də coğrafi sərhədləri adlayaraq, yeni-yeni oxucu auditoriyalarının sevgisini qazanmışdır.
Zəngin yaradıcılıq yolu keçmiş böyük sənətkar İlyas Əfəndiyev 1996-cı il oktyabrın 3-də Bakı şəhərində vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur.
Tövsiyə edilən ədəbiyyat:
- İlyas Əfəndiyev 100: (məqalələr toplusu) /elmi red. Ş. Alışanlı. - Bakı: Elm, 2018. - 234 s.
- İlyas Əfəndiyev. Ömür davam edir: Ilyas Əfəndiyev haqqında xatirə kitabı /Azərb. Resp. Mədəniyyət və Turizm Naz.; tərt. ed., red. və ön söz müəl. Elçin. - Bakı: Təhsil, 2014. - 598 s.
- Xanoğlan, Vəfa. İlyas Əfəndiyev və Azərbaycan mədəniyyəti: [monoqrafiya] /V. Xanoğlan ; elmi red. A. Babayev. - Bakı: Elm, 2013. - 334 s.
- Seyidov, Yəhya Qasım oğlu. İlyas Əfəndiyev: həyatı və yaradıcılığı haqqında müxtəsər oçerk /Y. Q. Seyidov ; red. Z. Qiyasbəyli. - Bakı: Azərnəşr, 1975. - 234 s.